Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Öz ecazkar səsi ilə Azərbaycanı tərənnüm edən Müslüm

Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünya şöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə unudulmaz sənətkar haqqında olduqca səmimi çıxış edibdir.

Prezident İlham Əliyev çıxışında, ilk növbədə qeyd etdi ki, Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır.

Prezident İlham Əliyevin “Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır” sözləri ürəyimdən xəbər verdi. Çünki Müslüm Maqomayev mənim təkcə yeniyetməlik və gənclik illərimin deyil, bütün həyatımın böyük və əvəzolunmaz sənətkarıdır.

Müslüm Maqomayev Azərbaycanımızı sonsuz məhəbbətlə sevirdi, onu böyük şövq və coşqu ilə tərənnüm edirdi. Sənətkarın doğma yurduna olan sevgisi sonsuz olduğu qədər, xalqımızın da ona olan sevgisi tükənməzdir.

O, Xəzəri çox sevirdi. Ən məşhur mahnısını da məhz Xəzərə həsr etmişdi. O, artıq Xəzərin sahilinə, Bakının Dənizkənarı Parkına əbədi qonaq gəlib. Bu “ayrılmaz dostlar” bundan sonra hər zaman bir yerdə olacaqlar.

Sonda bu gözəl ideyanın təşəbbüskarlarını, memar və müəllifləri, bu işə diqqət və qayğı göstərən hər kəsi ürəkdən alqışlayıram. Müslüm Maqomayevin adı, şöhrəti və ölməz sənəti əbədi yaşayacaq!

Anatoli RAFAİLOV,

Milli Məclisin deputatı

19 Avqust 2022 00:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Sentyabr 2022 | 00:30
Zəfərimizin musiqi salnaməsi

Köhnə versiyamızdan xəbərləri izlə