Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ–Çin qarşıdurmasının bəzi məqamları

Hazırda qlobal miqyasda ciddi geosiyasi problemlər baş alıb gedir. Belə bir həssas və mürəkkəb vəziyyətdə dünya­nın gələcək taleyi bir çox mənada Amerika ilə Çin arasın­dakı münasibətlərdən asılı ola bilər. Bu iki gücün qarşılıqlı münasibətlər səviyyəsi praqmatizmdən və gündəlik məsələlərin həlli səviyyəsindən daha əhatəli konseptual səviyyəyə yüksəlsə, dünya nizamının pozulması təhlükəsi aradan qalxar. Bu isə dünyada sülhün bərqərar olması və tərəqqi üçün şansın yaranması demək olar.

Xatırladaq ki, hələ 5 il əvvəl Kolumbiya Universitetində Amerika ilə Çinin 200-dən çox nüfuzlu dövlət xadimi, siyasətçisi və elm adamları bir araya gələrək yaxın 50 il müddətində münasibətlərin geosiyasi aspektlərini müzakirə etmişdilər. Tanınmış strateq, ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer öz çıxışında qlobal geosi­yasi proseslərin məzmununu dəyişə biləcək meyillərdən bəhs etmişdi. Amerikalı mütəxəssis bildirmişdi ki, ya çəkişmə davam etməli və dünya fəlakətə yuvarlanmalıdır, ya da tərəflər dialoqa gələrək, ortaq fəaliyyətlə bəşəriyyətin inkişafına, sülhə töhfə verməli, dünyada birgə inkişaf üçün şərait yaratmalıdırlar.

Təəssüf ki, hələ də ortaq razı­lıq əldə olunmayıb. Əzəldən ABŞ və Çin diplomatik münasibətlərini əsasən strateji təsəvvürləri rəhbər tutaraq qurublar və indiyə qədər də həmin qaydadan kənara çıxmırlar. Çinin sürətli inkişafı bu rəqabətə yeni gərginlik çaları verib. Burada kimisə günahlandırmaq deyil, gerçək vəziyyəti adekvat dərk etmək zərurəti var. H.Kissincer etiraf edir ki, hələlik hər iki ölkə rəhbərliyi yalnız rəqabəti düşünür. Dünya liderliyi uğrunda açıq, yaxud gizli savaş gedir. Bu isə çox təhlükəlidir. Səbəbi ondan ibarətdir ki, dünyada geosiyasi şərtlər sürətlə dəyişir, qarşıya mürəkkəb xarakterli risklər çıxır. ABŞ–Çin münasibətlərində rəqabətdən dialoqa keçilməsə, insanlıq qarşısıalınmaz xaos yaşaya bilər.

ABŞ Nümayəndələr Palatası­nın spikeri xanım Nensi Pelosinin Tayvana qalmaqallı səfəri fonunda Henri Kissinceri ona görə yada saldıq ki, bu gün dünyanın müxtəlif bölgələrində iki böyük güc arasında intriqalar müşahidə edilməkdədir, qarşıdurmalar səngimir. Çin özünün Amerika ilə əlaqələrində çox ehtiyatlı və ölçülü-biçili davranır. İki yüz ildir ki, bu ölkə öz cəmiyyətini gücləndirmək, hər nəfərə düşən orta gəliri inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdır­maq əzmindədir. Bu isə geosiyasi əhəmiyyət və fəallıq baxımından Asi­yanın “dünyanın ağırlıq mərkəzi”nə çevrilməsinə aparıb çıxara bilər ki, təbii olaraq ABŞ bu prosesi görməzdən gələ bilməz. Ona görə də əsas vəzifələrdən biri “amerikan müstəsnalığı” ilə “Çin arzusu” arasın­da uyğunluğun tapılmasından ibarət olmalıdır.

Bu kontekstdə Rusiya və Avropa İttifaqının Amerika-Çin tandeminə reaksiyası da maraq kəsb edir. Amma çətin ki, kimlərsə potensial baxımın­dan ABŞ-la Çinə qarşı duruş gətirə bilsin. Buna görə də bəşəriyyət yeni münasibətlər mərhələsinə qədəm qoyur.

Kolumbiya Universitetində Kis­sincerin çıxışından sonra da analoji çəkişmə mövzusunda müzakirələr dayanmayıb. Məsələn, internet ticarət sahəsində məşhur “Alibaba Group” publik şirkətinin yaradıcısı, dünya­nın ən varlı şəxslərindən sayılan çinli Cek Ma deyib ki, Çin–Amerika münasibətlərinin inkişaf prosesindəki texnoloji inqilab əsrində ticarət çəkişmələri labüddür. Bunlar nə yaxın aylarda, nə də iki ildən sonra bitəcək. Biz ona hazır olmalıyıq ki, həmin savaşların fəsadları yaxın 20 ilə kimi uzanacaq. Qeyd edək ki, “Alibaba Group” ABŞ və Çin arasında ticarət savaşlarının dərinləşməsi üzündən ABŞ-da 1 milyon iş yerinin yaradılma­sı vədindən geri çəkilib.

Çəkişmələr davam etməkdədir. Hələ ötən ilin dekabr ayında “de­mokratiya” sözünün mənası ilə bağlı Sakit okeanda söz müharibəsinin baş verdiyi yada düşür. O zaman Birləşmiş Ştatlar “Demokratiya üçün Zirvə toplantısı” keçirdi, müxtəlif regi­onlardan liderlər dəvət edildi. Çin isə ABŞ-ı soyuq müharibə tərzində qlobal geosiyasi parçalanmanı qızışdırmaq­da ittiham etdi və özünün “Demokra­tiya üzrə dialoqu”nu çağıraraq, qarşı tərəfi pulu və elitanı hər şeydən üstün tutan saxta demokratiyada ittiham etdi. Bu diskurs döyüşü Çinin ABŞ-a baxışında son 15 ildə tədricən for­malaşan tendensiyanın nümunəsidir. 2008-ci il qlobal maliyyə böhranı, Amerikanın uğursuz hərbi kampani­yaları və COVID-19 pandemiyasının yanlış idarə olunması Çin liderlərini ABŞ-ın gücünə və imkanlarına şübhə ilə yanaşmağa vadar etdi. Bununla belə, Vaşinqton Çinin davranışlarını təhrik və ya çəkindirmə yolu ilə forma­laşdırmağa qadir olduğuna inanır. Hətta, ABŞ öz təsirinin hüdudlarını və nüfuzunun son nisbi enişini tanısa da, hələ də hərbi və iqtisadi qüdrətində, müttəfiqlik şəbəkələrində, demokra­tik dəyərlərdə yumşaq gücün böyük potensialını görür. Fakt budur ki, Çin və ABŞ arasında Amerikanın gücü ilə bağlı yanaşma boşluğu fəlakət üçün potensial reseptdir. Bu, münaqişənin qaçılmaz olduğunu ifadə etməsə də, ABŞ-Çin münasibətlərində səhv he­sablama və yanlış ünsiyyətləri daha təhlükəli edir.

Yeni əsrdə Çinin ABŞ-a münasibəti xeyli dərəcədə dəyişib. “Global Times” qəzetinin son sorğu­sunda Çin vətəndaşlarının 96 faizinin ABŞ-a mənfi baxışları olduğu bildirilib və hətta nisbətən müstəqil hesab­lamalara görə, ABŞ-a mənfi baxan çinlilərin sayı 60 faizdən yuxarıdır. Halbuki, 2005-ci ildə çinlilərin 47,7 faizi ABŞ-a nümunə, tərəfdaş və ya dost kimi baxırdı. Bu kimi statistika həm də ABŞ-ın qüdrətinin və nüfu­zunun nisbi tənəzzüldə olduğuna dair ümumi təsəvvürü ortaya qoyur. Amerikanın zəifləməsi ilə birlikdə Çi­nin yüksəlməsi fikri 2008-ci il maliyyə böhranından sonra, bir çox çinlilərin qlobal güc balansında öz xeyrinə dəyişikliyi gördüyündə ortaya çıxıb. İndi “Şərq küləyi Qərb küləyi üzərində üstünlük təşkil edir” kimi şüarlar daha çox səslənir.

Qeyd edək ki, 2017-ci ilin sonun­dan bəri ABŞ–Çin gərginliyinin art­ması, COVID-19 pandemiyasının baş verməsi ABŞ-ın gücünə və təsirinə qarşı daha bir tənqid və skeptisizm dalğasına səbəb olub. Tramp Admi­nistrasiyasından üzübəri daha çox millətçi ritorika, Amerikanın Çinə qarşı proteksionist ticarət siyasəti və Vaşinqtonun koronavirusu idarə etməkdə çətinlik çəkməsi ABŞ-ın hərtərəfli gücünün kəskin azalması ilə bağlı təsəvvürləri gücləndirib. Əsas mesaj (ABŞ-ın gücünün tənəzzülə uğraması və Amerika vətəndaşlarının özünə inamının getdikcə azalma­sı) oxşar qalsa da, Çindən gələn tənqidlər Uoll Stritə və ABŞ-ın xarici siyasətinə diqqət yetirməkdən ABŞ-ın imkanlarına, ölkədəki siyasi və sosial bölünmələrə qədər inkişaf etdi. Ame­rikanın Əfqanıstandan geri çəkilməsi fonunda Bayden Administrasiyasının demokratik dəyərləri vurğulaması ilə hərəkətə keçən Çin hökuməti, alimləri və ictimaiyyəti ABŞ-ın siyasi sisteminin zəifliyini tənqid edərək yeni hücuma başladı.

Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Pa­latasının spikeri xanım Nensi Pelosi­nin Tayvana səfəri rəsmi Pekinin sərt etirazına səbəb olub. Xanım Pelosi Tayvan hökumət başçısı Tsay İn-ven ilə görüşüb və mətbuat konfransı keçirib. Tsay İn-ven Nensi Pelosini Tayvanla əməkdaşlığa dəstəyinə görə xüsusi dövlət mükafatı ilə təltif edib və onu Tayvanın əsl dostu adlandırıb. Bu səfər ABŞ rəsmisinin özünü müstəqil dövlət kimi qələmə verən, amma BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Çin Xalq Respublika­sının ərazisi kimi tanıdığı Tayvan adasına son 25 ildə ilk səfəri idi və rəsmi Pekin müvafiq cavab tədbirləri görəcəyini bildirib. Xanım Pelosi isə bəyanat verib ki, Tayvana səfər ABŞ-ın Çinlə bağlı siyasətinə zidd deyil, adada formalaşmaqda olan demokra­tiyaya dəstək jestidir.

Bəli, qlobal geosiyasi oxun öz trayektoriyasından çıxarılması üçün daha bir addım atılıb, Rusiya-Ukray­na müharibəsinin yaratdığı tektonik çat Çin-ABŞ münasibətlərində də dərinləşib. Əlbəttə, cari mənzərədə iki nüvə gücü (ABŞ və Çin) arasında siyasi-diplomatik gərginlik artsa da, onların fövqəldövlət təmkini açıq hərbi toqquşmaların qarşısına sədd çəkir. Ancaq nəzərə almaq lazımdır ki, xanım Pelosinin Tayvana girişindən sonra başlanan hibrid savaşın for­malaşdırdığı yeni baza perspektiv ssenarilər üçün açar rolunu oyna­ya bilər. Yəni ABŞ-la Çin arasında mümkün hərbi eskalasiyanın doğulma ehtimalı yox deyil .

Maraqlı cəhət budur ki, xanım Pelosinin Tayvana səfərindən beş gün öncə (iyulun 28-də) ABŞ Prezi­denti Co Baydenlə Çin lideri Si Cinpin arasında telefon danışığı olub. Gö­rünür, siyasi analitiklərin də hələ tam deşifrə edə bilmədikləri hansısa gizli məqamlar, incə nöqtələr var. Digər tərəfdən, ola bilər ki, Tayvan sindro­mu Asiya–Sakit okean regionunda Rusiyanın da maraqlarını sınağa çəkir. Hər halda, çeşidli səbəb-nəticə əlaqələri axtarılır.

Güman ki, bu məsələ yalnız Tay­vanla bitməyəcək. Bəlkə də qarşıdur­manın əsas arenası təkcə Asiya-Sakit okean regionu deyil, Çinin iqtisadi və siyasi ekspansiyasını uğurla həyata keçirdiyi Afrika qitəsidir. Həm də Çin İran neftinin əsas istehlakçısıdır və Yaxın Şərq regionunda antiamerikan əhval-ruhiyyəni stimullaşdırmaq üçün bir çox rıçaqlara malikdir. Üstəlik, Qırmızı dəniz sahilində, Süveyş kana­lının yaxınlığında yerləşən Cibutidə Çinin hərbi bazasının olması da fakt­dır. Proqnozlar, beləcə, çoxşaxəlidir.

Bu da var ki, Rusiya ilə Çi­nin müəyyən siyasi manipulya­siyaları nəqliyyat dəhlizlərinin hərbiləşdirilməsinə doğru aparır. Beynəlxalq Valyuta Fondunun ÇXR-lə əməkdaşlıq etmək istəməməsi isə Pekini vadar edib ki, Asiya İnfrastruk­tur İnvestisiya Bankı kimi paralel ins­titutlar yaratsın. Donald Trampın Çinə qarşı iqtisadi müharibəsi Co Baydenin vaxtında da davam edir və Amerika­nın texnologiya, sənaye məhsulları tədarükçülərinə olan etibarı sarsıdıb. Sanksiyalar tətbiq olunan Rusiya­nın Şərq ölkələri ilə enerji ticarətini genişləndirmək cəhdləri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarını genişləndirmək səyləri də öz növbəsində ABŞ-ı narahat etməyə bilməz. ABŞ-ın Çinə iqtisadi təzyiqi müəyyən mənada bu amillə də bağlıdır.

Supergüclər, nəhayət, anlamalı­dırlar ki, təkbaşına dünyada liderlik etmək mümkünsüzdür. Qərbin real politik düşüncə tərzi ilə Şərq müdrik­liyi qarşı-qarşıya duran qütblər deyil, birgə çalışan tərəflər olmalıdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

14 Avqust 2022 01:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə