Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qırmızı planet”in ikinci evimiz olmaq şansı varmı?

Mars...“Dünyamızın keçmişi, ya da gələcəyidir”, - deyilən sirli planet. Qədim Roma müharibə tanrısının adını daşı­yan səma obyekti... Günəş sistemindəki 4-cü sırada yer alan Mars həm də kosmosda adi gözlə müşahidə oluna bilən az sayda planetdən biridir. Bu gün Mars alimlərin, tələbələrin, iş adamlarının və sıravi vətəndaşların həvəslə maraqlandı­ğı planetdir. Belə marağın da ciddi səbəbləri var – hazırda Mars insan övladının ehtiyat planeti kimi nəzərdən keçirilir. Bəs Antarktida kimi soyuq olan “Qırmızı planet”in ikinci Yür kürəsi olmaq şansı varmı?

Bu gün Mars ən məşhur planetlərdən biridir – desək, yanılmarıq. Alimlərin və həvəskar astronomların diqqətinin çox hissəsi hazırda Marsa yönəlib. Bu da təəccüblü deyil. Birinci səbəb Marsın qonşumuz olmasıdır. Kosmos stan­dartlarına görə, onunla aramızdakı məsafə kiçikdir. Teleskoplarda yaxşı fərqlənir və oraya kosmik missiyalar göndərmək asan başa gəlir. Bunun nəticəsidir ki, insanlar planet haq­qında geniş məlumatlara malikdirlər. Amma onun “super özəlliyi” də yoxdur. Günəş sistemində dördüncü planet olan Mars nə kütləsi, nə də ölçüsü ilə fərqlənir. O bütün cəhətləri ilə orta planet sayılır. Bununla belə, Marsın çox nadir atmosferi və son dərəcə qeyri-bərabər səthi var. Planetdə dağlar, kraterlər və dərələr aşkarlanıb. “Qırmızı planetin” Fobos və Demos adlanan iki peykinin ol­ması da məlumdur. Alimlər Fobosun gec-tez Marsa düşəcəyinə inanırlar, çünki hər il o, planetə yaxınlaşır. Belə görünür, nə vaxtsa Mars öz peyklərindən birini məhv edəcək. Amma Demos, çox güman ki, öz planetindən “qaçacaq”, çünki onun “qardaşından” fərqli olaraq, Marsdan uzaqlaşdığı müşahidə edilir.

XX əsrin fantastları və fu­turoloqları yekdilliklə Marsın məskunlaşmasının dönməzliyindən danışırdılar. Məsələn, yazıçı Artur Klark insanın “Qırmızı planet”ə ilk dəfə 2021-ci ildə qədəm qoyacağı­na inanırdı. Fantastika janrının ası, yazıçı Ayzek Azimov hətta 2014-cü ilə qədər planetlər arasında pilotsuz gəmilərin demək olar ki, müntəzəm əlaqəsinin qurulacağını proqnozlaş­dırmışdı. Lakin bütün bu proqnozlar gerçəkləşmədi. Bəşəriyyətin 300 ildən artıqdır diqqətlə izlədiyi Mars hələ ki, əlçatmaz planet olaraq qalır.

Ümumyyətlə, Mars necə bir planetdir? İnsanın normal yaşaması üçün münasibdirmi? Təəssüf ki, qonşu planeti əlverişli yer saymaq çox çətindir. Tanınmış alim Kons­tantin Tsiolkovski deyirdi ki, “Yer bəşəriyyətin beşiyidir, lakin beşikdə əbədi yaşamaq olmaz”. Alimlər də başa düşməyə çalışırlar ki, doğru­danmı bu “beşik” insan üçün yeganə mümkün yerdir? Axı kosmosda hər şey insana uyğun deyil: dözülməz temperatur, radiasiya, adi maqnit sahəsinin olmaması. Yer kürəsindən fərqli olaraq, Marsın öz maqnit sahəsi yoxdur və nəticədə orada maqnitosfer yoxdur. Buna görə də, həm də çox nadir atmosfer üzündən planetin səthi Yerdən daha güclü radiasiyaya məruz qalır.

Bununla yanaşı, Mars daim Qalaktik kosmik şüalara və Günəş küləyinə də məruz qalır. ABŞ-ın “Mars Odyssey” zondu sabit radiasiya fonunun səviyyəsinin Beynəlxalq Kosmik Stansiyanın orbitindəki səviyyədən iki yarım dəfə yüksək olduğunu müəyyən edib. Mars səviyyəsindəki radiasiyaya uzun müddət məruz qalma kəskin radiasiya xəstəliyinə, xərçəngə, genetik zədələnmələrə və ölümə səbəb ola bilər. İnsanlar üçün heç də az təhlükəli olmayan Marsda qum fırtınaları tüğyan edir. Onu hətta te­leskoplarla da müşahidə etmək olar.

Marsın müşahidələri insanlara Günəş sisteminin quruluşunu anla­mağa kömək edib. Bir vaxtlar insan­lar Günəş sisteminin planetlərinin Yer ətrafında dairəvi hərəkət etdiyini düşünürdülər. Təxminən, 1580-ci ildə Danimarka astronomu Tixo Braqe başqa bir versiya irəli sürdü: Yerdən başqa bütün planetlər Günəş ətrafında fırlanır. Uzun illər Marsı seyr edən Braqe sirli “Qırmızı planet”in niyə dairəvi deyil, bir növ anlaşılmaz orbitdə hərəkət etdiyini başa düşə bilmirdi. 1609-cu ildə bu müşahidələrin izahını tapmağa çalışan İohannes Kepler özünün məşhur birinci qanununu formalaş­dırmışdı: “Hər planet fokuslarının birində Günəş yerləşən ellips boyun­ca hərəkət edir”.

Bu gün Marsda insan yoxdur, amma orada çox sayda robot var. Robotların “yaşadığı” yeganə planet də məhz Marsdır. Hazırda “Qırmızı plamet”də NASA-nın “Curiosity” (2012), “InSight” (2018) və “Per­severance”(2020) üç robot-ciha­zı fəaliyyət göstərir. 2021-ci ilin yazında isə Çin Marsa “Tianwen-1” robot göndərməyə müvəffəq oldu. Bununla da Çin keçmiş SSRİ və ABŞ-dan sonra Marsa yumşaq eniş edən üçüncü kosmik ölkə kimi tarixə düşdü. Qeyd etmək yerinə düşər ki, Marsa yumşaq eniş həmişə ən çətin mühəndislik problemi sayılır, ilk növbədə planetin nadir atmosferi səbəbindən belə rahat eniş etmək çox çətindir. Amma Marsda “canlı” maşınlarla yanaşı, eniş zamanı qəzaya uğrayan və ya missiyası­nı başa vuran bir neçə robot da “istirahət” edir.

Bundan əlavə, planetin ətrafında səkkiz orbital stansiya uçur. Hətta, Marsda Yer kürəsindən düşmüş...zibil də aşkarlanıb. Belə ki, NASA-nın “Perseverance” missiya koman­dası “Qırmızı planetdə”ki Jezero kraterində eyni adlı robot tərəfindən çəkilmiş yeni şəkillərdə Marsa yad olan obyekt müşahidə edilib. Araşdırmalardan sonra məlum olub ki, həmin “qeyri-adi” obyekt Yer kürəsindən “təşrif” buyurmuş zibildir. İlk dəfə idi ki, belə bir tapıntı birbaşa “Qırmızı planet”in səthində aşkarla­nırdı.

Amma bu gün etiraf edirlər ki, Marsa marağın dəfələrlə artması məşhur iş adamı İlon Maskın “Qır­mızı planet”lə bağlı dedikləri, həyata keçirmək istədiyi kosmik missiyadır. Onun açıqlamaları və fikirləri diqqəti cəlb edir. Ekstravaqant iş adamının ideyası planlaşdırıldığı kimi getsə, 2050-ci ilə qədər Marsa 1 milyon insan məskunlaşacaq. Mars və Ayı müstəmləkə etmək istəyən İlon Mask üçün bu, həyata keçirilməli bir məqsəddir. Hazırda onun Marsa uçmaq üçün metan mühərrikləri üzərində çalışdığı bildirilir.

Bəzi futuroloqlar Maskın proq­nozları ilə razılaşırlar, bəs insanları Marsa endikdən sonra nə gözləyir? Yerdən kənar evlər necə görünəcək və astronavtlar nə ilə qidalanacaq­lar? Bunun üçün AI SpaceFactory memarlıq şirkəti ev layihələri ha­zırlayıb və NASA onların layihəsini təsdiqləyib. İ.Maskın mühəndisləri evləri Mars torpağından tikməyi təklif edirlər. Onlar hesab edirlər ki, bu yanaşma tikinti vaxtını və dəyərini azaltmağa kömək edəcək, çünki Yerdən material gətirmək lazım olmayacaqdır. Eyni zamanda, evlər nəhəng vazalara və ya arı pətəyinə bənzəyəcək. Bu forma Marsın atmosfer təzyiqini azaltmaq üçün lazımdır.

Maraqlıdır ki, mühəndislər 3D çapdan istifadə edərək, bina­lar tikməyə hazırlaşırlar. Marsın materiallarından əlavə, bazalt və bərpa olunan bioplastiklərdən istifadə etməyi də planlaşdırırlar. İ.Maskın memarları düşünürlər ki, evlər binanı güclü küləklərdən qorumağa qadir olan xarici örtükdən və interyer yaradan daxili örtükdən ibarət olacaq. Bundan başqa, hər bir ev dörd nəfərin rahat yaşaması üçün kifayət qədər böyük olmalıdır. Ev dörd mərtəbədən ibarətdir: birinci mərtəbədə skafandrın yaş emalı həyata keçiriləcək, ikinci mərtəbədə mətbəx, ikinci mərtəbədə isə yataq otağı və istirahət zonası yerləşəcək. Yataq otaqlarının qapıları olmayan yarıqapalı kapsulları xatırladır. Lakin layihə daimi yaşayış üçün deyil, ilk missiyası ilə Marsa uçan astro­navtlar üçün nəzərdə tutulmuşdu. Onların belə bir binada təxminən, bir il qalması gözlənilir. Binanın dizaynı NASA-nın Mars Ev Dizayn Müsabiqəsində birinci yerə layiq görülüb.

Evlərlə bağlı məsələ aydındır, bəs Marsa yerləşəcək insanlar necə nəfəs alacaqlar? Marsın cəlbediciliyi oradakı havanın 96 faizinin karbon qazından ibarət olması ilə çətinləşir. Əgər həyat üçün əlverişli oksigenin istehsalı məsələsi həll edilməzsə, məskunlaşma ilə bağlı hər hansı fikirlər dalana dirənəcək. Deyəsən, İlon Maskın mühəndisləri buna da çarə tapıblar. Alimlər mümkün həll kimi sianobakteriyaları qeyd edirlər. Onlar karbon qazını qəbul edib oksigenə çevirirlər. Siano­bakteriyalar fotosintez prinsipi ilə işləyir, lakin bitkilərdən fərqli olaraq Günəş işığına ehtiyac duymurlar. Alimlər müəyyən ediblər ki, bak­teriyalar hətta okeanın ən dərin xəndəklərində belə öz işlərini görürlər. Əgər siyanobakteriya­ları Marsa köçürmək olarsa, çox güman ki, onlar orada kök ata biləcəklər və astronavtların nəfəs alacaqları mənbəyə çevriləcəklər. Kosmik agentliklər və özəl şirkətlər artıq belə bir layihənin həyata keçirilməsinin mümkünlüyü barədə düşünürlər.

Lakin oksigen istehsalı sis­temi insanları vaxtaşırı skafandr geyinmək ehtiyacından xilas etməyəcək. Oksigen istehsal sistemi uğurlu olsa belə, planetdə nəfəs almaq üçün yararsız ərazilər olacaq. Üstəlik, Marsda kəskin temperatur düşmələri var: mənfi 157 ° C-dən müsbət 121 ° C-ə qədər. Xüsusi geyim olmadan insan belə şəraitdə yaşaya bilməyəcək. Ancaq mühəndislər buna də çarə tapdıqlarını düşünürlər. Marsda gəzintilər üçün NASA səkkiz saata qədər oflayn rejimdə işləyə bilən iki yeni nəsil skafandr hazırlayıb. Bu, astronavtları yaşamaq mümkün olmayan temperaturlardan və radi­asiyadan qorumağa kömək edəcək. Layihə dizaynerləri söz verirlər ki, yeni kostyumlar hərəkətə mane olmayacaq: gəzmək rahat olacaq. İlkin olaraq, kostyumlar insanın Aya enməsi üçün yaradılıb, az sayda modifikasiya əlavə edilməklə, onlar Marsın gələcək sakinləri üçün də uyğun olacaq.

Bəs su? Onu haradan tapa­cağıq? Deyilənlərə görə, Marsda su torpaqdan çıxarıla bilər. Mars aparatları, hətta insan gəlməmişdən əvvəl, torpağı öyrənəcək və məskunlaşma üçün əlverişli yerləri seçəcəkdir. Xüsusi avadanlıqlar torpağı yüksək temperatura qədər qızdıracaq. Su buxarlanmağa başlayacaq, torpaqdan ayrılacaq və xüsusi anbara yerləşdiriləcək. Proq­nozlara görə, Marsın hər bir sakini gündə 50 litrə qədər su istifadə edə biləcək ki, bu da rahat həyat üçün kifayət qədərdir. Bundan başqa, Pla­net Elmləri İnstitutunun əməkdaşları da Marsda axar su izlərini aşkar ediblər. Alimlərin fikrincə, bunu planetdə həyatın mövcud olması üçün əsas şərtlərdən biri saymaq olar.

Qidalanmağa gəldikdə, deyirlər ki, Marsın səthi bitki yetişdirmək üçün uyğun deyil. Ona görə də gələcək müstəmləkəçilər qida əldə etmək üçün innovativ üsul­lara müraciət etməli olacaqlar. Planlaşdırılır ki, ilk insanlar bir neçə il ərzində Yer kürəsindən qida ehtiyatı gətirəcəklər. Mümkün məhsullara yosunlar və həşəratlar daxildir, çünki onlar tez çoxalırlar və böyümək üçün torpaq tələb etmirlər. Gələcəkdə qida istehsalı süni işıq­landırma ilə xüsusi təchiz olunmuş otaqlarda aparılacaq. Maraqlıdır ki, bitkilər üçün qida əlavələri... tullantılardan alınacaq və ya Yerdən gətiriləcək. Marsa gələn insanlar Marsın istixana avadanlıqları ilə işləmək üçün təlim keçəcək və hər kəs öz şəxsi bağını yarada biləcək.

Digər seçimlərə 3D qida çapı daxildir. Heyvanları Marsa gətirmək çətin olacaq və ilk marslılar ət məhsullarından məhrum olmaq təhlükəsi ilə üzləşəcəklər. Süni ətin potensial yaradılması bu problemi həll etməyə kömək edəcək və eyni zamanda, məhsulun daha humanist üsullarla istehsalını təmin edəcək.

Bir sözlə, bəşəriyyət ötən illər ərzində Marsın məskunlaşma prosesini yaxınlaşdırmaq üçün çox iş görsə də, indiyə qədər, hətta orta müddətli perspektivdə belə, insanın bu planetə ayaq basa­cağına inanmaq çətindir. Ən azı Mars Antarktida kimi soyuq yerdir. Soyuq iqlimdə daim yaşamaq böyük çətinlik yaradır. Amma III Dünya müharibəsinədək Yer kürəsini tərk etməyin zəruriliyini vurğulayan İlon Mask təklif edir ki, Marsa nüvə zərbələri endirilərsə, planet insanlar üçün yararlı vəziyyətə gələcək. “Bu­siness Insider” qeyd edir ki, 2015-ci ildə o, artıq Marsın bombalanmasını təklif edib. Onun fikrincə, termonüvə bombaları atmaqla planetin qütblərindəki buzları əritmək olar. Buxarın əmələ gəlməsi və karbon qazının azad olması öz növbəsində istixana effektinə və nəticədə ha­vanın temperaturunun və atmosfer təzyiqinin artmasına səbəb olacaq. Çılğın təklifdir, amma gələcək həyat üçün bütün ideyaların həyata vəsiqə qazanmaq şansı var.

Hazırladı: Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

14 Avqust 2022 09:00 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə