Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “Qala Həyat” sığorta şirkəti SİMA-nın növbəti tərəfdaşı olub.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, bundan sonra “Qala Həyat” müştəriləri SİMA yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq şəxsi kabinetlərinə daxil olub, “Kredit üzrə borcalanın həyat sığortası” məhsulunu sifariş verə biləcəklər. “Qala Həyat” sığorta şirkətinə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və operativ həyata keçirəcəklər.

SİMA vasitəsilə gələcəkdə digər sığorta məhsullarından da yararlanmaq mümkün olacaq.

Qeyd edək ki, yeni nəsil rəqəmsal imza sığorta ilə yanaşı, digər elektron xidmətlərdən də istifadə etmək imkanı verir. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “sima.az” saytından və “157” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

15 Avqust 2022 14:45 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə