Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xoş gördük, Müslüm!

Azərbaycan xalqı səni sevir, sən bu sevgiyə layiqsən!

 

 Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünya şöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı mərasimindən hazırlanmış telesüjetə baxarkən, yadıma düşən ilk məqam ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin görkəmli simalarına göstərdiyi qayğı – diqqət oldu. Təsadüfi deyildi ki, həmin tədbirdə də ümummilli liderimizin xidmətləri dəfələrlə və qədirşünaslıqla xatırlandı.

 

Heydər Əliyev, əslində, insan əməyinin dəyərləndirilməsinə xüsusi önəm verirdi. An­caq mədəniyyət xadimləri, incəsənət adam­ları daim göz önündə olduğuna görə bəzən belə fikir yaranırdı ki, ulu öndər mədəniyyət xadimlərinin yaradıcılığına daha çox diqqət ayırır. Bəli, mədəniyyət xadimlərinin daim o böyük dövlət xadiminin diqqət mərkəzində olması fakt idi. Ancaq Heydər Əliyev han­sısa yaradıcılıq sahəsini o birindən üstün tutmazdı.

 

Onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bütün sahələrdə çalışan, fəaliyyət göstərən soydaşlarımızla yanaşı, Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının əməyi də yüksək dəyərləndirilirdi. Onlar da keçmiş Sovet İttifaqı miqyasında ən yüksək fəxri adlara, orden və dövlət mükafatları ilə təltif olu­nurdular. Bütün bunlar, sözsüz ki, həm də bilavasitə ulu öndərin xidməti idi. Paytax­tımızın sakinləri və qonaqlarımız bu gün Bakı şəhərini gəzərkən Nəsiminin, Cəfər Cabbarlının, Fikrət Əmirovun, Rəşid Beh­budovun, Qara Qarayevin, Bülbülün və digər yaradıcı insanların heykəllərini görür. Bu şəxsiyyətlər Azərbaycan mədəniyyətini, incəsənətini dünyada bğyük uöurla təmsil etmişdlər.

“Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” – deyən Heydər Əliyev özünün müqayisəolunmaz və ölçüyəgəlməz xidmətləri ilə Azərbaycan mədəniyyət salnaməsinin hər bir səhifəsinə qızıl hərflərlə həkk olunmuşdur. Bu gün tam cəsarətlə və qətiyyətlə, demək olar ki, Azərbaycan mədəniyyətinin yüksəlişi, onun dirçəlişi, zənginləşməsi geniş miq­yasda təbliği və bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır.

Mədəniyyətimizin milli –mənəvi dəyərlərimizin və mədəniyyət incilərimizin yaşadılması və qorunması bugün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə Prezidenti tərəfindən mədəniyyətimizin inkişa­fı ilə bağlı 150-dən çox fərman və sərəncamın imzalanması bu sahəyə dövlət başçısının ali diqqətinin ideal bir nümunəsidir. Məhz Prezidentimizin çox böyük diqqəti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun rəhbəri UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və incəsənəti öz intibahının yüksək mərhələsini yaşamaq­dadır.

Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, paytaxtda dünya şöhrətli müğənni və böyük bəstəkar Müslüm Maqomayevin abidəsinin açılması Azərbaycan mədəniyyətinin tanınmış si­malarının daim dövlətin diqqət mərkəzində olduğunun növbəti nümunəsidir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev xatır­latdı ki, Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olur­du. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub: “Əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq”.

Bütün çıxış, nitq və müsahibələrində səmimiyyəti üstün tutan dövlət başçımız böyük sənətkarın abidəsinin açılışında da səmimi bir xatirə danışdı: “Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Ta­maranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyil­di, problemlər var idi, ancaq buna baxma­yaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatır­ladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müs­lümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi”.

Xatırladaq ki, Müslüm Maqomaye­vin öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar yurduna, Xəzər dənizinə həsr edilmiş mahnıları nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq.

Dövlət başçımız xatırlatdı ki, bulvar Ba­kının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır.

Bundan başqa, dövlət başçımız elə həmin gün “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqo­mayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində də maraqlı məqamlarla zəngin olan çıxış edib. Prezident xatır­ladıb ki, bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində – bulvarda abidəsini açdıq: “Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevir­di və o, bu sevgiyə nə qədər layiq idi”.

... Yadımdadır, 2007-ci ilin mayında Rusiya Federasiyasının Nijni – Nov­qorod şəhərindəki diaspor fəallarımız Azərbaycan deputatlarından, mədəniyyət xadimlərindən, musiqiçilərdən və jurnalistlərdən ibarət böyük bir nümayəndə heyətini “öz şəhərlərinə” dəvət etmişdilər. “Lokomotiv” stadionunda keçirilən konsertdə tamaşaçılar o qədər də çox deyildi. Bakıdan gedən müğənnilərdən bir neçəsinin ifasından sonra həmin şəhərdə yaşayan gənc bir azərbaycanlını səhnəyə dəvət etdilər.

Sanki Müslüm Maqomayev mikrofonu götürürdü. Ağ kostyumlu, uca boylu, ya­raşıqlı saçları, auditoriyanı bir andaca ələ ala bilən ədaları, sanki stadionun bütün ərazisini görürmüş kimi baxışları olan, gur səsli gənc soydaşımız böyük ustadı Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxuyurdu. “Ey, ana yurdum Azərbaycan...” Doğrudur, ifada təqlid açıq-aydın hiss olunurdu. Ancaq Müslü­mün ifasına tamarzı olan (həmin günlər böyük müğənni səhnədən getmişdi) şəhər sakinləri bu səsi necə alqışladılarsa, stadionda sanki səs burulğanı yarandı. Bayaqdan bəri qapıları taybatay açıq olan stadiona bir neçə dəqiqədə doluşanların sayı-hesabı yox idi.

Yol yoldaşımız olan yaşlı həmkarımız dedi: Bu camaat Müslüm Maqomayevi nə qədər sevirmiş, İlahi!?

Sonra əlavə etdi: Allah o cavanı qoru­sun!

... Biz isə bu sətirlərin sonunda deyirik: Allah Müslüm Maqomayevə rəhmət eləsin!

Abidən mübarək, böyük sənətkar!

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

19 Avqust 2022 01:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Sentyabr 2022 | 00:30
Zəfərimizin musiqi salnaməsi

Köhnə versiyamızdan xəbərləri izlə