Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkotik vasitələrlə bağlı cinayətlər haqqında statistika açıqlanıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 18223 cinayət hadisəsinin 5768-i və ya  31,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 39,2 faiz çoxdur.

Bu barədə "Xalq qəzeti"nə Dövlət Statistika Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 59,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4036 şəxs müəyyən edilib ki, onların da 33,1 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 73,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar,  7,6 faizi 18-24 yaşlı, 17,5 faizi 25-29 yaşlı gənclər, 74,7 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmub.

Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 915 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,4 faiz çoxdur.

2022-ci ilin yanvar–iyun ayları ərzində 2540,7 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 1256,0 kiloqramını heroin, 873,8 kiloqramını marixuana, 268,2 kiloqramını tiryək, 11,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,3 kiloqramını kokain, 131,0 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

15 Avqust 2022 20:26 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə