Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkının mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevirdəki Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Gənclərin innovasiya düşərgəsi keçirilir.

İnnovasiya düşərgəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Yüksək Texnologiyalar Par­kının (YTP) və onun rezidenti olan “Troniq” MMC-nin mütəxəssisləri də təmsil etdikləri qurumlar haqqında iştirakçılara ətraflı məlumat veriblər.

YTP-nin baş direktorunun müşaviri Müşviq Rəsulzadə texnoparkda yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqatların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün geniş infrast­ruktura malik olduğunu bildirib. Qeyd edib ki, YTP innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Texnoparkın əsas məqsədlərindən biri elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır.

Daha sonra YTP-nin rezidenti olan “Troniq” MMC-nin baş direktoru Anar Nəbiyev rəhbərlik etdiyi müəssisədə istehsal olunan texnoloji yeniliklər haqqında məlumat verib. A.Nəbiyev “Troniq” MMC-nin müxtəlif avadanlıqların və robototexnikaların istehsalı, onların süni intellekt vasitəsilə idarə edilməsi üçün müvafiq proqram təminatlarının yazıl­ması, eyni zamanda, həmin avadanlıqlarda və digər sahələrdə istifadə olunacaq ana plataların istehsalının həyata keçirildiyini diqqətə çatdırıb.

Təlimlərdə, həmçinin “Troniq” MMC-nin əməkdaşı, süni intellekt üzrə mütəxəssis Ömər Kərimov tələbələrə süni intellekt, ro­botoxenika sahəsində əldə olunan innovativ yeniliklər, onların birləşməsindən əmələ gələn məhsulların imkanları barədə məlumat verib, eləcə də dəzgahların və robotun yığılması qaydalarını izah edib.

Təlimlər zamanı tələbələrin YTP-də yaradılmış innovativ şəraitlə yaxından tanış olmaları üçün növbəti aylarda texnoparka ekskursiya təşkil olunması qərara alınıb. Qeyd olunub ki, təlimlərdə elmi və innovativ potensialı ilə seçilən gənclərin gələcəkdə YTP-də işlə təmin olunması da nəzərdə tutulur.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

13 Avqust 2022 02:54 -

Köhnə versiyamızdan xəbərləri izlə