Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid Eldar Həsənlinin xatirə mərasimi keçirilib

İkinci Qarabağ müharibəsində otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ölkəmizin şanlı səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində yurd yerlərimizin azad olunması düşmənin məkrli siyasətinə son qoydu. Hələ 1994-cü ildə cəbhə bölgəsində atəşkəs əldə olunsa da, dəfələrlə bu atəşkəsin pozulması, sərhəd bölgələrimizdə hərbçilərimizin, mülki vətəndaşların, uşaq və qocaların belə öldürülməsi, danışıqların heç bir nəticə verməməsi son çarənin müharibə, hərb yolu olduğunu ortaya çıxardı.

Üçtərəfli Bəyanatın imzalanması, Ermənistanın məğlub olaraq kapitulyasi­ya sənədini imzalaması ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra da düşmən dinc durmaq istəmədi və tarixi ədalət bərpa olundu. Təəssüf ki, müharibə başa çatdıqdan sonra da azad olunan ərazilərdə müəyyən səbəblərdən həlak olan hərbçi-əsgərlərimizin xatirə və anım günləri də keçirilir. Həmin mərasimlərdə şəhidlərin əzizləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak edirlər.

2021-ci il avqust ayının 13-də, axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Cəfərov Anar Müstəqim oğlu şəhid olmuşdular.

Eldarın şəhidliyinin ildönümü mərasimindən əvvəl onun məzarı ziyarət olunub. Yaşadığı Nətavan küçəsi, ev 1 ünvanında xatirə lövhəsinin açılışı olub. Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, bir dəqiqəlik sükutla xatirələri yad edilib. Tədbirdə Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, şəhər mühafizəsinin rəisi, şəhid anaları, qazilər, məktəblilər iştirak ediblər.

İlham İsmayılov tədbirdə çıxış edərək Vətən torpaqları uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün şəhid valideynlərinə səbrlər diləyib, qazilərə cansağlığı arzulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində işğal altında olan torpaqlarımız bu gün azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində bir daha dünyaya qüdrətini göstərib. Bu gün Azərbaycan qalib dövlət kimi tanınır, dünya dövlətləri arasında nüfuzu artır.

Daha sonra şəhidin oxuduğu 19 nömrəli məktəbin müəllim və şagird kollektivi çıxış edib, şeirlərlə şəhidi yad ediblər. “Nur” dəstək qrupunun könüllüləri Vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

18 Avqust 2022 04:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Sentyabr 2022 | 00:23
Sizi kim unudar?!

Köhnə versiyamızdan xəbərləri izlə