Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Manat müstəqilliyimizin vacib rəmzidir!

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il ötür

Milli valyuta manatın dövriyyəyə buraxılması Azərbaycanın müstəqil inkişafında mühüm qərarlardan biri, onun iqtisadi və maliyyə müstəqilliyi yolunda atılan əsas addım idi. İqtisadi analitiklər bu tarixin əhəmiyyətini qeyd edərək bildirirlər ki, ma­natın dövriyyəyə buraxılması bazar infrastrukturunun qurulma­sına, müstəqil pul-kredit, emissiya və fiskal strategiyanın həyata keçirilməsinə, eləcə də makroiqtisadi sabitləşmənin effektiv siyasətinin təmin edilməsinə imkan verdi. Bank sistemində genişmiqyaslı islahatlar aparıldı. İstehsalın inkişafı, ölkəyə xarici kapital axınının artması, daxili investorların meydana çıxması həm milli valyutanın özünün, həm də valyuta bazarının möhkəmlənməsinə imkan yaratdı. Mövcud olduğu 30 il ərzində manat gündəlik həyatımıza möhkəm daxil oldu. Qalib ölkənin pul vahidi olan manatın milli iqtisadi gücün rəmzi kimi, bundan sonra da hörmət edilən valyuta olacağı şübhə doğurmur.

 

Müasir cəmiyyətin həyatını pulsuz təsəvvür etmək çətindir. Bu, bir fin­can qəhvənin və ingilis dili dərsinin, kosmik raketin və qədim amforanın, qatar biletinin və telefon danışığının dəyərini müqayisə etməyə imkan verən vasitədir. Ola bilsin ki, bəziləri üçün pul, həqiqətən də bir növ şərin köküdür, amma mahiyyət etibarı ilə pul universal əmtəədir. Pul təkcə iqtisadi ölçü vahidi deyil, o həm də tarixi qaynaqdır. Daha dəqiq desək, pulun tarixi dövlətlərin mədəni və iqtisadi inkişafının əksi, orijinal və ən mühüm tarixi mənbədir. Pul bizə tarixi şəxsiyyətlərin bütöv port­ret qalereyalarını, müxtəlif abidələrin təsvirlərini, öz rəsmlərində əks olunmuş mifoloji süjetləri, məişət səhnələrini öyrənməyə imkan verdi. Azərbaycan xalqının tarixində pulun özünəməxsus tarixi, inkişaf mərhələləri və maraqlı dövrləri var. Xatırladaq ki, XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini elan etməsi suveren dövlətin ən mühüm atributlarından biri olan milli valyutanın dövriyyəyə buraxılmasına səbəb oldu.

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk pul tədavülü 15, 50, 100 və 250 manat məbləğində 1919-cu ilin əvvəlində buraxılmış banknotlar­dan başlayır. Əskinasların üz tərəfində “Respublika”, “Azərbaycan Respublika­sı” – əskinasın arxa planda rus dilində olan yazıları, habelə əskinasın qiyməti və verilmə tarixi vardır. 1919-1920-ci illərdə buraxılmış valyuta vahidlərinin adları Azərbaycan dilində “manat” və rus dilində “rubl” olmuşdu.

1920-ci il 28 aprel tarixində bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində dövlətin müstəqilliyi formal olaraq Azərbaycan Sovet Sosialist Res­publikası adı ilə saxlanılsa da, ölkənin mövcud pul-kredit sistemi məhv edil­mişdi. Azərbaycan SSR-in 1920-ci ildə dövriyyəyə buraxılmış birinci pul vahidi böyük formatda çap olunan 100 manat dəyərindədir. Bu nominal I-IV seriya ilə tədavülə buraxılmışdı. 1920-ci ildə ikinci pul emissiyası həyata keçirilmişdi.

Ölkədə pul dövriyyəsinin və onun təşkilinin əsası Azərbaycan Prezi­dentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Milli Bankının yaradılma­sı haqqında” fərmanı əsasında Milli Bankın yaradılması və Azərbaycan Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyuta­sının dövriyyəyə buraxılması haqqında” fərmanına uyğun olaraq, milli valyutanın dövriyyəyə buraxılması ilə qoyuldu. Milli valyutamız 1992-ci ildə dövriyyəyə bu­raxıldı. 1992-ci il avqustun 1-dən 1, 10, 250 manatlıq pul vahidləri istifadəyə ve­rildi. Həmin ilin noyabrında vətəndaşlar 5, 10, 20 və 50 qəpik, dekabrda 5 ma­nat, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominalında pul vahidlərinin dövriyyəyə buraxılmasının şahidi oldular. 1992-ci ilin avqust ayın­dan başlayaraq, manat 1 manat 10 rubl nisbətində rublla paralel olaraq respub­lika ərazisində dövriyyədə olan ödəniş vasitəsi kimi istifadə olunmağa başlanıl­dı. Yalnız “Azərbaycan Respublikasının milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 1993-cü il 11 dekabr tarixli fərmanı ilə manatın yanvarın 1-dən təsdiq edilməsi, 1994-cü ildə yeganə ödəniş vasitəsi kimi təsdiq edildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradılmış və 12 no­yabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul edilmiş Dövlət Komissiyası tərəfindən hazırlanmış Konstitusiya aktında ölkə ərazisində yeganə ödəniş vasitəsi kimi manatın təsdiqi növbəti dəfə qeydə alındı.

1992-ci ildə çap olunmuş 1, 10 və 250 manatlıq əskinaslar sadə dizaynlı, üz tərəfində Qız qalası, arxa tərəfində isə Azərbaycan Milli Bankı sözləri çap olunmuş, milli ornamentlə haşiyələnmişdi. 1993-cü ildə Milli Bank 1, 5, 50, 100, 500 və 1000 manatlıq kağız əskinasları çap edib tədavülə buraxmışdı. Bu zaman 1 və 10 ma­natlıq kağız əskinasların təsvirləri dəyişdirilərək 5, 50 və 100 manatlıq əskinaslara uyğunlaşdırılmışdı. Belə ki, bu əskinaslar Qız qalasının təsvirindən əlavə, fon təsvirləri ilə də tamamlandı. Əskinasların arxa tərəfində əlavə olaraq nominalın adı yazılmışdı. Nominal dəyəri 500 manat olan pul vahidinin üz tərəfində dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti, 1000 manatlıq kağız əskinaslarda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri­nin, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin portreti təsvir olunmuşdu. Hər iki əskinasın arxa tərəfi eyni üslubda – milli ornamentlərə uyğun tərtibatda hazırlanmışdı.

1994-cü ildə ilk dəfə olaraq 10 min manatlıq kağız əskinaslar çap edilmişdi. Əskinasların arxa tərəfində Şirvan­şahlar kompleksinin ümumi görünüşü, ənənəvi olaraq milli ornamentlərlə haşiyələnmiş çərçivədə, pul nişan­larının nominal dəyəri rəqəmsal və şifahi şəkildə təsvir edilmişdi. 1996-cı ildə ən böyük nominalda olan 50 min manatlıq əskinaslar dövriyyəyə bura­xılmışdı. Bu əskinasların üz tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi – Möminə xatunun türbəsi (məqbərəsi), arxa tərəfində ənənəvi olaraq milli ornamentlərlə haşiyələnmiş çərçivədə rəqəmlər və əskinasın nomi­nal dəyəri təsvir edilmişdi. Azərbaycan əskinaslarında ilk dəfə olaraq 50 min manatlıq əskinasın üzərində əskinasın seriyası və nömrəsi iki rəngdə yazıl­mışdı.

Azərbaycan Respublikası Prezi­dentinin (07.02.2005) “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqya­sının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmanına əsasən, uçot və hesablaşma sisteminin sadələşdirilməsi məqsədilə, məzənnənin və qiymətlərin miqyasının optimallaşdırılması, ölkədə pul dövriyyəsinin təkmilləşdirilməsi, əskinaslarda milli və tarixi ənənələrin daha əyani şəkildə ifadə edilməsi, milli pul nişanlarının mühafizəsinin, dizay­nının, nominal strukturunun beynəlxalq standartlara uyğunluğuna nail olunması, milli valyutanın formalaşması (manat) məzənnəsi aparıcı dünya valyutalarının məzənnəsi səviyyəsinə uyğun olaraq, 2006-cı il yanvarın 1-dən Azərbaycanda 1 yeni manat – 5000 köhnə manat məzənnəsi ilə dövriyyəyə buraxılmış­dı. Hazırda tədavüldə 1, 5, 10, 20, 50, 100, 200, 500 manatlıq yeni kağız əskinaslar, 1, 3, 5, 10, 20, 50 qəpiklik sikkələr mövcuddur.

Xüsusilə qeyd etmək lazımdır ki, yeni nəsil əskinasların texniki parametrləri İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanmışdır. Əskinasların keyfiyyəti ən yüksək beynəlxalq standartlara cavab ve­rir və aparıcı ölkələrin valyutaları ilə müqayisə olunur. Ümumilikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılmışdır. Köhnə nomi­nallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olmuş və denomina­siya çərçivəsində dövriyyədən çıxarıl­mışdır.

Əlbəttə, pul bəşəriyyətin parlaq ixtirasıdır. Pul və pul münasibətləri daim dəyişir və hələ də onunla bağlı hər şey aydın deyil. Kriptovalyutanın ortaya çıx­ması buna misal göstərmək mümkün­dür. Bununla belə, pulun gücünü heç kim danmır, onun müasir müharibələrdə nəhəng silah olduğunu çox az adam mübahisə edər. Təsadüfi deyil ki, make­doniyalı Filipp haqlı olaraq iddia edirdi ki, qızıl yüklü eşşək istənilən qalanı ala­caq. Doğrudan da, tarix bizə öyrədir ki, pul dünyanı idarə edə biləcək alətdir və qısa zamanda istənilən ölkənin iqtisa­diyyatını məhv edə bilər. Buna görə də, iqtisadiyyatın “qanı” adlandırılan pulun nəbzini həmişə diqqətlə yoxlamaq bü­tün ölkələrin strateji vəzifəsidir.

Güclü iqtisadi imkanlara malik Azərbaycanda son illər qeyri-sabit qlo­bal iqtisadi mühitdə permanent risklər şəraitində öz inkişafını uğurla davam etdirmişdir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişli olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni iş yerlərinin açıl­ması prosesləri sürətlənmiş, dövlətin sosial-iqtisadi inkişafa aktiv dəstəyi iqtisadi artimda mühüm rol oynamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, manatın milli iqtisadi gücün simvolu kimi, bundan sonra da hörmət edilən valyuta olacağı şübhə doğurmur.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

15 Avqust 2022 23:38 - İQTİSADİYYAT
İQTİSADİYYAT
28 Sentyabr 2022 | 14:32
Neft ucuzlaşıb
28 Sentyabr 2022 | 14:03
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə