Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Media azadlığı və sosial məsuliyyət

Uzun illərdir ki, jurnalistika üzdə olan bir yaradıcılıq kimi tanınır və bu sahədə çalışanların fəaliyyəti, ictimailəşdirdikləri fikirlər mötəbər mənbə olaraq dəyərləndirilir. Mətbuat təmsilçilərinin qərəzsiz və prinsipial davranışlarının əsas meyar kimi qəbul edilməsi tendensiyası ciddi mübahisə doğurmur. Buna görə də media azadlığı heç də ifrat sərbəstlik anlamı daşımır.

Tələbəsi olduğum Dövlət Universitetində müəllimlərim – görkəmli jurnalistlər Nəsir İmanquliyev, Nurəddin Babayev, Qulu Xəlilli, Famil Mehdi, Tofiq Rüstəmov və digərləri daim vurğulayırdılar ki, mətbuat işçisi, sözün əsl mənasında, ictimai-siyasi xadimlərdir və bu, onların üzərinə mü­hüm vəzifələr qoyur. Həmin vəzifələr özlüyündə peşəkarlığı, qərəzsizliyi, obyektivliyi və cəmiyyət arasında nümunəvi davranış sərgilənməsini ehtiva edir. Bu sənəti seçən heç kəs həmin tələbləri unutmamalıdır. Sevimli müəllimlərimizin tövsiyələri bu gün də aktual olaraq qalır.

Ölkəmizdə müasir çağırışlara cavab verən mətbuatın formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müstəqil dövlət quruculuğu, demokratik islahatlar naminə həyata keçirdiyi siyasətin təməli üzərində Azərbaycanda böyük irəliləyişə nail olunub. Bu, mətbuat və informasiya sahəsində də özünün bariz ifadəsini tapıb. Söz və məlumat azadlığı təmin edilib, medianın iqtisadi müstəqilliyi güclənib. Prezident İlham Əliyev medianın inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, mətbuatın potensialının artmasına və qlobal informasiya məkanında layiqli yer tutmasına hərtərəfli dəstək verir. Bu sahədə dövlət səviyyəsində konk­ret addımlar atılır.

Azərbaycanın məruz qaldığı informasiya blokadasını yarması, 44 günlük Vətən müharibəsi ilə bərabər, informasiya müharibəsindən də zəfərlə çıxması əsas etibarı ilə cənab İlham Əliyevin qətiyyətli diplomati­yasının nəticəsidir. Həmin dövrdə möhtərəm Prezidentimiz 30-dan artıq aparıcı mediaya sanballı və tərksilahedici müsahibələr verdi, xalqı­mızın haqq səsini dünyaya çatdırması üzrə nümunəvi fəaliyyəti ilə media siyasətimizin uğurunu tam təmin etdi.

Ali səviyyədə örnək sayəsində milli mediamız da müsəlləh əsgərə çevrildi. Azərbaycana qarşı yönəldilən infor­masiya təxribatlarının dəf edilməsi, xəbər məkanımızın qorunması, bütövlükdə, oxucu auditoriyası sayılan əhali təbəqələrində vətənpərvərlik hissinin gücləndirliməsində jurnalistlərimizin layiqli xidməti oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə törədilmiş erməni vəhşiliyi və vandallığı da bacarıqla ifşa edilir və bu barədə əsl həqiqətlər dünyaya çatdırılır.

İnamla demək olar ki, artıq ölkəmizdə media fəaliyətinin qa­nunvericilik bazası xeyli təkmilləşib, dövlətlə mətbuat arasında kommu­nikasiya inkişaf etdirilib, mediamızın beynəlxalq əlaqələri genişlənib və bu sahədə beynəlxalq platformalar yaradılıb. Bütün bunlar jurnalistlərin peşəkar fəaliyyət imkanlarını artırıb və yaradıcı rahatlığını təmin edib. Müva­fiq qanunun qəbulu və redaksiyalara çoxsaylı güzəştlərin tətbiqi, MEDİA Agentliyinin yaradılması və geniş fəaliyyətə başlaması diqqətəlayiqdir. Təkcə bir faktı qeyd edək ki, MEDİA Agentliyi tərəfindən dünyanın qabaqcıl media təşkilatları və xarici ekspertlərin iştirakı ilə jurnalistlər üçün silsilə təlim və treninqlər keçirilir. Ötən il ərzində bu kimi tədbirlərə 60-dan çox təlimçi və 350-dən artıq media nümayəndəsi cəlb olunub. Bütün bunlar media­nın dövlət qurumları ilə qarşılıqlı əlaqələrini gücləndirib. Son dövrlərdə XİN, MN, BMTM, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi və digər qurum­larla birgə faydalı təlimlər keçirilib. Jurnalist əməyinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından təşkil olunan müsabiqələrin də rolu böyükdür. Avropanın qabaqcıl təcrübəsi əsasında formalaşdırılan və yaxın günlərdə fəaliyyətə başlayacaq Media Reyestri də Elektron hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq ki, bu da zəruri addımlar­dandır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də vəzifə və funksiyaları bu sahədə maksimum effektivliyə nail olunmasını hədəfləyir.

Son vaxtlar media sahəsində müşahidə olunan müsbət dinami­ka dövlət siyasətinin mahiyyətinin geniş ictimaiyyətə çatdırılması və izahında çevikliyi təmin edib. Mətbuatımız beynəlxalq informasiya məkanında mövcud olan tendensiya və trendləri yaxından izləyir, qabaq­cıl nümunələri bacarıqla tətbiq edir, ideoloji mübarizədə fəallıq göstərir. Bu baxımdan bir neçə gün öncə həmkarlarımızdan birinin Tvitter hesabında paylaşdığı bir informasiya diqqətçəkən olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına istinadla verilən xəbərdə bildirilir ki, son vaxtlar Ermənistan—İran sərhədində mürəkkəb operativ vəziyyət yaranıb və bu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması cəhdlərinin çoxalması ilə əlaqədardır. Xəbəri ötən ay Türkiyə, Rusiya və İran rəhbərlərinin üçtərəfli görüşü, qonşu ölkənin ali dini liderinin Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaqları barədə söylədiyi fikirlər müstəvisində sərf-nəzər edəndə, necə deyərlər, “xoruzun quyruğu” görünür. Sözügedən sərhədin bağlanmasın­dan təlaşa düşənlərin açıq və gizli niyyətləri, beləcə, kiçik bir xəbərlə bir daha üzə çıxır. Bu xəbərin yayılmasını dövlət təəssübkeşliyi çəkən jurnalistika nümunəsi adlandırmaq olar.

Ümumiyyətlə, gündəm möv­zularının operativ işıqlandırılması və müzakirəyə çıxarılması, kons­truktiv, qərəzsiz və obyektiv tənqidi materialların artması jurnalistika­mızın peşəkarlıq göstəricisi kimi dəyərləndirilməlidir. Amma, təəssüf ki, bunlarla yanaşı, media azadlığın­dan, fikir plüralizmindən sui-istifadə edən, informasiya təhlükəsizliyinə məhəl qoymayan bəzi mətbuat qurumları və jurnalistlər də var. Məsələn, bu ayın əvvəlində Rusi­ya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması ilə əlaqədar görülən adekvat cavab tədbirlərinə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mənfi reak­siya verilməsi başadüşülən deyil. Belələri nə məqsədlə isə müzəffər Silahlı Qüvvələrimizin fəaliyyətini təhrif edir, qəhrəman hərbçilərimizin həyatı təhdidlə üzləşdiyi halda, həmin təhdidlərə cavab olaraq “Qisas” əməliyyatı keçirilməsinə qarşı çıxır, saxta və ya köhnə görüntülər paylaşır, heç bir əsas olmadan onları aktuallaş­dırmaq istəyirlər. Heç də xoş niyyətli olmayan bu kimi cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu dəfələrlə informasiya təhlükəsizliyi tələblərini pozan saytlara və jurnalistlərə qarşı lazımi tədbirlər görüb, bəzilərinə xəbərdarlıq edib, bəzilərini cəzalandırıb ki, məsuliyyətsiz hərəkətlərin qarşısı alınsın. Onların beynəlxalq baxımdan prinsipial önəm daşıyan mövzularda yanlışlıqlara yol vermələri, xüsusilə də Azərbaycan Ordusunun fəaliyyətinə kölgə salan saxta informasiyaları tirajlamaları tamamilə dövlətçilik prinsipləri ilə bir araya sığmır. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur. Odur ki, bu məsələdə təkcə hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə kifayətlənmək olmaz, ictimai qınaq da lazımi səviyyədə olmalıdır.

Süni ajiotaj yaradan, sensasiya xatirinə feyk-nyuslar yayan sosi­al şəbəkə istifadəçilərinə tövsiyə edərdik ki, ilk növbədə bunun­la bağlı qanuna nəzər salsınlar və özlərinin hüquqi məsuliyyət dərəcəsini bilsinlər. Bundan başqa, analoji ədəbiyyatla maraqlansınlar ki, yanlışlığa (əgər bu bilməyərəkdən edilirsə) yol verməsinlər. Belə ədəbiyyat yetərincədir. Biri elə Mətləb Əlizadə, Hafiz Bayramov və Əlövsət Məmmədovun həmmüəllifliyi ilə buraxılmış “İnformasiya təhlükəsizliyi” kitabıdır. Həmin dərslikdə analoji təhlükəsizliyin əsas anlayışları, kom­püter sistemlərində və şəbəkələrində informasiya hədəfləri haqqında məlumatlar, onların təhlil edilməsi ətraflı əksini tapıb. Həmçinin kor­porativ şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma əsaslandırılıb. Xəbər mübadiləsinin müdafiə edilməsi üzrə baza texnologiyası izah olunub. Standartlardan istifadə etməklə təhlükəsizliyin təminatı ilə bağlı istifadə olunan qanunlar ətraflı şərh edilib. Daha öncə Vaqif Qası­movun yazmış olduğu “İnformasiya təhlükəsizliyinin əsasları” adlı kitab da faydalı vəsaitdir.

Bundan başqa, informasiya təhlükəsizliyi qaydalarını poz­maq istəməyən həmkarlarımız öz xəbərlərinin auditini təşkil edə, kibertəhlükəsizlik mühəndislərinin köməyinə üz tuta bilərlər. Bu ba­xımdan dövlət qurumlarında, bank sistemində mövcud olan informasiya təhlükəsizliyinə nəzarət mərkəzlərinin təcrübəsini də öyrənmək, “ Infor­mation Security Specialist”-lərinin xidmətlərindən də istifadə etmək olar.

Artıq milli strateji resursa çevrilmiş informasiyanın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər də faydalıdır. Məsələn, bu günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasi­ya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilib. Baş prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov informasiya mühitinin sağlamlaşdırılması, müva­fiq qaydaların pozulmasına hüquqi reaksiya, bu sahədə neqativ hallarla mübarizə üsullarından danışıblar.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev media sahəsində yol verilən qanun pozuntularına görə prokuror təsir tədbiri aktlarının növləri, tətbiqi əsasları, nəticələri, inzibati ic­raatın başlanmasının əsasları barədə məruzə ilə çıxış edib. Cəmiyyətin media savadlılığının artırılması istiqamətində işlərin görülməsinin böyük əhəmiyyət daşıdığı bildirilib.

Yekun olaraq qeyd edək ki, dövlətin mənafeyinə, insanların psi­xoloji durumuna mənfi təsir göstərən xəbərlərin mediada qabardılması və sosial şəbəkələrdə yayılması cəmiyyət üçün fəsadlar törədir. Bu isə ciddi jurnalist məsuliyyəti ilə müşayiət olunmalıdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

12 Avqust 2022 01:00 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə