Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə sosial təminat haqqında statistika açıqlanıb

2022-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1159,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 11,5 faizini təşkil edir.

Dövlət Statistika Komitəsinin Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, onların 60,5 faizi yaşa, 26,6 faizi əlilliyə, 12,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 10,9 faiz artaraq 368,0 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 44,5 faizinə bərabər olub.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən 2022-ci ilin 1 yanvar tarixindən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 240 manat müəyyən olunub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2022-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb, qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunub.  

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2022-ci il iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 124,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 109,2 min) nəfər, əlilliyə görə - 52,2 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 210,4 min (müvafiq olaraq 54,4 min və 212,9 min) nəfər, ailə başçısını itirməyə görə - 53,2 min (48,8 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,5 min (23,7 min) nəfər olub.  

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 207 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 5,8 min ailəsinə 9,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2082 nəfər bir yaşınadək uşağı olan 2011 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 10 uşağa görə 9 ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 10,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 327 şəxsə isə kompensasiya verilib.

Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilmişdir.

2022-ci il iyulun 1-i vəziyyətinə 39,6 min aztəminatlı ailənin 174,6 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 78,42 manat təşkil etmişdir.

Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 376,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

15 Avqust 2022 18:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə