Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva TÜRKSOY-da həmmüəllifi olduğu kitabın təqdimatında çıxış edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabın Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un mərkəzi qərargahında keçirilən ilk təqdimatında çıxış edib.

 "Xalq qəzeti" xəbər verir ki, Şuşa şəhəri də daxil olmaqla, Qarabağın təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdıran Q.Paşayeva, bu kitabın ilk təqdimatının da, mədəniyyət diplomatiyası sahəsində uğurlu layihələr həyata keçirən TÜRKSOY-da baş tutmasını çox yerində və məntiqli hadisə kimi qiymətləndirib.

Q.Paşayeva vurğulayıb ki, Faiq Ələkbərli ilə birgə hazırladığı kitabın Türkiyədə nəşri və TÜRKSOY-da təqdimatı Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairlərinin yaradıcılığına verilən dəyərin ifadəsi olub, hər iki xanımın tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.

Komitə sədri diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər sayəsində indi Şuşa ilə, Qarabağla bağlı tədbirlərimizi qürurla, fərəhlə keçiririk. Şuşanın, Qarabağın hər guşəsi bizim üçün dəyərli olduğu kimi tarixi şəxsiyyətlərin, mədəniyyət, sənət xadimlərinin irsi də bizimçün əzizdir.

Q.Paşayeva Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu illərdə mədəni irsə qarşı vandallıqlardan da söz açıb, Natəvanın heykəli daxil olmaqla, heykəllərin belə güllələndiyini bildirib. “Əgər qərinələr öncə Şuşada Xurşidbanu Natəvan, Fatma xanım Kəminə kimi tarixi şəxsiyyətlər yetişibsə, bu Şuşadakı mədəni mühiti, Şuşada, Qarabağda, ümumən Azərbaycanda qadına bəslənən münasibəti ifadə edir. Biz qürur hissi keçiririk ki, 1918-ci ildə Yaxın Şərqdə ilk, ümumən dünyada ilklərdən biri olaraq qadına seçmək, seçilmək hüququ verən Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi olmayıb, bunun tarixi, mədəni əsasları, kökləri olub”.

Q.Paşayeva TÜRKSOY rəhbərliyinə, təşkilatçı qurumların bütün mənsublarına, kitabın hazırlanmasında, nəşrində və təqdimatında zəhməti olan hər kəsə könül dolusu təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, TÜRKSOY və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki Rəşad Məmmədov, Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok, Türkiyə Cümhurbaşqanlığı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar, kitabın nəşrinə dəstək göstərmiş qurumlardan biri - “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, “UMAY– Türk dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova, Yeganə Əliyeva, rejissor Elnurə Kazımlı və başqaları iştirak və çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.

“Qarabağdan doğan Günəş və Ay - Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.

Sonda, Milli Məclisin komitə sədri Q.Paşayeva və tədbirdə iştirak edən Azərbaycanın nümayəndə heyəti üzvləri TÜRKSOY-a Azərbaycanın Xalq rəssamı, dünyaşöhrətli sənətkar Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmlərindən və Qarabağ motivli xatirə hədiyyələri təqdim ediblər.

Tədbirin sonunda Q.Paşayeva, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan nümayəndə heyətinin üzvləri TÜRKSOY-un Baş katibi ilə görüşüb. Baş katiblə önəmli fikir mübadiləsi aparıb.

Milli Məclisin Mədəniyyət komitəsi və Azərbaycan nümayəndə heyəti üzvləri adından TÜRKSOY-un bir qrup əməkdaşına da Qarabağ motivli hədiyyələr təqdim olunub.

13 Avqust 2022 14:17 -

Köhnə versiyamızdan xəbərləri izlə