Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lider qətiyyəti

 Mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Azərbaycan son 19 il ərzində lider qətiyyəti, uğurlu diplomatiya və qlobal təşəbbüslər sayəsində tarixi nailiyyətlər qazanaraq dünyada nüfuz sahibinə çevrilib. Başqa sözlə, bu, milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi nəticəsində mümkün olub.

 

 

 Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra siyasi, diplomatik sahələrdə və hərbi müstəvidə apardığı fəal iş regionda mövcud yeni geosiyasi reallı­ğın legitimləşdirilməsinə yönəlib. Prezident İlham Əliyevin bu məsələdə haqlı və ədalətli yanaşması dünyanın fövqəlgüc dövlətləri və aparıcı təşkilatları tərəfindən yüksək dəyərləndirilib. Eyni zamanda, Ermənistanın 30 ilə yaxın bir müddətdə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində törətdiyi genişmiqyaslı müharibə cinayətlərinin, vandalizm və dağıntıla­rın əhatəli, real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması təcavüzkarın beynəlxalq miqyasda ifşasını gerçəkləşdirib.

Qeyd edək ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən başlayaraq, iqtisadi müstəqilliyə hesablanan bütün lazımi addımlar atdı və respublikamız qısa müddət ərzində dünya miqyasında iqtisadi potensial və sabitlik baxı­mından birinci sıralarda qərarlaşdı. Bu, eyni zamanda, siyasi müstəqilliyimizi şərtləndirdi, bütün tərəfdaşlarla bərabərhüquqlu, qar­şılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlərin qurulma­sında həlledici rol oynadı. Beləliklə, torpaq­larımızın azad edilməsi üçün əsas şərtlərdən biri reallaşdı.

Azərbaycan Prezidenti tərəfindən bu dövrdə ölkədə ordu quruculuğu diqqət mərkəzində saxlanılmaqla hərbi potensial da möhkəmləndirildi, müasir standartlar və yeni yanaşmalar əsasında silahlı qüvvələrin döyüş qabiliyyəti, hərbi hazırlıq səviyyəsi artırıldı, maddi-texniki təchizatı gücləndirildi. Bu isə Azərbaycanın suverenliyinin döyüş meyda­nında gerçəkləşdirilməsini şərtləndirdi.

 

Şübhəsiz ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədə mükəmməl, dərin strateji diplomatiya siyasəti də önəmli rol oynadı. Müasir beynəlxalq münasibətlər sistemində güclü tərəfdaşlıq əlaqələrinin formalaşdırılması respublikamızın haqq-ədalət mübarizəsində xüsusi əhəmiyyət da­şıdı. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Birləşmiş Millətlər Təşkilatı, Qoşulma­ma Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumlarda səmərəli diplomatik fəaliyyəti Azərbaycanın əks-hərbi əməliyyatla torpaqlarımızın azad edilməsinə öz müsbət təsirini göstərdi.

Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı çoxsaylı qərar və qətnamələrin qəbulu ölkəmizə qarşı yönələn münaqişənin həllinə əlverişli şərait yaratdı. Eyni zamanda, Prezident İlham Əliyevin hücum diplomatiyasının tərkib hissəsi kimi uğurlu informasiya mübarizəsi də Ermənistanın məkrli niyyət-məqsədini bütün dünyaya göstərdi: “Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni tor­pağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozma­mışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”.

Azərbaycanda səfərdə olan xarici ölkə rəsmilərinin, parlamentarilərinin, tanınmış media və qeyri-hökumət təşkilatlarının, dini icmala­rın nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili dünya birliyində azad edilən ərazilərdəki real vəziyyət barədə əhatəli təsəvvür yaradıb. Həmçinin Vətən müharibəsində əldə etdiyimiz ədalətli tarixi zəfərdən sonra Azərbaycanın Ermənistana davamlı sülh çağırışları ölkəmizin Qarabağ bölgəsində sabitliyə, əmin-amanlığa maraqlı olmasını, regiona dinclik, qarşılıqlı anlaşma gətirmək istəyini bütün dünyaya nümayiş etdirib.

Aparıcı dövlət və təşkilatlar Prezident İlham Əliyevin konstruktiv, ədalətli və prinsipi­al yanaşmasını əsas tutaraq, İkinci Qarabağ müharibəsindən ötən iki ilə yaxın bir zaman ərzində Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası, humanitar problemlərin həlli, kommunikasiyaların bərpası məsələləri ətrafında danışıqlar aparması təşəbbüsünü dəstəkləyib.

Yeri gəlmişkən, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə ötən il yanvarın 11-də Moskva, noyabrın 26-da Soçi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dekabrın 14-də və bu il aprelin 6-da isə Brüssel şəhərlərində keçirilən üçtərəfli görüşlərdən sonra rəsmi İrəvan kommunikasi­yaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu qəbul edib.

Beləliklə, bu gün dünyanın nüfuzlu dövlətləri, o cümlədən Avropa İttifaqı ölkələri tərəfindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın formalaşdırdığı yeni geosiyasi reallıqlar müdafiə edilir. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan regionun taleyi ilə bağlı danışıqların gündəliyini müəyyənləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, re­inteqrasiyası və inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edib. Yeri gəlmişkən, dövlətimizin başçısı 2021-ci il iyulun 7-də im­zaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Qarabağın “dağlıq” və “aşağı” hissələrə bölünməsi kimi haqsızlığa son qoyub.

Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən tarixi Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılma­sı Azərbaycanın birliyinin və bölünməzliyinin təsdiqinə çevrilib.

Ermənistanın işğalına son qoyduqdan, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan azad edilən ərazilərdə postkonflikt dövründə başladığı abadlıq-quruculuq işlərinin miqyasını daha da genişləndirməkdədir. Hazırda azad edilmiş ərazilərin vahid konsepsiya əsasında bərpası həyata keçirilir. Həmin sahələrdə kom­munal, iqtisadi və sosial infrastrukturun qurul­ması istiqamətində mühüm addımlar atılır.

Azad olunan ərazilərin Azərbaycan iqti­sadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalın­da ciddi artıma səbəb olacaq.

İşğaldan azad olunan ərazilərdə dağ-mədən, yeyinti, emal sənayeləri, metallurgiya, turizm, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzüm­çülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr böyük inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin bura yeni texno­logiyaların cəlbi də iqtisadi inkişafda innovasiya­larla müşayiət olunur.

Düşməndən təmizlənən ərazilərdə hasil olunan faydalı qazıntılar, mineral sular və digər qeyri-neft məhsullarına da xarici bazarlarda böyük tələbat yaranması proqnozlaşdırılır. Bu­nunla da həmin sahələr hesabına Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsulun həcmində əhəmiyyətli artım gözlənilir ki, bu da iqtisadi inkişafa, ölkəyə valyuta axınına əlavə imkan yaradır.

Prezident İlham Əliyevin savaşdan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rına hər səfəri işğaldan azad edilən ərazilərin bərpasına böyük diqqətin, həssas münasibətin göstəricisi kimi xüsusi diqqət çəkib. Həmin səfərlər zamanı dövlətimizin başçısı bir sıra şəhər və rayonların baş planlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsini aparıb, bəzi mühüm təməlqoyma və açılış mərasimlərində iştirak edib, bərpa işlərinə dair zəruri tapşırıq və göstərişlərini verib.

İki ilə yaxın bir müddət ərzində düşməndən təmizlənən ərazilərdə genişmiqyaslı infrast­ruktur layihələri reallaşdırılıb, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməli qoyulub. Zəngilanda “Ağıllı kənd” kimi möhtəşəm bir layihə uğurla başa çatdırılıb. Həmin yaşayış sahəsində – Ağalıda məskunlaşmaya başlanılması isə ölkəmizin güc-qüdrətini nümayiş etdirməklə bərabər, həm də Azərbaycanın həyatında yeni səhifə açıb. Bu, respublikamızın dünyaya, regiona sülh çağırışları fonunda qurub-yaratmaq əzmini göstərib.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, eyni zamanda, regionda yeni geoiqti­sadi vəziyyət yaradıb. Həmin ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcəyini şərtləndirib.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud əkin sahələrində daha bol məhsul yetişdirmək üçün suvarma layihələri icra edilir, subsidiyaların tədbiqi üzərində iş aparılır, düzgün aqrotexniki və digər tədbirlərin icrası müəyyənləşdirilir. Təbii ki, bölgədə əkin-biçin işlərinin aparılması da diqqətdə saxlanılır. Prezident İlham Əliyev İsmayıllı rayonunun Bas­qal qəsəbəsində Azərbaycan Televiziyasına ver­diyi müsahibədə erməni işğalından azad edilən torpaqlarda kənd təsərrüfatı sahəsində görülən işlər haqqında danışarkən, bu barədə deyir: “Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparıl­mışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən, ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”.

Yeri gəlmişkən, artıq azad edilən ərazilərdə əkin-biçin fəaliyyəti intensiv xarakter alıb. Bu il həmin torpaqlarda 50 min hektarda taxıl əkilib və məhsul yığımı da sona yaxınlaşıb. Düzdür, bu sahələrdə məhsuldarlığın çox aşağı qeydə alınması isə ölkə rəhbərinin müsahibədə vur­ğuladığı kimi, təbii amillərlə bağlı olub. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalıb, suvarma infrastrukturu vəhşicəsinə dağıdılıb. Ona görə də cari il o ərazilərdə taxıl dəmyə şəraitində yetişdirilib və ilk dəfədir ki, əkin aparılıb. Hər hektardan orta məhsuldarlığın təqribən 1 ton­dan aşağı olması məhz sadalanan səbəblərlə bağlı olub. Buna baxmayaraq, növbəti illərdə məhsuldarlığın daha da artırılacağı, əkin sahələrinin genişləndiriləcəyi nəzərdə tutulub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

17 Avqust 2022 00:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə