Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qorunaq, xəstəlikdən uzaq olaq!

Rusiyada “Omicron”un alt variantları olan “Kentavr” və “Nindza” ştammları bir həftədə koronavirusa yoluxmanı 50 faiz artırıb. Rusiya mətbuatının yaydığı xəbərlərə görə, ötən sutkada virusa yoluxaraq xəstəxanaya aparılanların sayı 119 faiz çoxalıb. BA.4-ün alt variantı “Nindza”, BA.2-nin alt variantı “Kentavr” o qədər sürətlə yayılır ki, tibb işçiləri və pasiyentlərə yenidən maskaya qayıtmaq tövsiyə edilib.

Rusiyanın Səhiyyə naziri deyib: “Koronavirus heç yerə getməyib. Ruslar “Omicron”un adi qrip kimi keçəcəyini güman edib, özlərində yoluxmanın bəzi əlamətlərini hiss edəndə, hətta, xəstələnəndə test belə vermədilər. İndi isə yenidən aktiv diaqnostika bərpa olunub. Test yoxlamasından keçmək mütləqdir, yoxsa yaxınlarınızı təhlükəyə ata bilərsiniz”.

Qeyd edək ki, statistik məlumatlara görə, Rusiyada ötən ay 44 min insan xəstələnmişdi, bu ay isə yoluxanlar 48 faiz artıb. Hər həftə ötən həftədən daha 50 faiz çox xəstə aşkarlanır. Buna görə də maska və əlcəklərə qayıtmaq mütləq lazım olacaq.

Yeri gəlmişkən, hazırda Çində vəziyyətin gərginləşdiyi barədə rəsmi xəbər yayılıb. COVID–19 virusuna insanlar arasında ilk yoluxmaların aşkarlandığı Hubey vilayətinin paytaxtı Uhan şəhərində yenidən karantin elan olunub. Şəhərdə simptomları olmayan 4 virus daşıyıcısı aşkar edilib. Səlahiyyətlilər virusun dörd asimptomatik daşıyıcısını müəyyənləşdirib və Uhan şəhərətrafı bölgələrinin bir milyona yaxın sakininə karantin tələblərinə əməl etmək və üç gün ərzində evdən bayıra çıxmamaq qadağası qoyulub.

Koronavirusa yoluxmalarla bağlı yeni yayılan məlumata görə, iki gün əvvəl Çinin XİN rəhbəri ilə görüşən və iyunun 30-da and içən Filippin prezidenti Ferdinand Markosun (Kiçik) koronavirus testi müsbət çıxıb. Bu barədə Filippin Prezidenti yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz – Anxeles brifinq zamanı məlumat verib. O deyib: “Prezidentin koronavirus anticisim testi müsbət çıxıb. Hazırda onun bir az qızdırması var, amma özünü normal hiss edir, ümumi vəziyyəti yaxşıdır. Onunla yaxın təmasda olan hər kəs bu barədə məlumatlandırılıb”.

Kruz – Anxeles qeyd edib ki, prezident Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 246-cı ildönümü ilə bağlı tədbirin keçiriləcəyi Filippindəki ABŞ səfirliyinə getməyəcək. Filippinin Səhiyyə nazirinin müavini Maria Rosario Vergeyr bildirib ki, Filippin lideri yeddi günlük karantinin sonunda və simptomları azaldıqdan sonra üz-üzə görüşlərə davam edəcək.

Birminqem universitetinin alimləri koviddən sonra qalıcı fəsadların davam etdiyi postkovid – uzun kovid sindromunun yeni-yeni əlamətlərini açıqlayıblar. Bu sindromun siyahısı daha da uzanır. Qeyd edilib ki, daha çox gənclərdə rast gəlinən kovid fəsadlarına daha üç əlamət əlavə edilib. Siyahıya halsızlıq, yəni iş görərkən tez yorulma, başda duman, saçların tökülməsi, depressiya, cinsi həvəsin azalması daxildir. Onlar kovid keçirmiş yarım milyon insanın elektron tibbi məlumatlarını incələyiblər. Nəticədə şikayət edilən və çox rast gəlinən təkrari 62 simptomun siyahısı hazırlanıb.

Bu simptomlar koviddən sonrakı 3 – 6 ay ərzində də davam edib. Pasiyentlərdə yaddaşda kəsintilər, apraksiya – məqsədli hərəkət və işin pozulması, ayaqlarda şişkinlik, hallüsinasiyalar, bağırsaq pozulması, qoxu pozulması, dad hissiyatının azalması, mütəmadi qızdırmanın qalxması, erektil disfunksiya və s. müşahidə olunub. Əlamətlər daha çox 18 – 30 yaşlı insanlarda, bütün yaşlarda qadınlarda, kök insanlarda, siqaret çəkənlərdə rast gəlinir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə çıxış edərkən indiyədək tətbiq edilən vaksinlərin yoluxmaları azaltmadığını vurğulayıb. Buna görə də hökumətlərin və özəl sektorun təkcə xəstəliyin gedişatını yüngülləşdirən deyil, həm də infeksiyanın özünün qarşısını alan yeni peyvəndlərin hazırlanmasında əməkdaşlıq etməyə və sərmayə qoymağa çağırıb. ÜST rəhbəri, həmçinin bütün ölkələrə çağırış edib ki, peyvəndləməyə əlavə olaraq, qiymətləndirmə aparılsın və virusun ötürülməsinin gələcək dalğalarına hazırlıq məqsədilə cavab planları yenilənsin.

Kubanın Genetik Mühəndislik və Biotexnologiya Mərkəzində SARS – CoV – 2 virusunun “Omicron” ştammına qarşı yeni vaksin işlənib hazırlanıb. Heyvanlar üzərində aparılmış tədqiqatlar yüksək səviyyədə immunogenlik nümayiş etdirir. Bu barədə mərkəzin “Twitter” səhifəsində məlumat verilib. Bildirilir ki, peyvəndin işlənib hazırlanmasına ötən ilin sonunda başlanılıb.

Bundan əvvəl Kuba koronavirusa qarşı ən azı iki peyvənd işləyib hazırlayıb, hazırda vaksinlərin istehsalçıları onların beynəlxalq səviyyədə tanınması məsələsinə dair ÜST ilə danışıqlar aparırlar. Abdala və Soberana 02 preparatlarının klinik sınaqlarda effektivliyi müvafiq olaraq 92,28 faiz və 91,2 faiz təşkil edib.

Xatırladaq ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiya davam edir. Avqustun 9-da Azərbaycanda COVID–19 infeksiyası əleyhinə 1688 doza vaksin vurulub. Operativ qərargahın yaydığı məlumata görə gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 280, ikinci doza vaksinlərin sayı 94, üç və daha çox doza vaksinlərin sayı 1129 olub. 185 nəfər “buster” doza vaksin alıb.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 830 min 718, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 368 min 796, ikinci mərhələ üzrə 4 milyon 858 min 957, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 346 min 862, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 256 min 103- dür.

Yoluxmalarla bağlı statistikaya görə, avqustun 13-də Azərbaycanda koronavirus infeksiyasına 420 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb. Operativ qərargahdan verilən məlumata görə, avqustun 13-dək ölkədə ümumilikdə 804 min 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 min 656 nəfər müalicə olunaraq sağalıb, 9 min 773 nəfər vəfat edib. Hazırda səhiyyə müəssisələrində aktiv xəstə sayı 3 min 156 nəfərdir. Ayın 13-də yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 303, ümumilikdə 7 milyon 91 min 597 test icra olunub.

Vətəndaşlarımızda son ştammlara yoluxanların xəstəliyi yüngül keçirməsi, ağırlaşmanın olmaması kimi faktlar arxayınlıq yaratmamalıdır. Əvvəla, yoluxmaların sayı artır. İkincisi də, insan orqanizmi fərdi və fərqlidir. Virus hər orqanizmdə eyni fəsad yaratmır. Bu, insanın immun sisteminin möhkəmliyinə bağlı olan məsələdir. Ən yaxşısı, yoluxmamaq, yaxınları təhlükəyə atmamaq üçün isə mütəxəssislərin söylədikləri qaydalara, adi gigiyenik tələblərə əməl etmək tövsiyə edilir. Qorunaq, sağlam qalaq!

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

14 Avqust 2022 00:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə