Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antarktida – mistik və sirli qitə

Bu yazıya başlayarkən, hər şeydən əvvəl, bir qitə xəyal etmək lazımdır. Lakin, bu, bizim üçün o qədər də asan olmayacaq. Belə ki, ilk növbədə xəyal etdiyimiz bu qitədə qeydə alınan rəsmi saat qurşağı mövcud olmamalıdır. Onun nə bir sahibi var, nə də bayra­ğı. Təxmin etdiyiniz kimi, burada paytaxt da yoxdur. Ən maraqlısı budur ki, burada yerli xalq da mövcud deyil. Hələ bu harasıdır, bu qitənin sərhədləri daxilində tək bir sürünən heyvan və ağac yoxdur. Bu qitə, həm də, dünyanın ən təcrid olunmuş zonasıdır. Planetin ən qədim ərazi vahidlərindən biri olmasına baxmayaraq, burada indiyədək heç bir müharibə də olmayıb. Cümlələr çoxal­dıqca xəyal etmək çətinləşsə də, konkretlik artır. Bəhs etdiyimiz bu əsrarəngiz qitə Antarktidadır.

Haqqında çox az konkret məlumat olan Antarktida haqqında yazı hazırlayarkən xəyal gücündən istifadə etməli olduğumu yaxşı bilirəm. Çünki bu qitə hər nə qədər xəritənin üzərinə barmağımızı tuşlayaraq göstərəcəyimiz bir ərazi vahidi olsa da, bir o qədər mistik və sirlidir.

Antarktida, heç şübhəsiz, planetin ən az tanınan hissəsidir. Əgər bir ölkə olsaydı, ərazsinə görə Rusiyadan sonra ikinci ən böyük ölkə olardı. İki əsrdir kəşf edilən nəhəng quru parçasında heç bir su rezervi mövcud deyil. Lakin bəzi mütəxəssislər bunun tam əksini düşünür. Qitə haqqında bildiklərimizin 90 faizi son 30 ildə əldə edilən qaynaqlara əsaslanır. Bu, həqiqətən də, olduqca önəmli detaldır. Çünki bu qitənin kəşfindən sonra dün­ya tarixi yenidən yazılmağa başlanıb. Bunun səbəbi isə ondan ibarətdir ki, Antraktidadan başqa dünyanın hər yerində temperatur və canlı faktorla­rına görə dəlillərin, qalıntıların, hətta süxurların pozulma, dağılma prosesi minillər boyu davam edib. Lakin bu qitədə hər şey buzla örtüldüyü üçün təbii və mükəmməl mühafizə edilərək günümüzə qədər gəlib çatmışdır.

Qitəni kəşf edirik. Burada araşdır­malar aparılır. Amma bu elə də asan iş deyil. Müqayisə üçün deyək ki, Antarktida ərazisinə görə Türkiyədən 21 dəfə böyükdür (14 milyon kvadrat­kilometr). İndiyədək burada aparılan araşdırmalar sadəcə qitənin sahilə yaxın ərazisində həyata keçirilib. Lakin zamanla bu müəmmalı torpaq parçası dərindən araşdırılacaq və bizə sivilizasiyamız haqqında daha dəqiq və geniş məlumat verəcək.

Qitənin mövcud olduğuna dair ilk sənəd böyük türk dənizçisi Piri Rəisin xəritələridir. 1820-ci ildən başlayaraq, rus, ingilis və amerikalı dənizçilər qitənin fərqli sahillərini görmüş, yəni torpaq sahəsi olduğunu kəşf etmişlər. Lakin qitəyə ilk dəfə 1895-ci ildə ayaq basılıb. Antarktidaya ilk həqiqi səfərlər isə 1901-1913-cü illər arasında ingilis dənizçilər tərəfindən həyata keçiril­mişdir. Sonrakı dövrdə səyahətlərlə bağlı bütün arxiv qorunub-saxlanıl­mış, bununla da qəbul edilən rəsmi sənədlər yaranmağa başlayıb. Lakin bütün bunlara baxmayaraq, bəzi antik dövr tarixçi və filosofları öz əsərlərində bu qitədən bəhs etmişdir. Piri Rəisin xəritələri isə ilk rəsmi qaynaqdır. Bu xəritələr dövrün xəritələrinə heç bənzəmir, qeyd edilən bəzi yerlər hələ də kəşf edilməyib. Şübhəsiz ki, xəritənin ən önəmli fərqlərindən biri də, 1513-cü ildə Antarktidanın aydın şəkildə çəkilmiş olmasıdır. Yəni qitənin kəşfindən 3 əsr əvvəl. Təəccüblü məqam ondan ibarətdir ki, xəritədə göstərilən Antarktida bu gün bizə məlum olduğu buz halı ilə deyil, yaşıllıq və müxtəlif canlı növlərinin yaşadığı bir yer olaraq çəkilmişdi.

1960-cı illərdə amerikalı bir professor Piri Rəisin xəritəsindəki Antarktidanın qitənin təxminən, 12 min il əvvəlki halını bilən insanlar tərəfindən çəkilmiş ola biləcəyi iddi­ası elm dünyasında böyük rəğbətlə qarşılanmışdı. İddiaya görə, 12 min il əvvəl qütb sürüşməsi yaşanmış, Şimal yarımkürəsi çox soyuq, Cənub yarımkürə isə həyat üçün münasib bir yer halına gəlmişdir. Bütün bu iddiaları daha da irəliyə aparan isə 1970-ci illərdə yazdığı kitablarla bütün dünya­nın diqqətini özünə cəlb edən Erik von Daniken olmuşdur. Onun dediklərinə görə, Piri Rəisin xəritələrindəki anor­mal Antarktida təsviri yadplanetlilər tərəfindən çəkilmişdir. Əlbəttə, bu fikir mübahisələrə yol açmışdır. Piri Rəis isə öz kitablarında bu xəritəni Xristofor Kolumb da daxil olmaqla 20 fərqli dənizçinin xəritələrindəki məlumat və şəkilləri birləşdirərək ha­zırladığını qeyd edib. Onun xəritəsini digərlərindən daha önəmli edən məqam isə başqa heç bir xəritədə Antarktida qitəsinin olmaması idi.

Çoxları üçün anlaşılmaz olsa da, Antarktida, əslində, bir çöldür. Nə əlaqəsi var, deməyin. Bu qitənin çöl olmasının səbəbi isə quraqlıqdır. Burada qarşımıza böyük bir paradoks çıxır. Bəs ərazisinin böyük hissəsi buz və sudan ibarət olan bu qitə nə üçün çöl hesab edilir? Qeyd edək ki, dün­yanın təmiz su rezervlərinin 70 faizi də məhz burada yerləşir. Bəs belə bir ərazi necə çöl ola bilər? Açıqlama isə ortalama ömrü 70 il olan insanlar üçün olduqca vahiməlidir: buraya azı 2 milyon ildir yağış yağmır. Dünyanın ən quraq bölgəsi hesab edilən Səhra çölü belə buradan qat-qat bərəkətlidir. An­tarktida, eyni zamanda, dünyanın ən soyuq bölgəsidir. Dünyanın müxtəlif ölkələrindən olan elm insanları An­tarktidanın sahilə yaxın bölgələrində yaşayış düşərgələri yaradıblar.

Antarktidada aparılan tədqiqatlara görə, burada qeydə alınan ən soyuq temperatur mənfi 89, ən isti isə müsbət 18 dərəcə olmuşdur. Ümumiyyətlə, illik orta temperatur mənfi 48 dərəcədir. Bu isə o deməkdir ki, lazımi avandanlıqla təchiz olun­mayan bir insan burada açıq hava ilə təmasda olarsa, çox qısa müddət sonra bədən müqavimətini itirər və həlak olar. Belə ki, yüksək sıxlığa sahib olan soyuq hava axını qitənin donmuş mərkəz hissələrindən hərəkət edərək sahil yamaclarına doğru böyük bir sürətlə əsir. Bu da saatda 320 kilometr sürətlə hərəkət edən qasırğa-külək əmələ gətirir.

Beynəlxalq anlaşmalara görə, Antarktidada hər hansısa hərbi düşərgə yaratmaq, bu ərazidən hərbi məqsədlərlə istifadə etmək qadağan­dır. Bu da elm tədqiqatçıların rahat işləməsinə yardım edən amillərdən biridir.

Antarktida tamamilə buz təbəqəsi ilə örtülü olduğu üçün dünyaya kənardan gələn əsərlər üçün ən böyük təbii qorunma məntəqəsidir. Bunlar mütəxəssislər tərəfindən əsər adlandı­rılsa da, əslində, əksər hallarda qeyd edilən meteoritlərdir. Bu qitəyə düşən meteoritlər dünyanın başqa bütün hissələrindən daha yaxşı qorunub. Bu səbəbdən orada tədqiqat aparmaq daha əlverişlidir.

Qitənin sadəcə nəhəng buz təbəqəsi ilə əhatəli olduğunu düşünmək bəsit olardı. Antarktidanı əhatələyən ortalama 2000 metrlik buz təbəqəsinin altında indiyə qədər 400-dən çox buzaltı göl kəşf edilib. “Vostok” stansiyasının yaxınlığında yerləşən və Vostok adı verilən göl dünyada kəşf edilən ən böyük buzaltı gölüdür.

Antarktida dümdüz vahid, bö­yük buz qatı ilə əhatəli deyil. Onun səthində göz qamaşmasından və ucsuz-bucaqsız buzdan ötrü elə də diqqət edilməyən çox böyük yarıqlar var. Burada ayağınızı möhkəm bir buz təbəqəsinin üstünə basdığınızı düşünərkən, heç fərqində olmadan yüzlərlə metr dərinlikdəki yarıqlara düşə bilərsiniz.

Antarktidanı başqa ərazilərdən fərqləndirən digər bir cəhət isə insanların beynəlxalq anlaşmalar səbəbilə burada yaşayan heyvanlara yaxın durmamasıdır. Bu qitədə ağ ayılar yaşamır. Lakin burada morjlar və pinqivinlər var. Heç kəs onlara yaxın getmir deyə, buradakı heyvanlar insanlardan qorxmur və qaçmırlar. Yəni qısacası, hələ insan vəhşiliyi ilə tanış olmayıblar. Bundan əlavə, qitədə bitki örtüyü yoxdur. Qitənin Cənub yarımkürəsinə yaxın bölgəsində nadir də olsa, buzla örtülü olmayan yerlər mövcuddur.

Ümumiyyətlə, Antarktida bütün cəhətləri ilə həm elm dünyası, həm də cəmiyyət üçün qapalı, sirli bir qutudur. Alimlər inanırlar ki, buradakı sirlərin üstü açıldıqca insanlıq və dünya tarixi ilə bağlı yeni və daha dəqiq məlumatlar əldə ediləcək.

Hazırladı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

14 Avqust 2022 00:30 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə