Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq qəzeti”: 103 illik tarixi marafonda rekord göstərici

 Bu gün qəzetimiz 30 mininci sayını oxuculara təqdim edir

 

 Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli müharibə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.

Heydər ƏLIYEV

Ümummilli lider

 

 

 Azərbaycan coğrafi-siyasi mövqeyinə görə həmişə sivilizasiyaların qovuşma məkanı olmuş, Qərbin və Şərqin çox güclü təsirinə məruz qalmışdır. Qədim türk, Yu­nan-Roma mədəniyyətinin, antik siviliza­siyanın güclü təsiri altında elm, ədəbiyyat və incəsənətimiz özünəməxsus forma və məzmun çalarları qazanmış, böyük inkişaf yolu keçmiş, xalqımız dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişdir.

XX əsrdə dünya sivilizasiyasının inki­şafında ciddi dəyişikliklər baş verdi. Bəşər tarixinin inkişaf vektorunu müəyyən edən bəzi ölkələr arasında güclənən qarşıdurma indust­rial sivilizasiya cəmiyyətini qanlı müharibələr və kütləvi qırğınlar dövrünə sürüklədi. Birinci Dünya müharibəsi (1914 –1918-ci illər) Avropa ölkələrində və Rusiyada vəziyyəti son dərəcə pisləşdirdi. 1917-ci ilin əvvəllərində Rusiya imperiyasında inqilabi böhran gücləndi. Fevralın 23-də Petroqradda 130 min fəhlə “Çörək!”, “Rədd olsun müharibə!” şüarları ilə küçəyə çıxdı. Ordu hissələrinin bir qismi etirazçılara qoşuldu. Martın 2-də çar II Nikolay hakimiyyətdən qardaşı Mixailin xeyrinə əl çəkdi. Bir gün sonra Mixail Roma­nov da hakimiyyətdən imtina etdi. Beləliklə, Romanovlar sülaləsinin hakimiyyəti başa çatdı.

Rusiya imperiyasının süqutundan sonra 1917-ci il martın 9-da Xüsusi Zaqafqaziya Komitəsi, 1917-ci il noyabrın 11-də Zaqaf­qaziya Komissarlığı (“Zaqafqaziya müstəqil hökuməti”) yaradıldı. Regionda yaranmış siyasi şəraiti müzakirə edən Zaqafqaziya Komissarlığı Zaqafqaziya Seyminin çağırıl­ması haqqında qərar qəbul etdi. 1918-ci il aprelin 22-də Seym müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının yara­dılması haqqında bəyannamə qəbul etsə də, mayın 26-da Gürcüstanın ZDFR tərkibindən çıxmasından sonra may ayının 27-də Tiflisdə Seymin türk-müsəlman nümayəndələri top­laşaraq Azərbaycan Milli Şurasını yaratdılar. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. May ayının 28-də Milli Şura Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul etdi.

 

İstiqlal bəyannaməsinin 5-ci bəndində deyilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

Ölkə ərazisindəki bütün millətlərin nümayəndələri, siyasi və ictimai təşkilatlar bu hüquqdan sərbəst bəhrələnməyə başladılar.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və bütün türk dünyasında ilk demokratik respublika idi. Bu respublikanın yaranması xalqımızın görkəmli ictimai-siyasi xadimlərinin və Azərbaycan mətbuatının apardığı ideya-siyasi və məfkurə mübarizəsinin milli-mədəni dirçəlişə, milli şüurun oyanışına və müstəqil dövlətçilik arzularının gerçəkləşdirilməsinə istiqamətlənmiş məntiqi sonluğu idi.

1905–1920-ci illərdə fəaliyyət göstərən çoxsaylı mətbuat orqanlarının tipologiyası zəngin olduğu kimi, mövzu dairəsi də çox geniş və rəngarəng idi. Dövlət müstəqilliyimizin qorunub saxlanılması, milli ordunun formalaşması, xarici təhlükələrin və hərbi müdaxilənin dəf edilməsi, separatizm meyillərinin qarşısının alınması, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi, təfriqəçiliyə son qoyulması, neft uğrunda müxtəlif qruplaşmalar arasında şiddətlənən mübarizə mətbuatın gündəmində mühüm yer tuturdu. Milli-demokratik mətbuat cəbhəsində Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Məmmədhənifə Zeynallı, Əlabbas Müznib, Adil xan Ziyadxanov, Cəlil Məmmədquluzadə və başqaları daha çox fəallıq göstərirdilər. 200-ə yaxın mətbu orqanın nəşr olunduğu 1918–1920-ci illər Azərbaycanın mətbuat tarixində zəngin və maraqlı bir mərhələdir.

Həmin dövrdə “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzetlər istər tarixi mənbə, istərsə də jurnalist peşəkarlığı, obyektivlik, operativlik, ümumtürk dünyasının birliyi ideyası baxımından daha çox fərqlənirdi. “Azərbaycan”, “Azərbaycan hökumətinin əxbarı” və rus dilində nəşr edilən “Azerbaydjan” qəzetləri hökumətin rəsmi mətbuat orqanları idi.

Bu dövrdə nəşr edilən qəzet və jurnalların əksəriyyəti siyasi partiyalara məxsus idi. Çeşidli təsnifata varmadan qeyd edək ki, ölkədə 42 gündəlik, 40 həftəlik qəzet nəşr olunurdu. Təkcə rus dilində çap edilən bolşevik təmayüllü qəzet, jurnal və bülletenlərin sayı 50-dən çox idi. Həmin dövrün ictimai-siyasi həyatında siyasiləşmə və qütbləşmə cəmiyyətin bütün təbəqələrini, etnik qrupları əhatə etdiyindən, kommunist ideologiyasının təsiri altına düşən siyasi qruplaşmalar və partiyalar getdikcə daha fəal təşkilatlanır, siyasi təbliğatı genişləndirir, yeni mətbu orqanlar təsis edirdilər. Bu prosesə rəvac verən amillərdən biri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbuatın fəaliyyətinin hüquqi bazasının yaradılması istiqamətində gördüyü işlər idi. “Mətbuat haqqında nizamnamə” parlamentin iclasında dəfələrlə müzakirə olunaraq təkmilləşdirilsə də “Hümmət”, “Əhrar”, “Sosialist fraksiyası” tərəfindən tənqidə məruz qalmışdı. Əslində, bu nizamnamə hətta çağdaş sivil hüquq normaları baxımından belə, mütərəqqi və demokratik sənəd idi.

Bu demokratik sənədin müzakirəsi dövründə meydana gələn mətbuat orqanlarından biri 1919-cu il avqustun 29-da bolşeviklərin gizli mətbəəsində 4 min nüsxə tirajla çap edilən “Kommunist” qəzeti idi. Müsavat polisi gizli nəşrin yayımına sərt reaksiya verdi. Tirajın yarısı yayıldığından qalan hissəsi müsadirə edildi, qəzetin nəşri qadağan olundu. Dörd səhifəlik bu qəzet ideya-siyasi baxımdan ciddi bir təhlükə daşıyıcısı deyildi. Qəzetin həmin sayının redaktorunun Ruhulla Axundov, yoxsa Əliheydər Qarayev olması barədə aparılan müzakirələrə zənnimcə, “Kommunist” qəzetinin 1929-cu il 29 avqust tarixli 201 (2707)-ci sayında qəzetin 10 illik yubileyi ilə bağlı dərc edilən materiallar birdəfəlik son qoya bilər. Yubiley materiallarının birində Ruhulla Axundovun şəklinin altında açıq-aydın yazılıb: “Qəzetin birinci müdiri Ruhulla Axundov”.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olundu. Yeni hakimiyyəti təmsil edən bolşeviklər həmin gün Kolyubakin (indiki Nigar Rəfibəyli) küçəsində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaksiyasına gəldilər. Qəzetin redaktoru Ceyhun Hacıbəyli o vaxt Parisdə Versal Sülh Konfransında iştirak etdiyinə görə, onu Üzeyir bəy Hacıbəyli əvəz edirdi. Üzeyir bəy vəzifəsindən azad edildi, Əliheydər Qarayev redaktor vəzifəsinə təyin olundu. “Azərbaycan” qəzetinin kollektivi yeni redaktorun rəhbərliyi altında aprelin 30-da bərpa edilən “Kommunist” qəzetinin Azərbaycan dilində nəşrinə başladılar. “Azərbaycan” qəzetinin Kolyubakin küçəsindəki mətbəəsi də “Revkomun mətbəəsi” adlandırılaraq “Kommunist”in sərəncamına verildi. “Kommunist” ilk vaxtlar Müvəqqəti Hərbi İnqilab Komitəsinin, AK(b)P MK-nın, 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab Komitəsinin və Bakı Sovetinin, həmin ilin may ayından Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi, AK(b)P MK, Bakı Komitəsi və Bakı Sovetinin orqanı kimi fəaliyyət göstərməyə başladı.

Marksistlərin, sosialistlərin, mühafizəkarların, ittihadçıların milli şüurun formalaşmasına əngəl olduğu bir dövrdə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi ideoloqların təsiri altında formalaşan və “Azərbaycan” qəzetinin kollektivində çalışaraq müstəqilliyin qorunmasına, istiqlal düşüncəsinin dərinləşməsinə önəmli töhfələr verən milli-demokratik ruhlu ziyalılar uzun illər ərzində “Kommunist” qəzetinin redaksiyasında xalqın milli maraqlarının gerçəkləşməsi yolunda açıq və gizli mübarizənin fədailərinə çevrildilər. 1920-ci illərdə xalqın maariflənməsi, savadsızlığın ləğvi, milli mədəniyyətin və ölkə iqtisadiyyatının inkişafı, ümumbəşəri və milli-mənəvi dəyərlərin bərəqərar olması yolunda mücadilənin fədakar qəhrəmanları olan bu ziyalılar ən çətin məqamlarda belə, “türkləşmək, islamlaşmaq, müasirləşmək” prinsiplərini əldə rəhbər tutan məfkurədən uzaqlaşmadılar. Onların böyük qismi 1937–1938-ci illərdə təqiblərdən, QULAQ düşərgələrindən, həbsxanalardan qurtula bilmədilər. Bəzilərinin dəfn olunduğu yer belə bu günə qədər məlum deyil. Qəzetin beş baş redaktoru 1937-1938-ci illərdə repressiyaya məruz qalaraq güllələndi, Əhməd Triniç isə 1936-cı ildə həbsxanada intihar etdi.

İkinci Dünya müharibəsinin sovet–alman cəbhələrində davam etmiş 1418 günlük savaşların xronikası, o dövrün ən mühüm fakt və hadisələrinin ümumi mənzərəsi Azərbaycan mətbuatında ardıcıl və ən əhatəli əksini “Kommunist” qəzetində tapmışdır. Bütün sovet mətbuatı kimi, Azərbaycanın dövri nəşrləri də, öndə “Kommunist” qəzeti olmaqla, müharibənin ilk günlərindən “dinc sovet həyatını pozan azğın faşistlərə” qarşı siyasi-ideoloji savaş elan etmişdi.

Müharibənin ilk aylarında respublika hökumətinin qəbul etdiyi qərara əsasən yerli mətbuat öz fəaliyyətini yenidən qurmalı, iş üslubunu hərbi qaydalara uyğunlaşdırmalı idi. Bu tələblərin gerçəkləşdirilməsində aparıcı rol “Kommunist” qəzetinə və Azərbaycan Dövlət İnformasiya Agentliyinə həvalə olunmuşdu. Müharibə dövründə yaranmış kağız qıtlığı və diğər çətinliklər nəzərə alınaraq, bütün ittifaqda olduğu kimi, Azərbaycanda da bir sıra sahə qəzetlərinin fəaliyyəti dayandırılmış, əsas nəşrlərin dövriliyi və səhifələrinin sayı azaldılmışdı. Azərbaycan KP MK-nin və ali dövlət qurumlarının orqanı olan, həftədə 5 dəfə nəşr edilən “Kommunist” qəzeti isə günaşırı 4 və 2 səhifədən ibarət çap olunmuşdu.

Faşist Almaniyasının SSRİ-yə qəfil hücumu barədə xəbəri və Ali Baş Komandanın xalqa müraciətini Azərbaycan oxucusuna ilk olaraq “Kommunist” qəzeti çatdırmışdı. Qəzet həmin sayında SSRİ xarici işlər naziri Molotovun çıxışını, SSRİ-nin ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan olunması barədə sovet rəhbərliyinin qərarını da çap etmişdi. Sonrakı aylarda və illərdə müharibənin gedişi barədə Sovet Məlumat Bürosunun gündəlik açıqlamaları “Kommunist”in hər nömrəsində 1-ci səhifədə yerləşdirilirdi.

Müharibənin ilk günlərində Azərbaycanın tanınmış ziyalılarının, şair və yazıçılarının faşist hücumu əleyhinə keçirilən mitinq və yığıncaqlardakı çıxışları qəzetin səhifələrində “Vətəni var qüvvəmizlə müdafiə edəcəyik” başlığı altında oxuculara çatdırılırdı. Alman faşizminə qarşı mübarizə, ön və arxa cəbhənin ən mühüm hadisələri barədə xəbərlər, soydaşlarımızın, müxtəlif xalqlardan olan döyüşçülərin qəhrəmanlığı və əmək hünəri barədə yazılar qəzetin səhifələrində geniş yer tuturdu.

O zaman sovet mətbuatının baş şüarına çevrilmiş “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” çağırışı “Kommunist” qəzetinin də fəaliyyətində aparıcı istiqaməti təşkil edirdi. Qəzetin manşetlərində, səhifələrin başlıqlarında, müxtəlif səpkili yazıların sərlövhələrində faşizmə nifrət aşılayan, qələbəyə səsləyən şüarlar böyük təsir gününə malik idi. “Kommunist”in 1941-ci il 24 iyun tarixli sayında dərc olunan “Qəhrəman xalqın qüdrətli səsi” adlı məqalədə sıralanan “Azğın düşməni axıradək məhv edəcəyik”, “Vətənin çağırışına səs verməyə hazırıq”, “Əmək cəbhəsində namusla çalışacağıq”, “Biz qalib gələcəyik” kimi şüarlar insanları cəhbəyə səfərbərliyə, düşmənə qarşı qətiyyətli mübarizəyə çağırırdı.

Müxtəlif cəbhələrdə qəhrəmanlıqla döyüşən Azərbaycan xalqının mübariz övladları ilə bağlı oçerklər, bədii-sənədli yazılar, geniş araşdırmalar respublika mətbuatında daha çox “Kommunist” qəzetində dərc olunurdu. 1942-ci ilin 1 yanvar sayında “Kommunist” qəzeti Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəhrəmanlığından bəhs edən irihəcmli məqalə ilə çıxış etmişdi. Stalinqrad qəhrəmanı Həzi Aslanovun, cəsur təyyarəçi Hüseynbala Əliyevin və digər soydaşlarımızın hünəri barədə ilk yazıları da məhz bu qəzet oxuculara təqdim etmişdi. Zəhmətkeşləri qələbəyə töhfələrini artıtmağa ruhlandıran məqalə, oçerk, müxbir yazısı, şeir və hekayələr qəzetin bütün saylarında xüsusi yer tuturdu.

Cəbhənin və xalq təsərrüfatının neftə ehtiyacının 75 faizini o dövrdə Bakı neft sənayesi verirdi. Buna görə də qəzetdə aparıcı sənaye mövzusu döyüş sursatı istehsalı ilə yanaşı, neft hasilatının artırılması məsələləri idi.

Müharibənin gedişində Səməd Vurğun, Mir Cəlal, Süleyman Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əli Vəliyev kimi söz ustadlarının imzaları “Kommunist” qəzeti səhifələrində tez-tez görünürdü. Səməd Vurğunun “İgid şahin”, cəbhəyə yollanan Azərbaycan qızlarına ünvanlanmış “Şəfqət bacısı” şeirləri o zaman dillər əzbəri olmuş, ədəbiyyat və mətbuat tariximizə vətənpərvərlik mövzusunda parlaq nümunələr kimi daxil olmuşdur. Qəzetin qələbəyə yönəlik bu fəaliyyəti 1945-ci ilin 9 mayında alman faşizminin məğlub olaraq kapitulyasiya aktını imzalamasınadək davam etmişdi. Qalib xalqın Zəfər təntənəsi də qəzetdə layiqli əksini tapmışdır.

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi fədakarlıq sonrakı illərdə tarixçi, iqtisadçı alimlər tərəfindən tədqiq olunarkən ən çox istinad edilən mənbə “Kommunist” qəzetində o dövrdə çap edilmiş materiallardır. Görkəmli jurnalist və mətbuat tarixçisi, müharibə vaxtı qəzet redaktorunun müavini işləmiş Nəsir İmanquliyevin “Kommunist” qəzeti Böyük Vətən müharibəsi illərində zəhmətkeşlərin əmək qəhrəmanlığı uğunda mübarizəsində” mövzusunda namizədlik dissertasiyasında Azərbaycanın cəbhəyə genişmiqyaslı köməyi redaksiyanın o dövr fəaliyyəti prizmasından əhatəli araşdırılmışdır.

Müharibə zamanı “Kommunist” qəzetinin redaktoru olmuş Rza Quliyev o dövrlə bağlı xatirələrini “Şanlı səhifələr” kitabında belə ifadə etmişdir: “Müharibə şəraitində qəzetin rol və əhəmiyyəti, məsuliyyət və məqsədi ikiqat artıq idi. Məhz buna görədir ki, biz qəzetin hər nömrəsi üzərində çox fikirləşir, məqalə və yazıların, sərlövhə və başlıqların hər dəfə düşmənə qarşı mübarizəyə yönəldilməsinə çalışır, fəhlələrə, kolxozçulara və ziyalılara arxalanırdıq. Hamının nəzəri cəbhəyə dikilmişdi. Buna görə də respublikamızın zəhmətkeşləri Böyük Vətən müharibəsi cəbhələrindən alınan müxtəlif xəbərlərlə, Sovet Məlumat Bürosunun yaydığı cəbhə yenilikləri və Ali Baş Komandanın əmrləri ilə tanış olmaq üçün qəzetin hər bir nömrəsini səbirsizliklə gözləyirdilər”.

Həyatın bütün sahələrini yüksək professionallıqla işıqlandırmaq, xalqı respublikanın qarşısında duran vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə səfərbər etmək baxımından ötən əsrin 70-ci illəri “Kommunist” qəzetinin fəaliyyətində yeni və üstün bir mərhələ təşkil etmişdir. Bu dövr 1969-cu ilin 14 iyulunda respublikanın ali rəhbərliyinə gəlmiş Heydər Əliyevin öz Vətənini sivil inkişafın ön mövqelərinə çıxarmaq uğrunda start verdiyi tarixi mübarizənin miqyası və əzəməti ilə müəyyən edilən bir intibahın “Kommunist” qəzetində layiqincə əks olunması prosesini əhatə edir.

Qarşısına qoyduğu möhtəşəm hədəflərə çatmaqda kütləvi səfərbərliyin, mətbuatın yaratdığı aşkarlıq mühitinin rolunu layiqincə dəyərləndirən təşəbbüskar və yüksək enerjili yeni rəhbər, ilk növbədə, respublikanın aparıcı rəsmi dövri nəşri olan “Kommunist” qəzetinin fəaliyyətinin yenidən qurulması, texniki proseslərin müasirləşdirilməsi, tirajın 650 min nüsxəyə çatdırılması üçün zəruri tədbirlər həyata keçirmişdi. Bütün bunların yekununda ulu öndər cəmiyyət həyatında qəzetin rolunun və çıxışlarının təsirliliyini yüksək səviyyədə təmin etmişdi.

Azərbaycan rəhbərliyinə gəldiyi ilk 2 ayda ulu öndərin atdığı ən önəmli addımlardan biri 1969-cu il sentyabrın 18-də qəzetin 50 illik yubileyinin ən yüksək səviyyədə qeyd edilməsi olmuşdu. Akademik Dram Teatrında keçirilən, xaricdən və ittifaqın hər yerindən fəxri qonaqların dəvət olunduğu bu yubiley təntənəsində xalqımızın böyük oğlunun respublika miqyaslı tədbirlərdə ilk dəfə Azərbaycan dilində çıxış etməsi kommunist epoxasında yeni milli bir dövrün başlanması barədə cəmiyyətə önəmli bir mesaj kimi səslənmişdi. Yubiley münasibətilə qəzetin keçmiş SSRİ-nin nüfuzlu təltiflərindən olan “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülməsi bu gündəlik anadilli ictimai-siyasi nəşrin yarıməsrlik fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, redaksiyanı Azərbaycanın həyatında başlanan yüksəliş prosesini daha peşəkərcasına və əhatəli əks etdirməyə ruhlandırmışdı.

Ümummilli lider Heydər Əliyevin davamlı təşəbbüslərindən və gərgin fəaliyyətindən qaynaqlanan, 1969–1982-ci illəri əhatə edən həmin intibah dövründə Azərbaycanın kənd təsərrüfatının müasir aqrotexniki və mexaniki əsaslarla yenidən qurulub inkişaf etdirilməsi, sənayenin yeni istehsal sahələrini yaratmaqla medernləşdirilməsi, sosial sferanın təzələnməsi və genişləndirilməsi, milli-mədəni yüksəlişə nail olunması istiqamətlərində qazanılan uğurlar nəinki “Kommunist” qəzetinin səhifələrində mükəmməl əksini tapmış, eyni zamanda, redaksiya kollektivi səfərbəredici, təşviqedici çıxışları ilə bu tarixi tərəqqinin önündə getmişdir.

Azərbaycanın ittifaqın geridə qalmış respublikalarından biri olmasına qısa müddətdə son qoyulması, 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal edilməsi, yüzlərlə yeni müasir müəssisə və obyekt yaradılması, genişmiqyaslı abadlıq-quruculuq işlərinin nəticəsi olaraq şəhər və kəndlərin simasının tamamilə dəyişməsi, həyat tərzinin əsaslı surətdə yüksəldilməsi kimi ümummilli tarixi müvəffəqiyyətlərdə qəzetin oynadığı önəmli rolu böyük rəhbər o dövrdə də yüksək qiymətləndirmişdi, sonralar da dəfələrlə məmnunluqla xatırlamış və medianın milli maraqlara dərindən bağlılığı örnəyi kimi qeyd etmişdir.

Sovet dövründə Azərbaycanın hərtərəfli inkişafında zirvə təşkil etmiş həmin dövr barədə tarixçilərin və digər tədqiqatçıların sonrakı illərdə, elə bu gün də ən çox müraciət etdiyi zəngin və mötəbər mənbə “Kommunist” qəzetinin toplularıdır. Media tarixçiləri və nəzəriyyəçiləri də mətbu fəaliyyətin kütləviliyinə nail olunması, qəzetin həqiqi xalq tribunasına çevrilməsi, dövri nəşrin cəmiyyət həyatına təsirinin yüksəldilməsi kimi məsələlərdə “Kommunist”in avanqard rolunu və canlı jurnalistika məktəbi olmasını həmişə diqqətdə saxlamış və kifayət qədər yüksək dəyərləndirmişlər.

1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi mübarizə yeni mərhələyə qədəm qoydu. Kommunist partiyasının və sovet rejiminin sərt nəzarət sisteminin çeşidli cəza tədbirlərinə, dövlət təhlükəsizliyi orqanlarının gücləndirilmiş iş rejiminə keçməsinə baxmayaraq, bütün SSRİ məkanında imperiyanın çökməsinə, süqutuna yönəlmiş proseslər millətlərin öz haqları uğrunda mübarizəyə qalxmasına təkan verdi. İmperiya özünüqoruma instinktinin təsiri altında çirkli planlar tərtib edir, millətlər arasına nifaq salaraq milli-azadlıq mübarizəsini söndürməyə çalışırdı. Bir tərəfdən Kremlin, digər tərəfdən dünyadakı erməni diasporunun dəstək verdiyi erməni millətçilərinin qanlı separatizm hərəkatı bir-birinin ardınca ağır cinayətlərə imza atırdı. Ermənistanda yaşayan 200 mindən artıq soydaşımızın deportasiyası ölkədə vəziyyəti daha da gərginləşdirdi. Zəifləmiş inzibati amirlik sisteminin başında duran milli təəssübkeşlik hissindən uzaq müti icraçılar təbəqəsi durumun fərqində deyildilər. Ölkə parçalanmaq və dağılmaq ərəfəsində idi.

Sovet hakimiyyəti illərində yaranan və dövrün ideoloji çərçivəsindən kənara çıxmağa cəsarət etməyən qəzet və jurnalların əksəriyyəti, habelə televiziya və radio baş verən hadisələrin mahiyyətini anlasalar da bəzən susmağa üstünlük verir, taleyüklü prinsipial məsələlərin şərhindən, ona münasibət bildirməkdən yayınırdılar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıya yeridilməsi qanlı qırğınla nəticələndi.

Azərbaycanın bu ağır günlərində ulu öndər Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarının nəzarəti altında yaşamasına baxmayaraq, oğlu İlham Əliyevlə yanvarın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ölkənin ali siyasi rəhbərliyini baş vermiş ağır faciədə ittiham etdi, qanlı qırğının hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu bəyan etdi.

Ulu öndərin bu çıxışı çox mətləblərə aydınlıq gətirdi. Azərbaycan xalqı da, ölkədə nəşr edilən mətbuat orqanları da seçim qarşısında idilər: ya avtoritar rejimin tələblərinə boyun əyməli idik, ya da milli-azadlıq mübarizəsini davam etdirərək müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləməli idik.

“Kommunist” qəzetində çalışan milli-demokratik ruhlu peşəkar jurnalistlər, milli maraqları hər şeydən uca tutan ziyalılar dövrün, zamanın tələblərini dəyərləndirərək düzgün seçim etdilər.

Qanlı Yanvar günlərində informasiya blokadasını yararaq baş verən hadisələr haqqında dünya ictimaiyyətinə informasiya verən ilk qəzet yanvarın 25-də dərc edilən “Kommunist” qəzetinin əlavəsi “Səhər” qəzeti oldu. “Səhər” qəzetinin 2 milyon tirajla dərc edilən həmin nömrəsində redaksiyanın bəyanatı da çap olunmuşdu. Bəyanatda deyilirdi: “Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbərdar olacaq, öz etiraz səsini ucaldacaqdır”.

 

Həmin nömrədə 20 Yanvarda şəhid olanların və yaralananların siyahısı da dərc olunmuşdu. Qəzetin çap olunmasına icazə verdiyinə görə fövqəladə vəziyyət rejimi dövründə “Azərbaycan” nəşriyyatında senzura məsələlərinə nəzarət edən general-mayor Aleksandrova töhmət verilmişdi. İki gün sonra bu qəzet İranda, daha sonra Pribaltika respublikalarında çap olunaraq yayıldı.

Mətbuat üzərində hərbi senzura və ciddi siyasi senzura nəzarəti olmasına baxmayaraq, mətbuat orqanları söz, fikir və məlumat azadlığı yoluna doğru irəliləməkdə idi. Azad və müstəqil mətbuat orqanlarının ilk təmsilçiləri olan “Azadlıq”, “Aydınlıq”, “Vətən səsi” və digər qəzetlərin fəaliyyəti “sovet xalqı”, “xalqlar dostluğu”, “beynəlmiləlçilik tərbiyəsi” adı altında xalqları, millətləri sümürgəçilik girdabına salan saxta ideoloji təbliğatın zərərli mahiyyətinin ifşasında mühüm rol oynadılar. Uzun illər ərzində böyük bir məkanı xalqlar həbsxanasına çevirən kommunist ideologiyası yaratdığı totalitar rejimlə birlikdə dərin böhran keçirirdi. Xaos, anarxiya, hakimiyyətsizlik girdabına düşən cəmiyyət yaşam hüququnu itirmişdi. Zaman xalqın gerçək arzu və istəklərinin ifadəçisi kimi mətbuatın fikir və söz azadlığı müstəvisində müstəqillik ideyasının carçısına çevrilməsini tələb edirdi.

Bu həqiqəti ilk anlayan mətbuat orqanlarından biri “Kommunist” qəzeti idi. Ermənistanın işğalçılıq siyasətinin ifşası “Kommunist”in vətənpərvər kollektivinin məslək və əqidə borcuna çevrilmişdi.

Müstəqilliyə gedən yolun milli-azadlıq mübarizəsindən keçdiyini yaxşı dərk edən “Kommunist”in kollektivi bu yola qədəm qoyan ilk mətbuat orqanları sırasında idi. Qəzetin kollektivi Kommunist Partiyasının SSRİ-də qadağan olunmasından xeyli əvvəl AKP MK-nın təsisçiliyindən imtina edərək 1991-ci il avqustun 27-dən sonra qəzetin “Xalq qəzeti” adı ilə nəşrinə qərar verdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələrin yeritdiyi yarıtmaz siyasət üzündən hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması xoş ideya olaraq qalırdı. 1991 – 1993-cü illərdə iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhədə hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması və parçalanma həddinə gəlmişdi.

1993-cü ilin iyununda xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderin müstəqil Azərbaycanın inkişafı naminə başladığı islahatların spektri çox geniş idi. Onun ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993 – 2003-cü illər ən yeni tariximizə bazar iqtisadiyyatının mühüm seqmentlərindən olan dövlət mülkiyyətinin özəlləşdirilməsi, infrastrukturun yenilənməsi, Şərq – Qərb, Şimal – Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı istiqamətində tədbirlər görülməsi, sosial problemlərin kompleks həlli, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə reallaşdırılan taleyüklü proqramlar “Xalq qəzeti”nin dolğun işıqlandırdığı aktual mövzular arasında xüsusi yer tuturdu.

Azərbaycanın sosial-iqtisadi siyasətinin strateji hədəfləri – sosial yönümlü, diversifikasiyalı milli iqtisadiyyatın formalaşdırılması və dünya iqtisadi sisteminə inteqrasiyanın təmin olunması, habelə gənc müstəqil dövlətin xarici siyasət strategiyasının uğurları operativliklə geniş oxucu auditoriyasına çatdırılırdı. Qəzetin milli maraqlara bağlılığı, xalqa xidmət amalı ulu öndər Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirilirdi. Ümummilli lider 1994-cü ildə qəzetimizin 75 illik yubileyi münasibətilə redaksiyamıza ünvanladığı təbrik məktubunda yazırdı: “Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli müharibə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.

Təcavüzkar Ermənistanın 2016-cı il aprelin əvvələrində cəbhə bölgəsində törətdiyi fitnəkarlığa cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin cinahlardan düşmənə sarsıdıcı zərbələr endirərək, onun quldur birləşmələrini geri çəkilməyə məcbur etməsi xalqımızın Qarabağı hərbi yolla azad etməsinin xülya deyil, gerçək bir vasitə olduğunu bütün dünyaya nümayiş etdirdi.

“Xalq qəzeti” bu zəfəri öz oxucularına ictimai rəydə düşmənin məğlubiyyət zolağına daxil olmasının başlanğıcı, Xalq – Lider – Ordu birliyini isə Qələbənin zəruri şərti kimi təqdim etdi. Qəzetin bu mövzuda çıxışlarında yaxınlaşan böyük Qələbənin qarşısıalınmazlığı vurğulanır, Aprel döyüşləri ölkəmizin düşmənə sonuncu ciddi xəbərdarlığı kimi dəyərləndirilirdi.

Azərbaycanın işğal edilmiş torpaqlarının dinc yolla geri qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupunun apardığı səmərəsiz sülh danışıqlarının dalana dirənməsi, işğalçı ölkənin yeni ərazilərin ələ keçirilməsinə yönəlmiş sərsəm hədələrinin artması ölkəmizin beynəlxalq hüquqa əsaslanmaqla öz ərazi bütövlüyünü hərbi yolla təmin etməsi zəruriliyini aktuallaşdırdı. Yaranmış vəziyyətin mahiyyətinin xalqa çatdırılması, perspektiv addımların çevik informasiya təminatının işə salınması bütün parametrləri ilə “Xalq qəzeti”nin fəaliyyətində müqəddəs vəzifə olaraq ön plana çıxdı. Redaksiya siyasi-hərbi qarşıdurmanın yeni mərhələyə daxil olmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq məclislərdə, önəmli forum və görüşlərdə “hərbi yol”un gündəmə gəlməsini ifadə edən bəyanatlarına uyğun təbliğat kampaniyası ilə cavablandırdı.

Tarixə “Aprel döyüşləri” adı ilə daxil olmuş qələbənin yaratdığı ümummilli ruh yüksəkliyi yaxınlaşan qəti savaşda xalqın və ordunun Qələbəyə inamını daha da gücləndirdi. Redaksiya jurnalist peşəkarlığını və ekstremal şəraitdə təbliğatın önəmli tələblərini öz fəaliyyətində hər zaman uca tutdu. 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi irimiqyaslı təxribat səmərəsiz sülh danışıqlarını süpürüb bir kənara atdı. Azərbaycan xalqı Ali Baş Komandanın rəşadətli Azərbaycan ordusuna “İRƏLİ!” əmri verməsini misilsiz bir coşğu ilə qarşılayaraq, dəmir yumruq kimi birləşdi.

44 günlük Vətən müharibəsinin xronikası, dövlət başçısı İlham Əliyevin müdrik sərkərdə və Ali Baş Komandan kimi döyüş əməliyyatlarına məharətlə rəhbərlik etməsi, baş verən hadisələrə çevik reaksiyası, beynəlxalq auditoriyaya yönəlik informasiya savaşı “Xalq qəzeti”nin müharibə dövrü fəaliyyətinin əsas qayəsini təşkil etdi. Redaksiya müqəddəs Vətən savaşının hədəflərini, hərbi-siyasi təminatlarını, müharibə dövrünün hər sahədə təzahür edən səfərbəredici ruhunu müxtəlif səpkili yazılarla xalqa çatdırmaq üçün fədakarlıqla çalışdı.

Bu səylərimiz qəzetin səhifələində mükəmməl əksini tapmaqla müharibənin əhatəli və məzmunlu xronikasına çevrildi. Liderin müdrikliyi və sərkərdəlik məharəti, xalqın qalib gəlmək əzmi, nəticədə, ordunun misilsiz qəhrəmanlığına qovuşaraq düşməni diz çökdürdü. Ordunun cəbhədə göstərdiyi qəhrəmanlığı operativliklə, obyektivliklə, yüksək səviyyədə əks etdirən Azərbaycan mediası və tarixi məqamlarda öndə olmaq ənənəsinə sadiq qalan qəzetimizin kollektivi informasiya müharibəsində də peşəkarlıq nümunələri göstərdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qələbə qazanaraq azad etdiyi torpaqlarımızda bu gün misilsiz bərpa-quruculuq işləri həyata keçirilir. “Xalq qəzeti”nin kollektivi bu böyük prosesin salnaməçisi olmaqdan qürur duyur.

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

14 Avqust 2022 00:00 -

Köhnə versiyamızdan xəbərləri izlə