Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ – qədim insanın təşəkkülü və mədəniyyətlərin təkamülü diyarı

Ümumdünya tarixinin dərindən və hərtərəfli öyrənilməsində Azərbaycanın Daş dövrü abidələrinin özünəməxsus sanballı yeri və rolu vardır. Başqa sözlə, əgər Azərbaycanın Daş dövrü abidələri olmasaydı, dünyanın daş dövrü abidələrindən ibarət xəritəsi xeyli dərəcədə ka­sad görünərdi. Doğrudur, uzun müddət belə hesab edirdilər ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazisində Daş dövrünə aid abidələr axtarmağa belə dəyməz. Hətta 1881-ci ildə Tiflisdə keçirilən V arxeoloji qurutayda bu barədə xüsusi qərar da qəbul olunmuşdu. Bu, əlbəttə hər şeydən əvvəl Rus imperiyasının milli ucqarlara münasibətdə yeritdiyi şovinist siyasətin təzahürü idi. Amma vaxt yetişində əlahəzrət zaman özü hər şeyi yerbəyer edir. Belə də oldu. Ötən əsrin 50-ci illərinin əvvəlində Azərbaycan SSR Elmlər Akademiyasın­da respublika ərazisində Daş dövrü abidələrinin axtarışı və öyrənilməsi məqsədi ilə xüsusi plan hazırlandı. Həmin planın icrası məqsədi ilə 1953-cü ildə SSRİ Elmlər Akademiyası Arxe­ologiya İnstitutunun əməkdaşı, Daş dövrü üzrə tanınmış alim S.N.Zamyatin Bakıya dəvət olundu.

S.N.Zamyatinin iştirakı ilə 1953-cü ilin noyabr ayında respublikanın Mərəzə, Şamaxı və Qazax rayonları ərazisində ilkin kəşfiyyat axtarışları aparılıb. Qazax rayonu ərazisində kəşfiyyat axtarışları davam etdirilərkən, Daşsalahlı kəndi yaxınlığında Daş dövrünə aid mağara-düşərgə qeydə alınıb. 1958-59-cu illərin tədqiqatları zamanı Daşsalah­lı mağara-düşərgəsində Orta Paleolit dövrünə aid tapıntılar əldə edilib. Hansı ki, bu tapıntıların texniki və tipoloji xüsusiyyətləri Daşsalahlı mağara mağara-düşərgəsində Mustye dövründə insanların yaşadığını ehtimal etməyə əsas verir. Axtarışlar da­vam etdirilərkən Qazax rayonunun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye dövrünə aid açıq düşərgə qeydə alınıb.

Zamyatinin rəhbərliyi ilə işləyən bu ekspedisiyasının Azərbaycanın qərb bölgəsindəki kəşfiyyat axtarışları 1959-cu ildə Qazax rayonunun Qazaxbəyli və Tovuz rayonunun Ağbaş­lar kəndləri ərazisində Mustye mədəniyyətinə aid yeni tapıntıların aşkar olunması ilə yekunlaşıb.

Quruçay arxeoloji mədəniyyəti. Nəhayət, 1960-cı ildə M.M.Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspe­disiyası Qarabağ ərazisində kəşfiyyat axtarışlarına start verir. İlkin axtarışlar əsasən Quruçay və Köndələnçay vadilərində və onlara yaxın ərazilərdə aparılıb. Dünyaca məşhur Azıx və Tağlar mağara düşərgələri də məhz o zaman qeydə alınıb. Xatırladaq ki, Azıx mağarası Quruçayın sol sahilində, Qarabağın səfalı və mənzərəli guşələrindən olan Tuğ çökəkliyində yerləşir. Dəniz səviyyəsindən 900, Quruçay ya­tağından 150-200 m yüksəklikdə olan bu çoxtəbəqəli Paleolit düşərgəsində Azərbaycan arxe­oloqları tərəfindən 1960-cı ildən 1975-ci ilədək intensiv axtarışlar aparılmışdır. 1976-1986-cı illərdə isə orada fasilələrlə tədqiqatlar davam etdirilib. Tədqiqatların gedişində Azıxda ümumi qa­lınlığı 13,5 m olan 10 mədəni təbəqə qeydə alınıb. Əhəmiyyətli məqamlardan biri də budur ki, dünya miqyasında öyrənilən mağara-düşərgələrindən heç birində stratiqrafik baxımdan Azıx­da olduğu kimi ardıcıllıq və varislik qeydə alınmayıb.

1968-ci ildə Azıxda V mədəni təbəqə öyrənilərkən digər maddi mədəniyyət qalıqları ilə yanaşı 350-400 min il bundan əvvəl yaşamış insana məxsus alt çənə sümüyünün bir hissəsi tapılmışdır. Professor D.Hacıyevin fikrincə, Azıxdan tapılmış insan çənəsi 350-400 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamış 18-22 yaşlı qadına məxsusdur. Azıxda işləyən kompleks arxeo­loji ekspedisiya tərəfindən orada 10000 ədəddən çox daş məmulatı və 1000000 ədəddən çox ovlan­mış heyvan sümükləri tapılmışdır.

Alimlərin fikrincə ibtidai insanların Azıx mağarasında məskunlaşması 1,2 milyon il bundan öncə baş verib. Halbuki, oradan tapılmış daş alətlərin xeyli qismi xronoloji cəhətdən daha qədim dövrlərə aid edilir. Bunu nəzərə alaraq alimlər belə hesab edirlər ki, qədim əcdadlarımız Azıxda məskunlaşmazdan çox-çox əvvəl, təqribən bir milyon il öncə yaxınlıqdakı Quruçay vadisində həyat sürmüşlər. Xa­tırladaq ki, Quruçay dərəsinə ilk insanın qədəm basmasının 2-2,5 milyon illik tarixi də məhz Azıx mağarası materialları əsasında müəyyən olunmuşdur. Azıx mağarasının ən qədim mədəni təbəqələri olan VII-X mədəni təbəqələrdən üzə çıxarılan çeşidli daş məmulatından ibarət arxeoloji materiallar Şelə qədərki dövrü əhatə edir. Özü də həmin tapıntılar bir çox xüsusiyyətlərinə görə Şelə qədərki dövrlərin daş alətlərindən müəyyən qədər fərqlənir və ayrıca bir mədəniyyətin qalıqları hesab edilə bilən kompleks təşkil edir.

1974-75-ci illərin tədqiqatları zamanı mağaranın VII-X mədəni təbəqələrindən çay daşlarından hazırlanmış çoxsaylı kobud çapma alətlər əldə olunmuşdur. Bu isə hələlik dünya arxeologiyasına məlum olmayan daha bir yeni arxeoloji mədəniyyətin – Quruçay arxeoloji mədəniyyətinin kəşfi demək idi.

Bu qədim mədəniyyətin məhz «Quruçay arxeoloji mədəniyyəti» adlandırılmasının başlıca səbəbi odur ki, onun izlərini qoruyub saxlaya bilən Azıx mağarasının özü Quruçay dərəsində yerləşir. İlk insanlar mağaraya bu dərədən köçmüş və həmin dərə onların əsas iqtisadi bazası olmuşdur. İstehsal alətləri düzəltmək üçün lazım olan xammal da mağaraya məhz Quruçaydan gətirilmişdir.

Azıx sakinləri mağaraya yığışarkən Quruçay dərəsində müxtəlif alət və silah hazırlamaq baxımından yararlı olan çay daşlarını da seçib özləri ilə oraya gətirmiş və həmin daşlardan müxtəlif alətlər düzəltmişlər. Alətlər daha çox kobud çapacaqlardan və qəlpələrdən düzəldilmiş ibtidai qazıyıcılardan ibarətdir. Maraqlıdır ki, daş məmulatı içərisində xüsusi yer tutan iri alətlər hələlik yalnız Azıxda qeydə alınmışdır. Quru­çay mədəniyyəti nümunələrinin Şel dövründən əvvəlki Çaydaş­ları mədəniyyətinə və Olduvay mədəniyyətinə yaxınlığını əsas götürən mütəxəssislər Azıxın ilk sakinlərinin avstralopiteklərdən ibarət olduğunu ehtimal edirlər. Deməli, Afrikada olduğu kimi, Azərbaycanda da 2-2,5 milyon il bundan əvvəl avstralopitek və ya homo habilis tipli insanlar yaşadığı ehtimal olunur.

Artıq yuxarıda qeyd olunduğu kimi, Azıx Paleolit düşərgəsinin ən qədim arxeoloji və paleon­toloji tapıntıları abidənin VII-X təbəqələrindən aşkar olunub. Han­sı ki, həmin təbəqələr 1974-1976, 1980-1982 və 1986-cı illərdə arxeoloji cəhətdən öyrənilmişdir. Orada 32 kvadratmetr sahədən 212 ədəd daş məmulatı, 7 ədəd heyvan sümüyü və minlərlə xırda gəmirçi sümükləri tapılmışdır.

Qeyd olunan alətlər əsasən çay daşlarının kənar hissələrindən mərkəzə doğru vurub qoparma üsulu ilə çox kobud formada hazır­lanmışdır. Belə texniki üsulla ha­zırlanmış alətlər təbəqə material­ları içərisində çoxluq təşkil edir. Bu alətlər əsasən uzunsov çaydaş­larının bir kənarını qəlpələyərək qoparmaq yolu ilə hazırlamışlar. Maraqlıdır ki, tapıntılar arasında qəlpələrdən hazırlanmış qaşov tipli alətlərə də təsadüf olunub.

Azıxın VII-X təbəqələrindən tapılmış daş məmulatı arasında ağırlığı 3-4 kq olan nəhəng kobud çapma alətlər diqqəti daha çox cəlb edir. Hələlik, Qafqaz və Yaxın Şərqin Paleolit düşərgələrində bu tip əmək alətləri qeydə alınmamış­dır. Bu səbəbdən də mütəxəssislər həmin alətləri Azıx tipli kobud çapma alətlər adlandırmağı qərara alıblar.

Bir daha qeyd edirik ki, Azıxın VII-X təbəqələrindən tapılmış daş məmulatlarının texniki-tipo­loji xüsusiyyətləri, kobud çapma alətlərin hazırlanma cəhətləri və dünyanın heç bir Paleolit abidələrində belə alətlər qeydə alınmadığı üçün həmin maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti adı verilmiş­dir. Deyilənlərdən göründüyü kimi, Azıx sakinlərinin işlətdiyi əmək alətlərinin əksəriyyəti düşərgədən kənarda hazırlanaraq oraya gətirilmişdir. Çünki düşərgənin VII-X təbəqələrindən əsasən hazır əmək alətlər tapılmış, istehsal tullantıları isə olduqca az sayda qeydə alınmışdır.

Quruçay mədəniyyəti uzun, miylon ildən çox da­vam edən bir dövrü əhatə edir. Həmin mədəniyyətin tədrici təkmilləşməsi, əsasən, Azıxın yeddinci təbəqəsində və onun üstündəki, altıncı təbəqədə daha aydın nəzərə çarpır. Altıncı təbəqədə alətlər demək olar ki, öz tərkibini birdən-birə dəyişir, köhnələrlə bərabər yeni tiplər meydana gəlir.

Maraqlı cəhətlərdən biri də istehsalın inkişafında baş verən dəyişikliyin izlənməsi ilə yanaşı, Quruçay mədəniyyətinə xas olan istehsal texnikası ənənələrinin sonrakı dövrlərdə də saxlanılma­sının müşahidə edilməsidir. Başqa sözlə, bu ənənə sonrakı dövrlərdə də davam etmişdir. Beləliklə, Qu­ruçay mədəniyyəti orada inkişaf etmiş olan sonrakı mədəniyyətin əsası olmuşdur. Ola bilsin ki, Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda Quruçay arxe­oloji mədəniyyəti Qədim paleolit mədəniyyətinin özülü olmuşdur.

Artıq yuxarıda qeyd olun­duğu kimi, 1968-ci ildə Azıxda tədqiqatlar davam etdirirlərkən Orta Aşel dövrünə aid V mədəni təbəqənin IV horizontunda bir neçə daş alətlə birlikdə insana məxsus alt çənə sümüyünün sağ tərəfi tapılıb. Çənə sümüyünün üstündə ağıl dişi bütöv, ikinci azı dişi sınıq vəziyyətdə, üçüncü azı dişinin isə kötük hissəsinin qaldığı müəyyən olunub. Tapıntı morfoloji cəhətdən pitekantrop tipli qalıqları xatırlatsa da, onun dişləri nisbətən xırdadır. Xatırladaq ki, elm aləminə azıxantrop (Azıx adamı) adı ilə daxil olan bu tapıntı qədimliyi baxımından keçən əsrin 60-cı illəri üçün Sovetlər Birliyində birinci, dünyada isə Kondel-Araqo tapıntısından sonra ikinci tapıntı hesab olunurdu.

Qarabağ ərazisində Azərbaycan arxeoloqları tərəfindən aşkar və tədqiq olunan daha bir arxeoloji mədəniyyət Leylatəpə arxeoloji mədəniyyətidir. Eramızdan əvvəl V minilliyin son­larından IV minilliyin ortalarınadək davam edən bu mədəniyyətə aid abidələr ilk dəfə keçən əsrin 80-ci illərində Ağdam rayonu ərazisində əslən Ağdamdan olan görkəmli arxeoloq, professor İdeal Nərimanovun tədqiqatları zamanı qeydə alınıb. Tədqiqatçılar həmin abidədən tapılan artefaktların Cənubi-Qafqazın digər Eneolit dövrü materialları ilə müqayisədə bir sıra özünəməxsus əlamətləri ilə fərqləndiyini əsas götürərək onu Leylatəpə arxeoloji mədəniyyəti kimi qeydə almışlar. 2004-2005- ci illərdə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri marşrutunda Leylatəpə mədəniyyətinə aid Böyük Kəsik və Poylu yaşayış məskənləri, habelə Soyuqbulaq kurqanlarının aşkar edilərək tədqiqi bu mədəniyyətin daha geniş coğrafiyada yayıldığını təsdiqləmiş oldu. Daha sonralar isə Qarabağda, Qəbələ və Tovuz rayonları ərazisində də Leylatəpə mədəniyyətinə aid yeni-yeni abidələr aşkar olunaraq tədqiq edildi.

Tədqiqatlar davam etdirilərkən Cənubi-Qafqazın digər ərazilərində də bu mədəniyyətə aid çoxsaylı abidələr qeydə alın­mışdır. Xatırladaq ki, çiy kərpicdən tikilən dördbucaq formalı və hər iki tərəfi suvanmış tikililər, gil qablar­da dəfn uşaq adəti, xüsusən də dulus çarxından istifadəyə başlan­ması bu mədəniyyəti xarakterizə edən ən mühüm cəhətlərdir.

Qarabağ ərazisində geniş yayılmış arxeoloji mədəniyyətlər içərisində Erkən Tunc dövrünü(e.ə. IV minilliyin sonu- III minillik) əhatə edən Kür-Araz arxeoloji mədəniyyəti xüsusi olaraq qeyd oluna bilər. Şimali Qafqazdan Mesopotamiyayadək geniş bir coğrafi arealı əhatə edən bu mədəniyyətə aid xeyli sayda abidələr Qarabağ ərazisində də aşkar edilərək öyrənilib. Bunlara nümunə olaraq Qaraköpəktəpə, Günəştəpə (Füzuli), Gültəpə (Ağcabədi), Şortəpə (Bərdə), Qarahacı (Ağdam) yaşayış yerlərini və Xankəndi kurqanlarını göstərmək olar.

Bu mədəniyyət ilk dəfə ötən əsrin 40-cı illərində Kür-Araz çayları arasındakı ərazilərdə aşkar olunmuş tapıntılar əsasında müəyyən olunmuş­dur. İlk vaxtlar mütəxəssislər bu mədəniyyətin Eneolit dövrünə aid olduğunu düşünürdülər. Sonrakı tədqiqatlar göstərdi ki, bu arxeoloji mədəniyyətin yayılma arealı Kür- Araz vadisindən çox-çox uzaqlara qədər davam edir və dövr etibarı ilə e.ə. IV minilliyin ortalarından e.ə. III minilliyin son rübünədək davam edib. Kür-Araz arxeoloji mədəniyyətinin daşıyıcıları əsasən Eneolit dövründə tərk edilmiş daha qədim dövrə aid yaşayış məskənlərində həyat sürmüşlər. Bunlar əsasən Cənubi Qafqazın əkinçi-maldar qəbiləsi idi. Bu­nunla belə sənətkarlığın inkişafı da izlənilməkdədir. Tədqiqatlar zamanı aşkar edilən tuncdan ha­zırlanmış çoxsaylı metal əşyalar, rəngarəng çeşidli dulusçuluq məmulatı nümunələri buna dəlalət edir. Bu cəhətdən diqqət çəkən abidələrdən biri də Ağdam rayonu ərazisindəki Üzərliktəpə abidəsidir.

Qarabağ ərazisində qeydə alı­nan daha bir arxeoloji mədəniyyət Orta Tunc dövrünə aid Boyalı qablar mədəniyyətidir. Cənubi Azərbaycanda və Naxçıvanda geniş yayılan bu mədəniyyət nümunələri Kür-Araz hövzəsi arxeoloji abidələrində də qeydə alınmışdır. Eramızdan əvvəl II minilliyin əvvəlindən e.ə I minil­liyinin əvvəllərinədək olan dövrü əhatə edən bu mədəniyyətə aid nümunələrə ilk dəfə 1896-cı ildə Naxçıvan ərazisindəki Qızılvəng abidəsində təsadüf olunub. Ona görə də Boyalı qablar mədəniyyəti həm də Naxçıvan mədəniyyəti deyə adlandırılır. Sonralar bu mədəniyyətə aid nümunələr Qarabağ ərazisində də qeydə alın­mışdır. Bu cəhətdən diqqət çəkən abidələrdən biri Ağdam rayonu ərazisindəki Üzərliktəpə abidəsidir.

Qarabağ ərazisində təşəkkül taparaq geniş yayılan arxeoloji mədəniyyətlərdən biri də Son Tunc dövrünə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyətidir. Xrono­loji cəhətdən eramızdan əvvəl II minilliyin II yarısından eramızdan əvvəl I minilliyin I yarsınadək da­vam edən bu mədəniyyətə aid ən möhtəşəm abidələr məhz Qara­bağ ərazisindədir. Xatırladaq ki, bu abidələr Azərbaycan ərazisində ibtidai icma cəmiyyətinin süqutu və erkən sinifli cəmiyyətin yaran­ması dövrünün abidələridir. Bu abidələr daha çox Gəncə-Qarabağ regionunda qeydə alındığından onu bəzən “Gəncə-Qarabağ arxe­oloji mədəniyyəti” kimi də təqdim edirlər. Bu mədəniyyətin ən parlaq nümunələri Xocalı ərazisində qeydə alınıb. Əfsuslar olsun ki, Qarabağ Ermənistan tərəfindən işğala məruz qalarkən, Xocalı- Gədəbəy mədəniyyətinə aid çox­saylı kurqanlar vəhşicəsinə dağı­dılaraq oradakı maddi mədəniyyət qalıqları məhv edilib, yaxud da talan edilərək Ermənistana apa­rılıb.

Azərbaycan arxeoloqlarının hələ sovet dönəmində Rusiya alimləri ilə birlikdə apardıqları tədqiqatlar zamanı Qarabağ ərazisində eradan əvvəl VI-III əsrlərə aid türk xalqlarına məxsus çoxsaylı kurqanlar aşkar olunaraq tədqiq edilmişdir. Hansı ki, Qara­bağ torpaqları işğal altında olduğu 30 il ərzində həmin abidələrin də əksəriyyəti ermənilər tərəfindən məhv edilmişdir.

Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji nümunələr

Antik və Erkən orta əsrlər dövründə Azərbaycan ərazisində geniş yayılmış olan Yaloylutəpə və Küp qəbirləri arxeoloji mədəniyyətinə aid abidələrinin də xeyli qismi Qarabağ ərazisində aşkar olunaraq Azərbaycan arxeo­loqları tərəfindən tədqiq edilmişdir.

Yuxarıda sadalananlar­dan göründüyü kimi Qarabağ ərazisində ən azı yeddi arxeoloji mədəniyyət qeydə alınıb. Hansı ki, bu mədəniyyətlər 2-2,5 milyon illik bir tarixi dövrü əhatə edir. Mütəxəssislər yaxşı bilirlər ki, dünyanın çox nadir yerləri var ki, orada Qarabağdakı qədər arxe­oloji mədəniyyət qeydə alınmış olsun. Özü də bu mədəniyyətlər təkamül yolu ilə, inkişaf edə-edə, təkmilləşə-təkmilləşə biri digərini əvəzləyib. Bu zəmində insanın özü də, onun istifadə etdiyi, yaxud da istehsal etdiyi əmək alətləri və silahları da, lap elə toplumun içərisində qaynayıb-qarışan, yeni çağırışlara uyğun formalaşan istehsal münasibətləri də təkamül yolu ilə dəyişə-dəyişə, təkmilləşə-təkmilləşə bu günkü halına gəlib çıxmışdır. 30 illik erməni işğalı dönəmində Qarabağda hər şey, o cümlədən qədim arxeoloji mədəniyyətlərin yadigarları olan ən nadir tarixi-mədəni dəyərlər belə vandalcasına dağıdıldı, talan edildi. Dünyada hökm sürən ikili standartlar Qarabağda, lap elə Qərbi Azərbaycan torpaqlarında da erməni vandalizminin qarşısını almağa imkan vermədi. Yalnız qa­lib sərkərdə, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin son dərəcə müdrik, qətiyyətli və səriştəli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində Qarabağ da, oradakı qədim mədəniyyət nümunələri də erməni vandalizmindən qurtulmuş oldu. Artıq Qarabağ üçün də, qarabağlılar üçün də yeni dönəm başlayıb. Bəli, Qarabağ yenidən qurulur, yenidən abadlaşdırılır. Ya­ranmış fürsətdən və dövlətimizin hərtərəfli qayğısından faydalanan arxeoloq alimlərimiz də Ağdamda, Fizulidə, Zəngilanda, Hadrutda, Kəlbəcərdə, bir sözlə, Qarabağı­mızın hər guşəsində qədim tarix və mədəniyyətimizin izlərini daha böyük şövqlə arayıb axtarmaqda­dırlar.

Qafar CƏBİYEV,

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

19 Avqust 2022 00:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Sentyabr 2022 | 00:30
Zəfərimizin musiqi salnaməsi

Köhnə versiyamızdan xəbərləri izlə