Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük xalq, qüdrətli dövlət, güclü ordu

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övlad­larımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Biz son 20 ildə təkcə xalqımızın yeni tarixini yazmadıq, həm də dünya siyasətçilərinin leksikonuna “Cənubi Qafqazın yeni həqiqətləri” və “Müa­sir Azərbaycan reallıqları” ifadələrini də gətirdik. Biz bu müddətdə təkcə Azərbaycanın beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsini təmin etmədik, həm də beynəlxalq aləmdəki anti-Azərbacan qüvvələrin, ölkəmizə qarşı çıxanların böyük əksəriyyətini tərksilah etdik. Xalqımız, ordumuz və dövlət başçımız dünya erməniliyinin son iki əsrdə qurduğu fitnə-fəsad torunu darmadağın etməklə, onların bütün iddialarının əsassız olduğunu aləmə car çəkdi.

Bütün bunlar üçün mühüm baza var idi – Heydər Əliyev siyasi kursu. Həmin kurs, obrazlı desək, möhtəşəm cəbbəxananı xatırladırdı. İlham Əliyev isə həmin cəbbəxanadan məharətlə istifadə edən sərkərdə kimi bütün strateji və taktiki üstünlüklərə sahib çıxdı.

Ulu öndər Heydər Əliyev hələ 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurul­tayında demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaq­larına qayıdacaqdır. İlham Əliyev ulu öndərin davamçısı olaraq həmin fikirləri gerçəyə çevirdi. Dövlət başçımız həmişə deyirdi ki, Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi: “Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edil­mişdir. Biz hamımız – həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasın­dan daha vacib və ali vəzifə yox idi”.

Bu ali məqsədə çatmaq yolunda dövlət başçımızın ən böyük dayağı xalqın ona inamı, etimadı və dəstəyi idi. Elə onun özü də dəfələrlə qeyd etmişdir ki, mən bütün addımları öz xalqıma və ölkə vətəndaşlarına güvənərək atıram.

Bu ali məqsədə çatmaq üçün əsas yollardan biri də qüdrətli Azərbaycan dövlətinin yaradılması idi. Nəyi, nə za­man, necə etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev qısa müddətdə Avrasiya məkanında qüdrətli Azərbaycan dövlətinin yaradılmasına nail olub.

Yadımdadır, bu il ənənəvi 27-ci Xəzər Neft və Qaz Sərgisində dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət iştirak edirdi. İştirakçıların siyahısında ölkəmizlə yanaşı, Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindis­tan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiya şirkətlərinin oldu­ğunu nəzərə çatdıran dövlət başçımız demişdi ki, bu fakt Azərbaycan dövlətinin qüdrətindən xəbər verir.

İlham Əliyev yaxşı bilirdi ki, qarşıya qoyulan əsas məqsədə nail olmaq üçün güclü ordu formalaşdırılmalıdır. Məhz buna görə də son 19 ildə ordu quruculuğu sürətlə aparılmışdır. 44 günlük müharibə ərəfəsində Azərbaycan artıq müasir orduya malik dövlət idi. Məhz buna görə də Azərbaycan əsas məqsədinə bilavasitə öz gücü hesabına çatdı: “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”. İkinci Qarabağ müharibəsindən sonra bəzi ekspertlər yazırlar ki, Azərbaycan təkcə dünya erməniliyi ilə deyil, Ermənistanın himayədarları ilə çarpışmış və bu savaşda Qələbə qazanmışdır.

Prezident İlham Əliyevin inanıb, etimad göstərdiyi qüvvələrdən biri də Azərbaycan gəncliyidir. Dövlət başçımız çıxışlarında xatırladır ki, İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı: “Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir”.

Fakt ondan ibarətdir ki, ikili standartlar­dan əl çəkməyən beynəlxalq təşkilatların riyakarlığına, anti-Azərbaycan qüvvələrin həyasızlığına və dünya erməniliyinə hər an, hər yerdə yeni nəfəs vermək istəyənlərin cəhdlərinə baxmayaraq, Azərbaycan öz məqsədlərinə nail ola bildi. Mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardına vuran, onları la­zımsız kağız kimi kənara atan Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun kəsərli əməliyyatlarını “qulaqardına vura bilmədi”. Yəni münaqişəyə son qoyan Azərbaycanın qəhrəman əsgəri oldu. Dövlət başçımız Şuşada olarkən xatırladırdı ki, bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz sıldı­rım qayalara dırmaşaraq demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla silahlanmış Ermənistan ordusuna qalib gəldilər: “Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş – əgər buna dirəniş demək mümkündürsə – göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir”.

Böyük xalqın, qüdrətli dövlətin və güclü ordunun rəhbəri olan Prezident İlham Əliyev 44 günlük müharibədən sonra dəfələrlə deyib ki, Ermənistan bundan sonra məğlubiyyət damğası ilə yaşayacaq, biz isə əbədi olaraq üzüağ, başıuca xalq kimi qürurla yaşamaq­da davam edəcəyik: “Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq. Artıq postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Çünki bir daha demək istəyirəm, bizim Qələbəmiz, özü də 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri bizə həmişə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz...Onlar bir məsələni diqqətdən kənarda qoymuşdular–Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sev­gisini. Bəli, düzdür, bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafi­yası bizim üçün çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada – tarixi şəhərimizdə qoyduq”.

Xalqımızın, ordumuzun və liderimi­zin qətiyyəti birmənalı olaraq üst-üstə düşür: “Biz bundan sonra ancaq və ancaq güclənəcəyik... Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq ilyarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. “Dövlət başçımız bu əminliyin arxasında beynəlxalq dəstəyin də da­yandığını söyləyir: “Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan–Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Digər beynəlxalq təşkilatlar – məsələn, sədrlik etdiyimiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqla­rını qəbul etmişlər. İndi qonşu ölkələr 3+3 formatda beş ölkə hazırda əməkdaşlıq formatı yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

14 Avqust 2022 02:24 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə