Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlanılıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu tədbirlərin icrasına başlayıb.

İctimai Birlik Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqın­da Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı və bu sənəddən irəli gələn tədbirlərin təşkilinə dair Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş fəaliyyətləri əsas götürərək, layihənin ABŞ-da icrası ideyasını irəli sürüb.

Tədbirlər Planında “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil-qərargahlarında tədbirlər, elmi konf­rans və simpoziumların keçirilməsi, həmçinin təbliğat xarakterli digər işlərin görülməsi priori­tet kimi müəyyən edilib.

İctimai Birlik layihəni qərb ölkələrində, xüsusilə erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ-da gerçəkləşdirməyi qarşıya mühüm vəzifə kimi qoyub.

Təşkilat layihənin uğurlu icrasının əsasını təşkil edən heyəti artıq formalaşdırıb, layihənin geniş planlaşdırma işlərini, o cümlədən idarəetmə, maliyyə, kommunikasiya, satınal­ma, əməliyyat, risklərin idarə edilməsi plan­larını hazırlayıb və həmin planlar üzrə icra prosesinə start verib.

Hazırda layihə heyəti ABŞ-a səfər plan­laşdırır. Bu məqsədlə ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri, bu ölkədəki akademik dairələrlə müzakirələr, hədəf qrupların tədbirə cəlbi istiqamətində təbliğat-təşviqat işləri aparır.

Layihənin əsas məqsədi xarici ölkələrdə, o cümlədən ABŞ-ın Kaliforniya Ştatında “Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi və təbliğat xarakterli işlərin görülməsidir.

Layihə müddətində ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko və Sakramento şəhərlərində müxtəlif mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

V.BAYRAMOV,

“Xalq qəzeti”

17 Avqust 2022 00:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə