Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan seçim qarşısındadır

Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Azərbaycan üçtərəfli bəyanatın qarşıya qoyduğu tələblərə riayət edir, bölgədə kommunikasiya xətlərinin, dəmir və avtomobil yollarının bərpasını davam etdirir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirir. Dövlət sərhədlərinin dəqiqləşdirilməsi hər iki tərəf üçün önəmli məsələdir. Bununla həm də bölgə üzrə davamlı sülhü təmin etmək mümkündür. Təəssüf ki, Ermənistan həmin bəyanatın tələblərini yerinə yetirmək əvəzinə, təxribatlar törətmək kimi çirkin əməlindən əl çəkmir, öz hərbçilərini işğaldan azad edilmiş Azərbaycan ərazilərindən çıxarmır. Politoloq Şəbnəm Həsənova ilə söhbətimiz bu barədə oldu. O dedi:

– Vətən müharibəsi bitən kimi, Prezident İlham Əliyev istər Ermənistanın, istərsə də işğalçı ölkəyə havadarlıq edən qüvvələrin nəzərinə çatdırdı ki, tarix boyu baş verən hər şeyə rəğmən Ermənistanı sülhə dəvət edirik. Üstəlik, nəzərə almaq lazımdır ki, təklif edilən əməkdaşlıq platformaları regional dövlətlərin hər birini ehtiva etməklə, ilk növbədə, elə məhz işğalçılıq siyasətindən əl çəkə bilməyən ölkənin özünə geniş imkan­lar yaradırdı. Əsas məqsədi regionda pozuculuq etməklə diktə siyasətini həyata keçirmək, asılı xarici siyasət yürüdərək, digər dövlətlərin əlində alətə çevrilən Ermənistan 10 noyabr 2020- ci il tarixli üçtərəfli Bəyanatın imzalan­masından keçən 1 il 9 ay müddətində nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, üstəlik, təxribatlar törətməkdə davam etdi.

Görünür, Ermənistan “dəmir yumruq”dan ötrü darıxır. Əslində , bu məqamı işğalçıların özü yetişdir­mişdi. Dövlət başçımızın dəfələrlə xəbərdarlıqlarına, açıq mesajlarına baxmayaraq, işğala vərdiş etmiş erməni hərbçiləri faşist əməllərindən əl çəkmədilər. Onların həyata keçirdikləri terrora qarşı Azərbaycan “Qisas”la cavab verdi. Baş verən hadisələr bir daha təsdiqlədi ki, bu diplomatiya qısamüddətli deyil, uzunmüddətli stra­teji hədəflərə köklənib. Belə ki, istər Ru­siya, istərsə də Qərb bloku tərəfindən siyasi şəxslərin zənglərinin məhz onların təşəbbüsü ilə həyata keçirilməsi Azərbaycanın birmənalı olaraq, üstün mövqeyinin bariz nümunəsidir. “Qisas” əməliyyatının qətiyyətini və gücünü görən Ermənistan yenə də əl-ayağa düşərək, imdad dilədi, Azərbaycan yal­nız vasitəçilərin müraciətlərindən sonra əməliyyatı dayandırdı.

İndiki məqamda hadisələrin inkişaf ssenarisi onu deməyə əsas verir ki, Cənubi Qafqazda baş verən hadisələr artıq Ermənistan–Azərbaycan kontekstindən çıxaraq, daha qlobal məna kəsb etməyə başlayıb. Belə ki, regionda maraqların kəsişməsi daha da intensivləşir.

Ukrayna–Rusiya hadisələrinin nəticəsi olaraq, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Rusiya əlavə bazarlar axtarmaqda maraqlıdır. Bu məsələdə isə Şimal-Cənub multimodal daşımaları birinci yerdə dayanır ki, bu da birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır. Deməli, nəqliyyat və kommunikasiyala­rın üçtərəfli bəyanata da uyğun olaraq işə düşməsi, ilk növbədə, Rusiyanın elə öz maraqları baxımından lazımdır. Rusiya isə aydın dərk edir ki, buna gedən yol regionda qalan qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasın­dan keçir . Məlum olduğu kimi, bununla bağlı da Azərbaycan qəti mövqeyini bildirirb. Zəfərimiz Cənubi Qafqazdan başlayaraq, Mərkəzi və Cənub-Şərqi Asiyaya qədər bütün xalqlara sülh, rifah və fayda gətirəcək.

Ş.Həsənova bildirdi ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq, Qarabağda yaşayan ermənilərin Laçın dəhlizi vasitəsilə Ermənistana maneəsiz keçidini təmin etdi. Bunun əksinə olaraq , Ermənistan Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması istiqamətində üzərinə götür­düyü öhdəliyi icra etmədi. Şübhəsiz ki, buna mane olan qüvvələr də müxtəlif üsul və metodlarla bu öhdəliyin yerinə yetirilməməsi üçün var gücləri ilə çalışırlar. Bütün bunlara baxmayaraq, Azərbaycanın çoxvektorlu diploma­tiyası bu istiqamətdə də öz sözünü dedi. Belə ki, Araz çayı üzərində ilk körpünün tikintisinə artıq start verilib. Yəni, Ermənistan düşünürsə ki, Naxçıvan blokada şəraitində saxlanı­lacaq, tamamilə yanılır. Azərbaycanın Ermənistandan keçmədən Araz çayı ilə İran üzərindən Naxçıvana getməsi üçün alternativi mövcuddur. Seçim isə Ermənistanındır. Əlbəttə ki, regional əməkdaşlıqdan kənar qalmaqla itirəcək tərəf özü olacaq.

Möhtərəm Prezidentimizin çoxvek­torlu diplomatiyasından söhbət açan politoloq bu siyasətin hər məqamda öz sözünü dediyini vurğuladı. O, sözünə davam edərək vurğuladı ki, məhz bu uzaqgörən siyasətin nəticəsi kimi təşəbbüslər verən və şərtləri diktə edən tərəf də bizik: “Azərbaycan 44 gün ərzində Ermənistana hərbi və siyasi cəhətdən elə bir zərbə en­dirdi ki, bu dövlətin özünə gəlməsi üçün illər, əsrlər lazımdır. Ölkəmiz bu reallığı illər ərzində yaratdı. Belə ki, Prezident İlham Əliyev hər dəfə çıxışlarında Ermənistanın regional layihələrdən məhz işğal siyasətinə görə təcrid olunduğunu çəkinmədən bəyan edir. Dövlət başçımız deyir ki, indi elə bir diplomatik gedişlər həyata keçirir ki, ümumiyyətlə, Ermənistanın öhdəliklərdən yayınması onun bir dövlət kimi subyektliyini şübhə altına alacaq. Digər tərəfdən Ermənistan ordusu və cəmiyyəti də pərişan hal­dadır. Dalana dirənən işğalçı ölkənin baş naziri Nikol Paşinyan yaranan reallıqları bütün çılpaqlığı ilə cəmiyyətə söyləyə bilmir. Digər tərəfdən revan­şist qüvvələr bir tərəfdən həm öz, həm də xarici dairələrin əlində alət olmaqla, onların maraqlarını təmin etmək baxımından cəmiyyəti çaşqın­lıq içində saxlamağa cəhd edir. Daha radikal revanşistlərə isə aqibətlərinin beynəlxalq məhkəmələr olacağı yaxşı məlum olduğundan proseslərə hər vəchlə mane olmağa çalışırlar. Bu qüvvələr üçün şəxsi maraqlar hər şe­yin fövqündə dayanır. Bəllidir ki, onlar üçün nəinki region, heç Ermənistan da maraqlı deyil. Maraqlı olan öz aqibətləridir ki, bunun da heç də yaxşı­lığa doğru getmədiyini görürük...”

Politoloq Ermənistanın seçim alternativinin olmadığını da bildirdi və bu ölkənin yeganə çıxış yolunun Azərbaycanın təklif etdiyi beş baza prinsiplərini qəbul edərək , sülh müqaviləsini imzalamaqda gördüyünü bildirdi: “Ermənistan anlamalıdır ki, yal­nız bu halda düşmüş olduğu acınacaqlı durumdan xilas ola bilər. Ümid etmək olar ki, bundan sonra ölkəyə kapital axını gələ bilər. Bu da nəticə etibarilə Ermənistanın özündə siyasi, iqtisadi sabitliyin dayanıqlı inkişafının əsasını təşkil edə bilər. Hadisələr də təsdiqləyir ki, Ermənistan olum, ya ölüm dilemma­sı qarşısındadır”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

13 Avqust 2022 03:53 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə