Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş sərgi - “Səsin möcüzəsi”

Avqustun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 4 nömrəli filialın təşkilatçılığı ilə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş “Səsin möcüzəsi ” adlı sərgi açılıb.

Baş İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, sərgidə sənətkarın həyat və yaradıcılığını əks etdirən kitablar, materiallar, fotoşəkillər nümayiş olunub.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

17 Avqust 2022 12:55 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə