Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropada son illərin ən güclü meşə yanğınları

Avropada iqlim dəyişikliyinin nəticəsi olaraq baş verən istilər bütün qitədə son illərin ən sıx meşə yanğınlarına səbəb olub. İsti dalğaların təsiri nəticəsində yağıntının az olması meşə yanğınlarını daha da təhlükəli edir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki, iyul ayından etibarən daha da şiddətlənən yanğınlar ən çox Fransa, İspaniya, İtaliya və Portuqaliyada dağıntılara səbəb olub.

İspaniyanın şimalında Qa­lisiya, mərkəzi hissələrində Castilla Leon və Castilla La Manca və cənub-qərbində Ekstremadurada yazın əvvəlindən başlayan yan­ğınlar minlərlə hektar ərazini məhv edib. Təkcə Qalisiyanın Ourense şəhəri ətrafında 2 min 300 hektar ərazi yanıb. Ekstremaduranın Kaseres əyaləti ətrafında baş verən meşə yanğınları səbəbindən 500-dən çox insan evlərindən təxliyə edilib. Ümumilikdə, ilin əvvəlindən ölkədə 37 böyük meşə yanğını nəticəsində 200 min hektardan çox ərazi məhv olub.

İspaniyanın qonşusu Portuqaliyada avqustun 6-da Kovilyada və avqustun 11-də Quarda bölgəsinin Linhares şəhərində baş verən yanğınlar böyük meşə sahələrinin məhv olmasına səbəb olub. Portuqaliyanın Mülki Müdafiə Agentliyi son yanğınların Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) himayəsində olan 17 min hektar ərazini məhv etdiyini açıqlayıb. Son 100 ilin ən isti iyul ayının yaşandı­ğı ölkədə bu il 79 min hektar meşə sahəsi yanıb.

İtaliyada iyulun 27-də Sloveniya sərhədindəki Savogna d'İsonzo yaxın­lığındakı meşəlik ərazidə başlayan yanğın səbəbindən bəzi yaşayış məntəqələri boşaldılıb. Avqustun 9-da ölkənin şimal-qərbindəki Savona şəhəri yaxınlığında baş vermiş meşə yanğınında 120 nəfər təxliyə edilib. Bu il ölkədə baş verən yanğınlar­da 27 min 883 hektar meşə sahəsinə ziyan dəyib.

Son 70 ilin ən quraq dövrünü yaşayan Fransada meşə yanğınları iyul ayının sonundan etibarən daha da güclənib. Hökumət yanğın­lara öz imkanları ilə cavab verməkdə çətinlik çəkdiyini açıqlayıb. Almaniya, Ru­mıniya, Polşa, Avstriya və Yunanıstandan yüzlərlə yanğınsöndürən ölkənin cənubunda, Aveyron və Gi­ronde bölgəsində təxminən, bir həftədir davam edən meşə yanğınlarının daha da yayılmasının qarşısını almaq üçün bu ərazilərə gəlib. Beynəlxalq yanğınsöndürmə dəstəyi sayəsində yanğınlar nəzarət altına alınıb, həmin bölgələrdə bir müddət bağlı qalan magistral yollar açılıb. Yanğınlar nəticəsində bu il Fransada ən azı 57 600 hek­tar yaşıl sahə meşə yanğınla­rı nəticəsində məhv olub.

Milli Elmi Tədqiqatlar Mərkəzi rəsmiləri Fransada həddindən artıq istilərin və quraqlığın adi hala çevrilə biləcəyini vurğulayaraq, qarşıdakı aylarda su qıtlığının qaçınılmaz olacağı barədə xəbərdarlıq ediblər.

Avropa Meşə Yanğınları İnformasiya Sistemi uzun müddət davam edən istilərin baş verməsi və kifayət qədər yağıntının olmamasının Av­ropanı "çaxmaq daşına çevir­diyini" və yanğınların sürətlə yayılmasını qeyd edib.

Meşə yanğınları səbəbindən ilin əvvəlindən bəri qitədə 660 min hektar ərazinin külə çevrildiyi barədə məlumatı paylaşan qurum, yanan ərazilərin Lüksem­burqun iki qatından çox ərazisinə bərabər olduğunu vurğulayıb.

Qurumun statistik hesablamaları 2022-ci ildə İspaniya, Rumıniya, İtaliya, Fransa və Xorvatiyada baş verən meşə yanğınlarının sayının 2006-2021-ci illər arasında baş verən orta illik yanğın sayından çox olacağı­nı proqnozlaşdırır. Bildirilir ki, bu ilin sonuna qədər Fran­sada yanğınların sayı 269-a, İtaliyada 361-ə, Rumıniyada 741-ə, İspaniyada isə 381-ə çata bilər.

Qeyd edilir ki, Avropadakı meşə yanğınları son illərdə bütün qitədə karbon emis­siyalarının miqdarını ən sıx həddə çatdırıb.

Avropa Birliyinin (Aİ) Co­pernicus peyk izləmə sistemi, xüsusilə Fransa, İspaniya və Portuqaliya üzərində intensiv karbon emissiyalarını qeyd edib. Peyk görüntülərində Fransada baş verən yanğın­lar səbəbi ilə yayılan tüstü sıxlığı diqqət çəkib.

Copernicus Atmosfer Mo­nitorinq Xidmətinin hesaba­tına görə, 2003-cü ildən bəri ən yüksək karbon emissi­yası iyun-avqust aylarında Fransada yanğınların davam etdiyi bölgədə qeydə alınıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

15 Avqust 2022 23:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə