Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basqaldan Ermənistana və dünyaya verilən mesajlar

Qarabağla bağlı hər hansı bir statusdan, yaxud xüsusi imtiyazdan söhbət gedə bilməz

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri daxili və xarici, regional və qlobal məsələləri ehtiva etməklə, bir neçə aspektdən olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, tarixi məkan olan İsmayıllı rayonunun Basqal qəsəbəsindən səslənən mesajlar, baş verən qlobal proseslər fonunda hadisələrə ölkəmizin münasibəti indiki və gələcək addımlarımızın nədən ibarət olacağı baxımından bir növ yol xəritəsi idi. Hər şeydən öncə onu qeyd edək ki, dövlət başçımızın regionlara reallaşdırılan hər bir səfərinin mərkəzində bölgələrin inkişaf dinamikasını paytaxt Bakı ilə uzlaşdırmaq dayanır. Bu baxımdan bölgələrdə böyük infrastruktur layihələrindən tutmuş qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı zəruri və böyük layihələr icra edilir.

Kənd və rayon yolları yenidən qurulur, region əhalisinin rahatlı­ğının təmin edilməsi baxımından dövlətimiz bütün resurslarını səfərbər edir. Bir neçə faktı demək kifayətdir ki, görülən işlərin miqyası­nın və kəmiyyətinin keyfiyyətlə düz mütənasib şəkildə icra edildiyinin şahidi olasan. Məsələn, İsmayıllının dağlıq rayon olmasına baxmayaraq, bu rayonda qazlaşdırma 80 faizdən artıqdır. Məktəb tikintisi, tarixi-mədəni abidələrin restavrasiyası, qarşıya qoyulmuş prioritet vəzifə olaraq bölgənin turizm potensialının üzə çıxarılması və turizmin inkişafı­nın son dərəcə uğurla icra edilməsi, yerli əhalinin məşğulluğunun artırılması baxımından iş yerlərinin yaradılması istiqamətində konkret, ən əsası isə nəticəyönümlü addım­ların atılması görülən işlərin sadəcə bir neçəsidir. Təbii ki, bu məsələlər cənab Prezidentin daxili siyasətinin uğurlu icrasının İsmayıllı rayonu üzərindən işıqlandırılmasıdır. Bu siyasətin mərkəzinə Azərbaycan vətəndaşı amilini yerləşdirən dövlət başçımız respublikamızın hər bir guşəsinin abadlaşdırılması işinə xüsusi həssaslıqla yanaşır.

Xalqımızın daxildə firavan həyat tərzinin təmin edilməsi məsələsi milli maraqlarımızın beynəlxalq platformada davamıdır. Bu ba­xımdan İsmayıllıdan Ermənistana, regiona və dünyaya verilən mesajlar olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın vurğuladığı kimi, bölgədə və dünyada cərəyan edən proseslər hər kəsə məlumdur. Hadisələrin gedişi göstərir ki, artıq Ermənistanın xeyrinə heç nə baş vermir. Ümid etdikləri zaman maşınıdırsa, bu da onların əleyhinə işləyir. Dövlət başçımızın çıxışın­dan aydın oldu ki, ermənilərin bəzi vasitələrlə Azərbaycandan müxtəlif xahişləri olur. Ermənistan əsassız ərazi iddiasından əl çəkməlidir, əl çəkməzsə, bizim də tarixi, siyasi, hüquqi baxımdan tam əsaslarımız mövcuddur ki, Azərbaycan da Ermənistana qarşı ərazi iddiası irəli sürsün.

Qırx dörd günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əiyevin xalqa müraciətlərindən birində də ifadə etdiyi kimi: “Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə”. “Qisas” əməliyyatı bir daha göstərdi ki, Azərbaycanı haqlı mövqeyindən bir addım belə kənara çəkindirmək mümkün deyil. Nə Ermənistanın yalvarışları, nə sülhü sabotaj etmək cəhdləri, nə də ki hansısa dairələrin planları qarşımızda sədd qura bilər. Əksinə, Ermənistan düşdü­yü quyunu daha da dərinləşdirir. Hansı dairədə, hansı mövqedə dayanmasından asılı olmayaraq, Ermənistan ona-buna yalvarmaqla, əslində, özünü hər baxımdan daha gülünc vəziyyətə salır. Erməni silahlı birləşmələri bölgədən çıxmalıdır. Dövlət başçımız qeyd etdi ki, “nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, apar­mayın.” Ermənilərə aşılanacaq ən düzgün yanaşma bu olmalıdır. İki il əvvəl bunun tam əksinə olan hadisələrin şahidi olurduqsa, burada da əsaslı dönüş yarada bilmişiksə, bu, Azərbaycanın qətiyyətinin, siyasi iradəsinin, diplomatik uğurunun nəticəsidir.

Bu qədər tarixi düşmənçilikdən sonra sülhə dəvət də asan məsələ deyil. Bunun üçün dövlət başçısının siyasi iradəsi, xalqın böyüklüyü, bu xalqı təmsil edən liderin qətiyyəti, praqmatik siyasəti, uzagörənliyi olmalıdır və qeyd etməliyik bu keyfiyyətlər həm xalqımızda, həm dövlət başçımızda var. Xalqımızı ən mükəmməl səviyyədə təmsil edən ölkəmizin lideri cənab İlham Əliyev olduqca məsuliyyətli, nəcib addımlar atır, bölgədə qalan erməniləri dinc yolla bizim vətəndaşlarımız olmağa dəvət edir.

Ümumiyyətlə, sabitlik və sülhün başlanmasının bir neçə mərhələsi mövcuddur. Yaxınlaşma, ilk növbədə, qərar qəbul edənlər, diplomatlar, dövlət idarəçiləri və barış axtarışı ilə məşğul olanlar­dan asılıdır. Sonraki mərhələ isə barışıqla məşğul olan dövlətlər arasında ictimai inteqrasiyanın dərinləşməsini nəzərdə tutur. Bu ba­xımdan dövlətimizin başçısı bildirir ki, bölgədə qalan ermənilər inteqra­siya edərək, bizim vətəndaşlarımız ola bilərlər. Amma hər hansı bir statusdan, ya xüsusi imtiyazdan söhbət belə gedə bilməz. Hər bir Azərbaycan vətəndaşı necə, onlar da elə.

Bu yaxınlaşma isə sosial bazanı daha da genişləndirə bilər. Sözügedən dövlətlər arasında müntəzəm əlaqə üst səviyyə idarəçilərdən başlayaraq, özəl sektor elitalarına, biznes icmasına və adi vətəndaşlara sirayət edir. Daha sıx əlaqələrdən faydalanan maraq qrupları iqtisadi və siyasi maneələrin daha da azaldılması üçün sərmayə qoymağa başlayırlar ki, bu da barışıq prosesinə təkan verir. Dünya siyasi tarixində də belə praktikalar kifayət qədərdir. Bu baxımdan da dövlət başçımız Zəngəzur dəhlizini “sülhün fundamental elementlərindən biri” kimi xarakterizə edir.

Etibarlı sülh mümkündür. Düşmən tərəf fikir ayrılıqlarını həll etdikdə və düşmənçiliyi, ilk növbədə, əməkdaşlıqla əvəzləsə, münaqişəni geridə qoymağa və sülhün izi­ni genişləndirməyə nail olar. Bu yanaşma ruhlandırıcı amildir və tarixin gedişatını qaraltmış dağıdıcı müharibələrə alternativin olduğunu göstərir. Eyni zamanda, sabit sülh zonaları çox nadir və kövrəkdir. Strateji təmkinlilik təcrübəsi isə düşmənçilikdən geri çəkilmək və tədricən çıxmaq üçün edilən səylərin zəruri şərtidir. Bir tərəfdə Ermənistan yol verdiyi təxribatlarla bu nadir və kövrək ipləri daha da nazildirsə, digər tərəfdə Azərbaycan siyasi iradə ortaya qoyur.

Azərbaycanın lideri qarşılıqlı razılaşmaya qapı açmaq üçün kritik diplomatik vasitə kimi göstərdiyi səylərlə xoş niyyət nümayiş etdi­rir. Ermənilər təxribat törətsələr, o zaman itirən tərəf özləri olacaq. Onlar vaxt qazanmır, sadəcə itirirlər. “Qisas” əməliyyatı effektiv oldu, Ermənistan bir daha belə vəziyyətə qədər gətirib-çıxarmalı deyil. Dövlət başçımız bir daha xüsusi həssaslıqla vurğuladı: “Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik.” Təxribat törətsələr, yenə zaman-zaman unutduqları “Dəmir yumruq” hər dəfəsində başlarına daha bərk dəyəcək, yenə ondan-bundan imdad diləyəcəklər ki, biz də şərtləri daha sərt diktə edəcəyik.

Möhtərəm Prezidentimizin vurğu­ladığı kimi, heç kim onlara inanmır, çünki tarixi, siyasi, beynəlxalq hüquq prizmasından haqsızdırlar. Erməni internet televiziya kanallarından birində də etiraf edildiyi kimi “…təkcə Ermənistanda yox, harada yaşa­masından asılı olmayaraq, “Günəş altında yer axtaran” ermənilər arasında öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın haqq işini başa düşənlərin sayı artmaqdadır”.

Şəbnəm HƏSƏNOVA,

politoloq

21 Avqust 2022 02:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə