Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankı Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasını yüksək dəyərləndirir

Dünya Bankının yaydığı məlumatda Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasında nəzərəçarpacaq irəliləyiş əldə edildiyi vurğulanır.

Məlumata görə, son illərdə hökumət tərəfindən qanunvericilik və dövlət idarəçiliyinin restrukturizasiyası və müasirləşdirilməsi, vergi və gömrük praktikasında islahatların aparılması, əmək və sosial müdafiənin təşviqi üzrə institusional tədbirlər reallaşdırılmaqla investisiya mühitinin səmərəliliyi artırılıb. Xüsusilə vergi prosedurlarının sadələşdirilməsi, vergi yükünün azaldılması, kiçik və orta sahibkarlıq üzrə vergi dərəcələrinin aşağı salınması (4 faizdən 2 faizə), qeyri-neft özəl sektoru üçün vergi güzəştlərinin tətbiqi ilə xarici investisiya mühiti yaxşılaşdırılıb.

Xatırladaq ki, Azərbaycanda son illər xarici investisiya qoyuluşunu sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm layihələr gerçəkləşdirilib.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.

Son illərdə reallaşdırılan islahatlar, qeyri-neft-qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynayıb. Təkcə 2011‒2021-ci illərdə ölkənin qeyri-neft-qaz iqtisadiyyatına bütövlükdə 11,1 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilib.

Yuxarıda xatırlatdığımız kimi, xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirib. Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında fəal olub.

Hazırda qlobal birbaşa investisiyaların cəlbi üzrə rəqabət kəskinləşir. Bu investisiyalar sağlam və şəffaf biznes mühitinin mövcudluğunu, makroiqtisadi sabitlik və maliyyə sabitliyi tələb edir. Qeyd olunan şərtlər mövcud olmadığı halda, ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınına maneə yarana bilər. Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdırmaq imkanına malikdir.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da qeyd edilir ki, qarşıdakı son 5 il ərzində qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiya cəlbi sürətlə təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası reallaşdırılacaq. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət‒özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək. Bütün bunlarla yanaşı, dövlət investisiyalarının səmərəliliyi də artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensialı yüksəldiləcək.

Respublikaya birbaşa xarici investisiya cəlbini prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılacaq, investorlarla birbaşa dialoq mexanizmləri tətbiq olunacaq. Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadə təmin ediləcək və nəticədə, qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcmi illik 10‒15 faiz artacaq.

V.BAYRAMOV,

“Xalq qəzeti”

18 Avqust 2022 06:30 -
30 Sentyabr 2022 | 00:12
Zəfər tarixinin xronikası

Köhnə versiyamızdan xəbərləri izlə