Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu getdikcə güclənir

Son vaxtlar Avropada təbii qazın qiymətində artım müşahidə edilir. Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarında belə düşünülürdü ki, Rusiyadan qaz ixracı dayanarsa, Avropa payız və qış mövsümlərində donmaq təhlükəsi ilə üzləşəcək. Bu fikir o qədər narahatlıq doğurmuşdu ki, Avropa bütün diqqətini qışdan cəmi 19 faiz ehtiyatla çıxan anbarlarını doldurmağa, Rusiyadan kənar istiqamətlərdən qaz nəqlini artırmağa yönəltmişdi.

Mayın sonlarına doğru Avropanın qaz anbarları 50 faiz dolumluluq səviyyəsini keçdi. Bu isə Rusiyanı hərəkətə keçməyə vadar etdi. Moskva iyunun ortalarından etibarən Avropaya qaz aparan əsas kanalı – “Şimal Axını 1” kəməri ilə qaz nəqlini gündəlik 167 milyon kubmetrdən 67 milyon kubmetrə qədər azaltdı. Bu azalmanı ”Qazprom” Kanadada təmirdə olan qaz turbininin sanksiya­lara görə vaxtında çatdırılmaması ilə əsaslandırdı. Lakin bunun həqiqətdən uzaq fikir olduğu aydınlaşandan son­ra Rusiya iyulun ortalarında “Şimal Axını 1”lə qaz nəqlini, hətta gündəlik 32-33 milyon kubmetrə qədər azaltdı.

Yeri gəlmişkən, son məlumatlara əsasən, avqustun 8-də Avropanın yeraltı anbarları artıq 72 faiz dolumlu­luq səviyyəsini keçir. Bu isə payız-qış ayları üçün 73 milyard kubmetrdən yuxarı qaz ehtiyatının yaradılması deməkdir.

Avropa Birliyinin iyulda qəbul etdiyi qərara əsasən, avqust 2022-ci ildən mart 2023-cü ilədək Birlik ölkələri tərəfindən qaz istehlakının 15 faiz azaldılacağı nəzərdə tutulur. Hətta qış aylarında zərurət yaranarsa, bu qənaətin 30 faizə çatdırıla biləcəyi də deyilir.

Hazırda Avropada anbarlara gündəlik 0,36 faiz bəndi qaz vurulur. Bu, avqustun sonunadək anbarların 80 faiz, sentyabrın sonunadək 90 faiz dolumluluğunu təmin etməyə imkan verir. Oktyabr ayında isə anbarların 100 faiz dolması Avropanın nəinki bu payız-qış mövsümlərindən rahat çıxmasına, eyni zamanda, gələn mövsüm üçün anbarlarda yetərincə qaz qalmasına imkan yaradır. Əgər istehlakın 15 faiz azalması təmin olu­narsa, Avropanın anbarlarında gələn mövsüm üçün 45 milyard kubmetr qaz qalır ki, bu da qitənin Rusiyanın asılılığından birdəfəlik qurtulması üçün zəruri olan 2 illik müddətin təmin olunması deməkdir.

Yeri gəlmişkən, avqustun 1-i vəziyyətinə anbarları doldurmaq planına AB-nin 27 üzvündən yalnız ikisi - Bolqarıstan və Latviya əməl edə bilməyib. Həmin dövrədək Bolqarısta­nın anbarları 49 faiz, Latviyanınkı isə 57 faiz dolmalı olduğu halda, göstərici müvafiq şəkildə cəmi 47 faiz və 53 faiz təşkil edib.

Oktyabrın 1-dək Bolqarıstanın Av­ropa Komissiyasının qoyduğu 80 faiz­lik plana əməl etmək şansı daha bö­yükdür. Buna ölkənin Azərbaycandan aldığı qaz həcmlərinin iyulun əvvəlindən etibarən kəskin artması imkan verəcək. Bu isə Azərbaycanın AB-nin enerji təhlükəsizliyinə verdiyi mühüm töhfədir. Çünki Bolqarıstanın təchizat şəbəkəsi maye qaz almağa imkan vermir. Ölkənin illik 3 milyard kubmetr təşkil edən qaz istehlakı keçən il 90 faizdən yuxarı Rusiyadan təmin edilib. May ayın­dan rublla ödənişdən imtina etdiyinə görə “Qazprom” Bolqarıstana qaz nəqlini dayandırıb. Bu, yalnız iyulun əvvəlindən – Azərbaycan qazını Yunanıstandan Bolqarıstana çatdıran interkonnektor işə salınandan sonra bərpa olunub.

Energetika Nazirliyinin məlumata görə, 2022-ci ilin yanvar-iyul ayla­rında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz, yaxud 3,2 milyard kubmetr artım deməkdir. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. Yeddi ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb.

Hazırda Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizinin TAP seqmentində gündəlik qaz ötürülməsi 37 milyon kubmetr civarındadır. Bu isə ilin sonunadək Avropaya qaz ixracının 13,5 milyard kubmetrə çatması deməkdir.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Avropa İttifaqı Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir.

Deputatın fikrincə, Rusiya-Ukray­na müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənir. Azərbaycan “Şahdəniz” ilə yanaşı, çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid- Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil edəcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla bərabər, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da gücləndirəcək.

Azərbaycan, eyni zamanda, Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir. Artıq “köhnə qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artım var. Bu ay istifadəyə verilən Yunanıstan- Bolqarıstan daxili şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.

Memorandum tərəflərin enerji sahəsində əməkdaşlığını gücləndirməyi nəzərdə tutsa da, bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.

Azərbaycanın Rusiya-Ukrayna arasında gərginlik başladıqdan sonra Avropa İttifaqına mavi qaz ixracatını ən çox artıran ölkə olub. Belə ki, bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68,7 faiz artıraraq 3,2 milyard kubmetrdən 5,4 milyard kubmetrə yüksəldib.

Avropa İttifaqı, həm də Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalır. Belə ki, bu təşkilatın ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36,7, Gürcüstanda 23,9, Ermənistanda 18 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6, Gürcüstan 1,2, Ermənistanda isə 1 milyard avro sərmayə qoyuluşu həyata keçirib.

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz­da ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür. Bu baxımdan, Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.

V.BAYRAMOV,

“Xalq qəzeti”

18 Avqust 2022 04:14 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə