Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İslam Həmrəyliyinin güclənməsinə öz töhfəsini verir

ştirakçıların miqyası və ölkələrin əhatə dairəsi baxımından İslam Həmrəyliyi Oyunları, şübhəsiz ki, dünya əhəmiyyətlihadisədir. Dünyanın 4 qitəsindən 57 müsəlman ölkəsini biraraya gətirən bu möhtəşəm tədbirdə idmançılar məharətlərini nümayiş etdirməklə bərabər, humanizm, sülh kimi mühüm prinsiplər naminə həmrəylik də göstərirlər. 2017-ci il Bakıdakeçirilən uğurlu İslam Həmrəyliyi Oyunları iştirakçı ölkələrin həmrəyliyini göstərməklə yanaşı, həm də İslamın harmoniya, sülh və dostluq dini kimi əsl simasını təqdim etmişdi. Bu gündə eyni mənzərə qardaş Türkiyənin Konya şəhərində müşahidə olunur. Azərbaycanlı idmançıların da mübarizə apardıqları V İslam Həmrəyliyi Oyunları uğurla davam edir.

Ümumiyyərlə, İslam Əməkdaşlıq Konfransına daxil olan ölkələr 4 ildən bir İslam Həmrəylik Oyunları keçirirlər. 2001-ci ildə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin konfransında hər 4 ildən bir “İslam sülhdür” devizi altında yarışların keçirilməsi barədə qərar qəbul edilmişdi. Bu yarışların məqsədi bütün müsəlman ölkələri arasında idmanın inkişafına nail olmaq və İslamı müsbət mənada təqdim etməkdir. Qeyd etmək yerinə düşər ki, bu oyunların ilkin ideyasının 1981-ci ildə III İslam Zirvə görüşü zamanı Şahzadə Faysal bin Fəhd bin Əbdüləzizin verdiyi bildirilir. İlk İslam Həmrəylik Oyunları da 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdi. 53 ölkədən 7 minə yaxın idmançının 13 idman növü üzrə mübarizəyə qoşulduğu oyunlarda yalnız kişilər iştirak etmişdi. Növbəti oyunlarda isə qadınların da iştirakına icazə veril­mişdi. Növbəti yarışlar 2009-cu ilin aprelində Tehranda keçirilməli olsa da, İran və ərəb ölkələri arasındakı fikir ayrılığı buna mane olmuşdu. III İslam Həmrəyliyi Oyunları 2013-cü il sentyabrın 22-dən 1 oktyabra qədər İndoneziyanın Sumatra adasındakı Palembanq şəhərində keçirilmişdi. Həmin yarışlarda İndoneziya medal hesabında önə çıxaraq 29 qızıl medal­la yarışların qalibi olmuşdu. IV İslam Oyunları Azərbaycanda baş tutmuşdu.

Əlbəttə, idman dinc həyatın simvo­ludur. İdman olan yerdə sülh var, çünki o, bütün ölkələri birləşdirir. Əsrlər boyu İslam sivilizasiyasının tərkib hissəsi kimi müsəlman intibahında mühüm rol oynayan və bu gün İslam dünya­sının ön sıralarında olan Azərbaycan ümumbəşəri əhəmiyyət kəsb edən ide­yaların dünya ictimaiyyətinə çatdırılma­sı üçün ənənəvi məkan rolunu oynadı­ğını dəfələrlə sübut etmişdir. Məhz bu bəşəri dəyərləri yüksək qiymətləndirən Azərbaycan IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə keçirməklə, dünyaya sülh, bərabərlik və humanizm kimi mühüm mesajlar göndərmişdi. Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, İslam dəyərləri və multikultural ənənələr diyarı olan Azərbaycanda Həmrəylik Oyunlarının keçirilməsi böyük tarixi hadisə kimi qiymətləndirilmişdi. IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə Azərbaycan müsəlman dünyasında unikal dünyəvi dövlət modelini nümayiş etdirmişdi. Bununla yanaşı, Azərbaycan İslam həmrəyliyi proseslərində və müsəlman ölkələri arasında birliyə nail olmaq­da əsas rol oynamağa qadir dövlət olduğunu da çoxdan təsdiqləmişdir. Milli birlik, dünyəvilik və müasirlik prinsipləri ilə yanaşı, dini dəyərlərə, mənəvi birliyə, İslam həmrəyliyinə bağlılığını təsdiqləyən ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə, müsəlman ölkələri arasında həmrəyliyin daha da güclənməsinə öz töhfəsini vermişdir.

Təbii ki, İslam həmrəyliyi təkcə İslam ölkələrinin həmrəyliyi deyil. Bu, bir növ dünya əhalisini dinindən asılı olmayaraq dostluq, qardaşlıq və multikulturalizm şəraitində birgə yaşamağa çağırışdır. İslam Oyunla­rının keçirilməsi məhz bu xoş amala xidmət edir. Xüsusilə, Azərbaycan dövləti idman yarışlarında bu ideya­nın önə çıxarılmasına həmişə önəm verir. Təsadüfi deyil ki, “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyun­ları bunu əyani şəkildə bütün dünya ictimaiyyətinə nümayiş etdirmişdi.

Azərbaycanda keçirilmiş oyunlar, ilk növbədə, İslam həmrəyliyini gücləndirməsilə, həm İslam dünya­sına, həm də bütün dünyaya İslamın sülh, mərhəmət və qardaşlıq dini olduğunu göstərməsi ilə yadda qal­mışdı. IV İslam Həmrəyliyi Oyunları bir daha göstərmişdi ki, Azərbaycan böyük potensiala malik, ən mötəbər beynəlxalq yarışlara evsahibliyi etməyə qadir ölkədir. Eyni zamanda, 2017-ci ildə İslam Həmrəyliyi Oyunla­rına evsahibliyi etməklə Azərbaycan mədəniyyətlərarası dialoqun inkişa­fındakı rolunu da nümayiş etdirmişdi. Həqiqətən də, “Bakı-2017” dostluq bayramı olmaqla yanaşı, həm də böyük idman bayramı kimi tarixə düşmüşdü. Azərbaycan dünyaya göstərmişdi ki, İslam dünyası birdir və bu birlik bizim gücümüzün mənbəyidir.

Bu gün mədəniyyətlər arasın­da dialoqun aparılması və inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Hətta konfessiyalar, eləcə də dini təriqətlər arasında belə münasibətlərin daim inkişafına diqqət ayırmaq tələb olunur. Aydındır ki, dialoq olmayan yerdə anlaşılmazlıq, qarşıdurma kimi təhlükəli inkişaf meyilləri müşahidə edilir. Bu mənada avqustun 4-də radikal dini qrupun Azərbaycanın London şəhərindəki səfirliyində törətdiyi təxribat da məhz dialoqun daim davam etdirilməsinin aktuallığını təsdiqləyir. Bu, həm də müsəlmanlar arasında həmrəyliyin gücləndirilməsi baxımından da zəruridir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əsas məqsədlərindən biri də məhz budur.

Bundan başqa, Azərbaycan İslam Oyunlarında hamını üstələməklə güclü idman ölkəsi olduğunu da təsdiqləmişdi. Avqustun 9-da Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə bildirdi ki, Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunların­da, həm də dünya, Avropa çempionat­larında artıq adi hala çevrilib. Əlbəttə, dövlət başçısının idmançılarımızla görüşməsi onların qələbə qazanmaları­na böyük stimul verir. Konyadan gələn xəbərlər də onu göstərir ki, idmançıla­rımız ümidlərimizi doğruldurlar. Belə ki, Oyunların yeddinci gününün yekunları­na görə Azərbaycan 7 qızıl, 10 gümüş və 18 bürünc medalla dördüncü pilləyə yüksəlib.

Bir sözlə, qalib ölkənin idmançıları növbəti dəfə mötəbər yarışlarda güclərini sınayırlar. Prezident İlham Əliyevin yarışöncəsi dediyi kimi, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər: “Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydan­larında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”. İdmançılarımızın Konyadakı uğurları belə deməyə əsas verir ki, Azərbaycan bu dəfə də güclü idman ölkəsi kimi dünyaya səs salacaq və İslam Həmrəyliyinin güclənməsi prosesinə öz töhfəsini verəcək.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

13 Avqust 2022 08:34 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə