Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya–Ukrayna savaşı: udan kimdir, uduzan kim?

172-ci gündür ki, geniş və bərəkətli Ukrayna torpağlnda ağır döyüşlər gedir. Rəsmi Moskva bunu Xüsusi hərbi əməliyyat adlandırır, Kiyev isə ölkənin genişmiqyaslı təcavüzə məruz qaldığını bildirir. Hər bir hadisənin başlanmasına bir, yaxud bir neçə səbəb olur. Rusiya–Ukrayna savaşına səbəb Ukraynanın hazırkı rəhbərliyinin Rusiyanın nüfuz dairəsindən uzaqlaşaraq, qərbyönümlü siyasi kurs həyata keçirməsi, NATO-ya üzv olmaq niyyətinə düşməsi, bütövlükdə, bu ölkənin Avropa institutlarına meyil etməsidir. Moskva Kiyevin bu planlarını Rusiyanın milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir.

Dili, dini, tarixi, mədəniyyəti, iqtisadiyyatı bir-birinə çox yaxın olan bu iki qonşu ölkənin və xalqın bir-birilə ölüm-dirim savaşına çıxa­cağına çoxları inanmırdı və hətta ən təcrübəli analitiklər belə, son günədək savaşın başlayacağına skeptik yanaşırdılar. Lakin son və ən təhlükəli seçim edilib və indi tərəfləri dialoqa çağırıb ortaq məxrəcə gəlmək, nəhayət, müharibə alovunu söndürmək çox çətindir.

Qeyd etmək lazımdır ki, İkin­ci Dünya müharibəsindən sonra Avropa qitəsində Rusiya–Ukrayna savaşı miqyasında ağır döyüş olma­yıb. Ərazilərinin böyüklüyünə görə Rusiya və Ukrayna Avropanın faktiki olaraq ən böyük dövlətləridir. Hətta Fransa ərazicə Ukraynadan kiçikdir.

Lakin Rusiya əhalisi Ukrayna­dan üç dəfə yarım çoxdur. Bundan başqa, keçmiş SSRİ-nin varisinin ərazisi, iqtisadi və hərbi potensialı Ukrayna ilə müqayisəyəgəlməz dərəcədə böyükdür. Bəzi politoloqlar bu və buna bənzər müqayisələri düzgün hesab etmirlər. Onla­rın fikrincə, döyüşlər Ukrayna ərazisində getdiyi və ukraynalılar öz doğma torpaqları uğrunda canların­dan keçməyə hazır olduqları üçün daha motivasiyalı təsir bağışlayırlar. Rusiya isə bunu rəqibin təbliğat maşınının uydurması adlandırır.

Göründüyü kimi, cin şüşədən çıxıb, yəni müharibə başlayıb və hər iki tərəfdən hər gün ağır döyüşlərdə onlarla hərbçi həlak olur. Ukrayna­nın yüzlərlə şəhər və kənd dağıdılıb, infrastruktur məhv edilib, əhalinin az qala dörddəbiri qaçqın və köçkün süşüb. Silahlı qarşıdurma yuxarıda qeyd etdiyimiz kimi, artıq altıncı aydır ki, davam edir və nə vaxt bitəcəyi də məlum deyil.

Ən ağır döyüşlər Donbasda və Mariupol istiqamətində baş verib­dir. Hazırda Luqansk və Donetsk vilayətlərinin əraziləri, demək olar ki, Rusiya hərbi birləşmələrinin nəzarəti altındadır. Böyük strateji əhəmiyyət kəsb edən Mariupol şəhəri və ətraflndakı ərazilər ələ keçirildikdən sonra Rusiya Krıma birbaşa quru yolu təmin edib. Bu şəhərin süqu­tundan sonra Azov dənizi Ukrayna­nın üzünə bağlanıb.

Son vaxtlar müharibənin ən qaynar nöqtələri cəbhənin Ukray­nanın cənubunda yerləşən Xerson və Nikolayev şəhərləri istiqamətidir. Burada Ukrayna Silahlı Qüvvələri qarşı tərəfə güclü müqavimət göstərir və hətta ara-sıra əks-hücumlara keçərək müəyyən qədər irəliləyirlər. Lakin genişmiqyası əks-hücum əməliyyatı həyata keçirmək və müharibənin gedişatında dönüş yaratmaq, hələ ki, mümkün olmur.

Bugünkü reallıq belədir, sa­bah necə olacaq, onu zaman göstərəcək. Hərbi ekspertlər qeyd edirlər ki, bütövlükdə, Rusiya–Uk­rayna müharibəsində əsasən mövqe döyüşləri gedir. Yəni tərəflərin heç biri real üstünlük qazana bilmir. Bir çox politoloqlar isə bunu tərəflər arasında şahmatçıların dili ilə desək, “pat” vəziyyəti kimi qiymətləndirirlər.

Görünən budur ki, hər iki tərəfin gücü tükənir. Belə vəziyyətdə tərəflərin yaxın günlər ərzində atəşkəsə razı olacaqları­nı düşünənlərin sayı artır. Lakin rəqiblər bunu dillərinə gətirməyi özlərinə ar bilirlər.

Dünya mətbuatı Ukraynadakı vəziyyətdən müntəzəm yazılar verir. Qeyd olunur ki, bu gün Ukrayna­da cəbhənin təmas xəttinə yaxın ərazilərdə yaşayan əhali qorxu və təlaş içindədir. Onları qorxuya salan təkcə raket və artilleriya atəşləri de­yil. Daha təhlükəli və qorxulu ssena­ri budur ki, hazırda qızğın döyüşlərin baş verdiyi ərazidə yerləşən Zaporojye Atom Elektrik Stansiyası hər an partlaya bilər. Allah eləməsin, AES partlayarsa, təkcə Ukrayna və Rusiya deyil, bütün Avropa bundan böyük zərər görər.

Sağlam məntiqə qulaq asmaq, dayanmaq lazımdır. Odla, xüsusilə atomla oynamaq olmaz. Ukraynalı­lar 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasındakı ağır qəzanın dəhşətli fəsadlarını yaxşı xatırlayırlar.

BMT rəhbərliyi bunun fərqindədir. Baş katib Antonio Quterreş təcili olaraq Zaporojye AES ətrafında döyüşlərin dayandırılmasını tələb edir. Amma stansiyanın ətrafına yenə də raketlər düşür və tərəflər bu zaman bir-birini günahlandırırlar. Rusiya deyir ki, raketləri Ukrayna atır, Ukrayna isə əksinə, bunun rusların əməli olduğunu iddia edir.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin uzadılması ilə bağlı qa­nun layihələrini parlamentə təqdim edib. Qanunverici orqan təsdiq edərsə (buna şübhə yoxdur—M.A), ölkədə hərbi vəziyyətin müddəti daha 90 gün uzadılacaq. Ukrayna iqtidarı bununla da ölkənin ərazi bü­tövlüyünü bərpa edənədək mübarizə aparmaq əzmində olduğunu nüma­yiş etdirir.

Rusiya–Ukrayna silahlı qar­şıdurması başlanan ilk gündən başda ABŞ olmaqla Qərb dövlətləri Ukraynaya kifayət qədər güclü hərbi və maliyyə dəstəyi göstərirlər. Lakin rəsmi Kiyev bu dəstəyin yetərli ol­madığını bildirir, Ukrayna ordusunun Rusiyanın artan təzyiqlərinə cavab vermək üçün ağır silahlara kəskin ehtiyacı olduğunu bəyan edir.

Qərb dövlətləri Rusiyaya qarşı çox sayda sanksiyalar tətbiq ediblər. Məqsəd Rusiyanı zəiflətmək, mümkün olsa, çökdürməkdir. Lakin Rusiya, hələ ki, bu məhdudiyyətlərin öhdəsindən gələ bilir.

Rusiya–Ukrayna savaşı bü­tün dünyanı iki barışmaz qütbə bölüb. NATO ilə Rusiya arasın­da münasibətlər kəskin pisləşib. Moskva alyansa bildirib ki, Şərqə doğru genişlənsən, bunun bədəlini ödəməli olacaqsan. NATO rəhbərliyi isə tələm-tələsik özünün qərb cina­hını gücləndirməklə məşğuldur.

Polşa, Pribaltika dövlətləri təlaş içərisindədir. Müharibənin əks-sədası hətta uzun onillər boyu qitədəki hərbi qarşıdurmalardan kənar, neytral qalmağı bacarmış İsveç və Finlandi­ya kimi ölkələri də təşvişə salıb. Bir müddət əvvəl rəsmi Helsinki və Stok­holm NATO-ya üzv olmaq niyyətlərini açıqlayıblar.

Alyansa üzv olan əksər ölkələr yeni namizədlərin yoluna “yaşıl işıq” yandırıblar. Yeganə Türkiyə dövlətidir ki, onlardan niyə öz ərazilərində PKK terrorçularının pozucu fəaliyyətinə göz yumduğunu soruşur. Hər iki dövlətin “öz günah­larının bağışlanması üçün” atdığı yarımçıq addımlar rəsmi Ankaranı razı salmır.

Türkiyənin Rusiya–Ukrayna qarşıdurmasına münasibətdə sərgilədiyi ədalətli və konstruktiv mövqe dünyanın diqqətini özünə cəlb edir. Ankara hələ 1914-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı­na haqq qazandımadığını bəyan edib və bu gün də Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Bununla bərabər, Türkiyə hökuməti tərəflər arasında fəal dialoqun başlanmasını vacib sayır və vasitəçilik missiyasına hazır olduğunu bildirir.

Yeri gəlmişkən, artıq bir dəfə İstanbulda Rusiya və Ukrayna­nın yüksək səviyyəli nümayəndə heyətləri arasında görüş və müzakirələr olub. O zaman mövqeləri tam yaxınlaşdırmaq müm­kün olmayıb. Türkiyə sırf humanist dəyərlərdən çıxış edərək, bu dəfə də belə bir görüşü təşkil etməyə hazırdır.

Bundan başqa, məhz Türkiyənin təşəbbüsü və ciddi səyləri sayəsində bu gün Ukrayna taxılını Rusiyanın nəzarətində olan Ukray­nanın Qara dəniz suları üzərindən dünya bazarlarına çıxarmaq müm­kün olubdur. Bu il avqustun 5-də Türkiyə və Rusiya prezidentləri Soçidə görüşüblər və bir sıra başqa mühüm məsələlərlə yanaşı Ukray­nadakı labirintdən çıxış yollarını müzakirə ediblər.

Dünyadakı bütün, hətta ən dağıdıcı müharibələr belə, sonda sülh ilə bitibdir. Hərbçilərin başladı­ğı Rusiya–Ukrayna savaşında da, şübhəsiz, son nöqtəni diplomatlar qoyacaqlar. Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır.

Əziz oxucu, siz “Bu qanlı savaş­da udan kimdir, uduzan kim” deyə soruşa bilərsiniz. Qeydlərdən də gördüyünüz kimi, bu müharibədə bu gün nə qalib, nə də məğlub var. Amma, Ukraynada sülh sazişi imzalansa, bütün dünya rahat nəfəs alacaq. Ümid edək ki, məhz belə olacaq!

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

14 Avqust 2022 01:27 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə