Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həmişə birinci

Bu qəzet mənə çox doğmadır və ömrünü davam etdirən köhnə qəzetlərdən yeganəsidir ki, ilk dəfə onunla təmaslarım yaranandan hansı ünvanda idisə, yenə ora­dadır. Bunu səbəbsiz yazmıram. Bu daimilikdə rəmz var. Bu sabitlik həm də qəzetin başlanğıcdan bəri öz yoluna, xəttinə, ədəbi səliqəsinə, peşəkarlıq vərdişlərinə sədaqətinin nişanəsidir.

Bu gün bu qəzetdə çalışan, müxtəlif tellərlə bu qəzetə bağ­lı olan, səhifələrində yazıları yer alanların hamısını göz önündən keçirəndə onu da görürəm ki, müxbirlərin ən köhnəsi elə mənəm və rəqəmi dəqiqləşdirəndə özüm də heyrətlənirəm. Düz 52 ildir ki, mən bu qəzetləyəm. Qəzetin indi məndən yaşlı əməkdaşları var. Lakin məndən daha yaşlı olan ən sinli əməkdaşlar da bu qəzetlə birgəlik baxımından məndən daha gəncdirlər. İş ondadır ki, mən bu qəzetdə dərc olunma­ğa başlayanda hələ məktəbliydim. Onda qəzetin adı “Kommunist” idi və Azərbaycanın ən nüfuzlu, ən çoxti­rajlı, ən sözükeçər qəzeti sayılırdı. Hər jurnalist bu qəzetdə işləməyi özünə şərəf bilirdi və bu xoşbəxtlik də hamıya nəsib olmurdu. Qəzetin bölgələr üzrə xüsusi müxbirlərinin sanbalı, sözünün təsir gücü elə idi ki, o çağlar rayonların təqribən sahibləri kimi qavranılan birinci katiblər, hüquq mühafizə orqanlarının rəhbərləri də onlardan çəkinirdilər.

“Kommunist” qəzeti oxucusu ilə ilk dəfə 1919-cu il avqustun 29-da görüşüb. Ancaq “Kommunist” do­ğulanacan nəşr edilən “Hümmət”, “Dəvət-Qoç”, “Yoldaş”, “Təkamül”, “Bakı Şurasının Əxbarı” kimi qəzetlər əslində sonra onillərlə davam edəcək, XX yüzildən XXI əsrə keçəcək böyük yola doğru irəliləyən bir müqəddimə idi.

Qəzetçilik məziyyətlərini bir qırağa qoyaraq məsələyə məfkurə baxımından yanaşılırsa, əlbəttə ki, “Kommunist” lap əvvəldən siyasi bir qəzet idi və nəşrə başlayanda bu qəzetin təbliğ etdiyi ideologiyayla əks olan Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətdə idi. Ancaq görün milli hökumətimiz təməlindən necə demokratik bir xətt tutubmuş ki, ona qarşı açıq çağırışlar edən siyasi qəzetlərin, ilk növbədə “Kommunist”in nəşrinə əngəl törətmirmiş. Bu, yalnız mənim müşahidəm deyil. Nəriman Nərimanov xatırlayırdı ki, 1919-cu ildə Moskvada Vladimir Leninə ayrı-ayrı məqalələrdən parçaları oxuyanda o, təəccübləndi, qayıtdı ki, qəribədir, burjua hökuməti bütün bunlarla bərabər bizə dözür.

Və Nəriman Nərimanov həmin heyrəti bölüşərək davam edir ki, “elə məqalələr vardı, oxuyanda düşünür­düm, Müsavat hökuməti bunlara necə də dözə bilir?!”.

Bunları həm də ona görə yada salıram ki, “Kommunist” qəzetinin əvvəldən bəxti də gətirib – sözü­nü ürəyi istədiyi kimi deməyə im­kanı olub, 1920-30-40-cı illərdə Azərbaycan ziyalılığının ən parlaq simaları ya bilavasitə bu qəzetdə işləyiblər, ya da redaksiya ilə sıx əməkdaşlıq ediblər. Onların bu qəzetlə olması “Kommunist”in hörmətini də artırıb və səviyyə ba­xımından da onun digər nəşrlərdən daim bir boy ucada dayanmasını təmin edib. “Kommunist” Azərbaycan ziyalılığının əsas mərkəzlərindən biri kimi qəbul edilib, məhz bu qəzet Azərbaycanda ədəbi zövq və yazı səliqəsi, dil mədəniyyətini şəkilləndirmək istiqamətində müstəsna xidmətlər göstərib. Sağlam ədəbi dildə necə yazmağın örnəyi onillərcə elə bu qəzet olub. Sırala­rında görkəmli qələm sahiblərinin qovuşması bu qəzetə siyasi statu­sunun ona verdiyi çəkidən savayı ifadə ötkəmliyi də bəxş edib. 1930-cu illərdə baş vermiş bir hadisə bu baxımdan çox ibrətlidir. Yeni orfoqra­fiya qaydaları Azərbaycan hökuməti tərəfindən təsdiq edilir. Lakin həmin yeni qaydaların içərisində qəbul edilməsi mübahisəli, ya məqbul hesab edilməyəcək məqamlar da varmış. Ancaq hökumət yeni qaydala­rı təsdiq etmişdi və istədin-istəmədin, onlara riayət etmək icbari idi. Lakin “Kommunist” və o qəzetdə çalışan tanınmış ədiblər, mühərrirlər yeni orfoqrafiya qaydalarına açıqca heç bir etiraz bildirmədən məqalələrini elə dəyişiklikdən əvvəlki orfoqrafiya qay­dalarına uyğun olaraq yazmaqdaydı­lar. Və camaatçün də “Kommunist”in dili kompas idi. O necə yazırdısa, elə məktəblər də, digər nəşrlər də, idarələr də yazı-pozusunu o cür aparır. 1 ay belə, 3 ay belə, 5 ay belə, rəsmən təsdiqlənmiş yeni orfoqra­fiya qaydaları sanki yaddan çıxır. Hökumət heç üstünü də vurmur.

Sovet dönəmində nüfuzun belə yüksəkliyi həm nadir, həm də iftixar duyulmalı hadisədir və mətbuat tarixi­mizin öyünməli şanlı səhifəsidir.

...Mən Kürdəmirdə yaşayırdım, 9-cu sinifdə oxuyurdum və artıq 4 il idi ki, yerli “İrəli” qəzetində yazılarım dərc olunurdu və qəzetin redaktoru, köhnə jurnalist Abdulbağı Bağıyev mənə ştatdankənar müxbir vəsiqəsi də vermişdi. O zaman üçün bu, sıradan olan bir iş deyildi ki, məktəbli cibində rayon qəzetinin rəsmi müx­biri vəsiqəsini gəzdirsin. Respublika qəzetlərinə və jurnallarına da ara-sıra yazılar yollayırdım. Çap edilənləri də olurdu, lakin əksərən elə basmaqəlib cavabdan ibarət məktub alırdım ki, guya “qəzetimizin tələblərinə cavab vermədiyi üçün dərc edilmədi”. Hətta məndə belə bir güman da yaranmışdı ki, ola bilsin, heç məktubumu oxu­mayıblar, elə başdan eləməkçün bu cavabı göndəriblər. Çünki tək mənə yox, bir para başqalarına da belə məzmunda məktublar gəldiyindən xəbərim vardı. Ancaq indi bunu da ayrıca vurğulamalıyam ki, hətta zəhmətkeş məktubunu diqqətlə oxu­madan belə bu cür cavabları hökmən göndərirdilərsə, bunun özündə məxsusi bir intizamın, redaksiyaya daxil olan hər məktuba münasibət bildirməyin zəruriyyəti ilə bağlı qayda­laşmış diqqətcil yanaşmanın izi var.

Mərkəzi nəşrlərdə dərc edilən yazılarım nə qədər qanadlandırırdı­sa, bu cür imtina məktubları da məni ruhdan sala bilmirdi. Yeni yazıları bir ucdan göndərirdim. Günlərin birində “Kommunist”ə yazmağı qərara aldım. Çünki qəzetdə müşahidə etdiyim bir yenilik diqqətimi çəkdi. Rubrika olaraq iri hərflərlə hansısa rayonun adı verilir və həmin başlıq altında bir neçə qısa xəbər gəlirdi. Eyni ülgü üzrə mən də Kürdəmir xəbərləri hazırlamağı qət et­dim. Arasından ən yaxşı saydıqlarını seçmək imkanları da olsun deyə 7-8 qısa xəbəri “Kommunist”ə yolladım. Üstündən bir həftə keçməmiş “Kom­munist” qəzetinin üstündə emble­mi olan məxsusi zərfində məktub aldım. Cavab məktubunun belə tez gəlməsindən şübhələndim ki, yəqin, həmin ənənəvi “redaksiyanın tələblərinə cavab vermir” silsiləsindən olanlardandır. Tərəddüdlə açdım və mat qaldım. “Kommunist” qəzetinin şöbə müdiri Hidayət Zeynalov yazırdı ki, məktubunuzu aldıq, yazınızı bəyəndik, rayon qəzeti ilə əlaqə saxladıq, haqqınızda müsbət fikir söylədilər. Bizimlə əlaqə saxlayın, yeni yazılarınızı göndərin.

Kürdəmirin “İrəli” qəzetinin re­daktor müavini Bahar Məlikova ilə danışıblarmış və 1966-cı il oktyabrın 19-da mətbuatda ilk yazımın da dərc edilməsinin səbəbkarı olan bu nəcib qadının haqqımda “Kommunist”ə müsbət rəy bildirməsi beləcə yolumu açdı.

Bahar xanımı da, artıq tələbəlik illərində görüşüb bilavasitə tanış oldu­ğum, həmişə ən səmimi münasibətlər bəslədiyim Hidayət müəllimi də minnətdarlıqla anıram.

1970-ci ildə “Kommunist” qəzetində mənim göndərdiyim xəbərlərin altında “ictimai müxbirimizdən” ifadəsini görəndə bir məktəblinin yaşadığı xoşbəxtliyin hansı həddə olduğunu təsəvvür edir­sinizmi?

Bu əziz qəzetlə beləcə, yarım əsrdən çoxdur ki, bağlıyam.

Müstəqillik dönəmində “Kommunist”in adının dəyişilərək “Xalq qəzeti” olması da, zənnimcə, çox məntiqlidir.

Çünki zahirən Azərbaycanda sovetin siyasi xəttini ifadə edən bir nömrəli qəzet olması təsiri bağış­lasa da, elə o keçmiş əyyamlarda da bu qəzet ilk növbədə xalqınkı idi. Xalqın ürəyindən tikan çıxaran ən kəskin tənqidi yazılar, felyeton­lar da bu qəzetin səhifələrində işıq üzü görürdü, ədəbi-mədəni, elmi həyatın ən mühüm hadisələrinə və şəxsiyyətlərinə də ən layiqli qiymət burada əks olunurdu. Azərbaycanın gündəlik həyatının da güzgüsü məhz bu qəzet idi.

Azərbaycanın XX yüzil içərisindəki tarixini yazarkən ən etibarlı mənbələrdən biri kimi üz tutulası da elə məhz bu qəzetdir ki, var!

Ömrünün onbirinci onilini yaşa­yan “Xalq qəzeti” bu gün böyük yolu və bu redaksiyanın ali peşəkarlıq ənənələrini ləyaqətlə davam etdirir və mən də hər dəfə bu qəzetdə dərc olunanda, elə ilk məqalələrimin çap olunduğu vaxtlardakı kimi, ürəkdən sevinirəm. Qürur duyuram ki, mənim qəzetim və bütün Vətəninki olan “Xalq qəzeti” var olduğu müddətcə həmişə birinci olub, yenə – otuzmininci sayı işıq üzü görəndə də birincidir.

Arzulayıram ki, qırxmininci, əllimininci, yüzmininci sayları oxucu ilə görüşə gələndə də elə həmin Bİ­RİNCİLİK “Xalq qəzeti” ilə qalsın!

İnanıram və ümid edirəm ki, elə belə də olacaq!

Rafael HÜSEYNOV,

Akademik, Milli Məclisin deputatı

14 Avqust 2022 02:08 -

Köhnə versiyamızdan xəbərləri izlə