Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lider uzaqgörənliyi

 Bir neçə gün əvvəl–avqustun 5-də ABŞ Dövlət katibi Entoni Blinken, sonra isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danı­şıblar. Həmin gün dövlət başçımız Fransa Prezidenti Emmanuel Makronla da telefonla da­nışıb. Həm ABŞ Dövlət katibi, Fransanın dövlət başçısı, həm də avropalı diplomat bölgədə yaranmış gərginliklə bağlı narahatlıqlarını bildiriblər.

 

Sözsüz ki, bölgədə yaranmış gərginliyə görə, həmişəki kimi, Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı ölkə mütəmadi olaraq bölgədə atəşkəs rejimini pozur, təxribatlar törədir, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın tələblərinə əməl etmir. Ermənistan hərbçilərini Azərbaycan ərazilərindən çıxarmır və sülh müqaviləsini imzalamağa razılıq vermir. Axı, Nikol Paşinyan Bəyanatın bəndləri ilə tanış olduqdan sonra təslim olma haqqında sənədi şəxsən özü imzalayıb. Buna baxmayaraq, düşmən təxribat əməllərindən əl çəkməyərək, regionda gərginlik yaratmaqda davam edir.

ABŞ Dövlət katibi və Avropa İttifaqı Şurası prezidentinin regionda yaran­mış problemlə bağlı dövlət başçımıza zəng vurmaları təsadüf deyil. Artıq həm ABŞ rəsmiləri, həm də Avropa İttifa­qı, həmçinin digər nüfuzlu qurumlar Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir və ortaya çıxan problemlərin həllində qalib dövlətin Prezidenti İlham Əliyevlə məsləhətləşir, bəzi məsələləri dövlət başçımızla razılaşdırırlar. Artıq beynəlxalq aləm də etiraf edir ki, Azərbycanın razılığı olmadan Cənubi Qafqazda hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.

Xatırladaq ki, bundan əvvəl də həm dövlət katibi Entoni Blinken, həm də Şarl Mişelin qısa vaxt ərzində bir neçə dəfə dövlətimizin başçısı ilə telefon da­nışıqları olmuş və hər dəfə də bölgədəki vəziyyət müzakirə edilmişdir. ABŞ Prezidenti Cozef Bayden də qısa vaxt ərzində bir neçə dəfə Prezident İlham Əliyevə təbrik məktubları göndərmiş və açıq şəkildə ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməsində ma­raqlı olduğunu bildirmişdi.

Bu faktları xatırlatmaqda məqsəd Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə yüksəldiyini və mövqeyinin möhkəmləndiyini diqqətə çat­dırmaqdır. Dünyanın super­gücünün rəsmilərinin tez-tez dövlət başçımızla telefon da­nışığı və əlamətdar günlərdə təbrik məktubları göndərməsi xarici siyasətimizin uğurlarının , həmçinin Prezidentimizin liderlik məharətinin göstəricisidir.

Onu da diqqətə çatdıraq ki, telefon danışıqları zamanı dövlət başçımız Ermənistanın sülh müqaviləsinin imzalanma­sına yaxın gəlmədiyini, bölgədə törətdiyi təxribatlar və bunun da nəticəsində Azərbaycan əsgərinin qətlə yetirildiyi barədə məlumat verib. Dövlət başçımız qanun­suz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir.

Prezident İlham Əliyev iş­ğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi geniş­miqyaslı mina problemini və birinci Ermənistan–Azərbaycan müharibəsindən etibarən itkin düş­müş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə bu günə qədər Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi­ni vurğulayıb. Ermənistan itkin düşmüş azərbaycanlıların hara­da basdırıldığı barədə hələ də məlumat verməyib.

Azərbaycanın dünyada söz sahibinə çevrilməsi son 19 ildə Prezident İlham Əliyevin düz­gün müəyyənləşdirdiyi daxili və xarici siyasətin nəticəsidir. Dövlət başçımızın düşünülmüş siyasi kursu, lider uzaqgörənliyi Azərbaycanın ərazi bötövlüyünün bərpa olunmasını reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz Emənistanın 30 illik işğalçılıq siyasətinə son qoyudu. Hələ 19 il əvvəl–2003-cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirmişdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunma­lıdır, bir milyon qaçqın və köçkün öz doğma yurduna qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmaya­caqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanma­masını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmaya­raq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olur­sa-olsun, azad edəcəkdir”.

Dövlət başçımız əminliklə demişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram: “Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüra­lizm, söz azadlığı təmin oluna­caqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir”.

Həmin vaxtdan Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoy­muşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – deyərək fəaliyyətə başla­yan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”, – fikirləri bu gün bütün sahələrdə özünü doğruldur.

Artıq torpaqlarımız işğalçı Ermənistandan azad edilib. Dağlıq Qarabağ, status-kvo məfhumları birdəfəlik ləğv edilib və Cənubi Qafqazda yeni reallıq yaranıb. Dünya birliyi də bu reallığı qəbul edib. Ardıcıl olaraq həyata keçi­rilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 gün­lük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.

Hazırda işğaldan azad edil­miş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qa­yıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın ilk müjdəsini Zəngilan rayonunun Ağalı kənd sakinlərinin dədə-baba yurdlarına qayıdışında aldıq. Ağalıda tədricən həyat öz axarına düşür.

İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensia­lından, təbii sərvətlərindən və ge­niş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin olunması üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması­nın məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması zərurəti yarat­dı. Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı yeni reallığın bariz nümunəsidir. Həmin fərmanla Azərbaycan Respublika­sının iqtisadi rayonlarının bölgüsü təsdiq edilmişdir. Fərmanın mü­vafiq bəndlərində yazılır: 1.6. Qa­rabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları). Gö­ründüyü kimi, artıq Dağlıq Qrabağ məfhumu tarixin arxivinə atıldı.

İki ilə yaxındır ki, dünyanın başı üzərini koronavirus pandemi­yası bürüsə də, dövlət başçımızın düşünülmüş siyasi fəaliyyəti sayəsində ölkəmizdə qarşıya qoyulan layihələr uğurla icra olunur. Azərbaycan müharibədən yeni çıxmış ölkə kimi, beynəlxalq əlaqələrini getdikcə genişləndirir, mühüm əhəmiyyətli tədbirlərə evsahibliyini davam etdirir. Müharibədən sonra da ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin ke­çirdiyi mərkəzə çevrilib. Bu da res­publikamıza dünya birliyində olan inam və etimaddan irəli gəlir. Son vaxtlar Bakıda və işğaldan azad edilmiş ərazilərimizdə ardı-arası kəsilməyən beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada sabitlik məkanı kimi tanınmasının göstəricisidir.

Bu gün Qarabağda aparılan yenidənqurma, bərpa-tikinti işləri dünyanı heyrətləndirib. Qısa vaxt ərzində bu qədər işləri görmək hər liderə nəsib ola bilməz. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa səfəri zamanı türk və yerli şirkətlərin Qarabağ bölgəsində icra etdikləri layihələrlə tanış olduqdan son­ra demişdir ki, bu gün regionda davamlı sülh üçün heç zaman olmadığı kimi əlverişli vəziyyət mövcuddur. Qardaş ölkə Pre­zidenti qısa zamanda görülən işlərə heyrətini gizlədə bilməyərək demişdir ki, bu qədər işləri qısa zamanda yalnız Prezident İlham Əliyev görə bilər.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən, inkişaf etmiş dövlətlərlə əməkdaşlığı daha da genişləndirmək istiqamətində qətiyyətli addımlar atır. Av­ropa İttifaqı ilə münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycan bu mötəbər qu­rumla genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişini imzalamaq ərəfəsindədir. Sənədin hazırlan­ması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və artıq danışıqlar prosesi sonuncu mərhələdədir. Bir ay əvvəl Avropa Komissiyasının prezidenti, xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə müzakirələr aparması və Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Stra­teji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması dünya ictimaiyyətinin marağına səbəb oldu. Memorandumun imzalanması ölkəmizin bu qurum­la əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi .

Xanım prezidentin Avro­pa İttifaqının Azərbaycanla tərəfdaşlığına dəyər verdiyini bildirməsi və bu tərəfdaşlığın zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcəyini və dərinləşəcəyini bildirməsi ölkəmizin beynəlxalq aləmdəki nü­fuzunun artmasından xəbər verir.

Xatırladaq ki, təkcə bu il ərzində xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Ümumiyyətlə, dövlət başçımızın müəyyənləşdirdiyi xarici siyasət çox uğurlu olub. Azərbaycan Qoşulmama Hərəkatının fəal sədri kimi, bu təsisatın institusional in­kişafına böyük töhfələr vermişdir. Ona görə də üzv ölkələrin xahişi ilə Azərbaycan bu təşkilata daha bir il sədrlik edəcək. Ölkəmizin təşəbbüsü ilə hərəkatın Parla­ment və Gənclər şəbəkələrinin yaradılması və ilk toplantıla­rının Bakıda keçirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın fəallığı, təkcə bu il dövlət başçımızın Türkiyə Prezi­denti ilə üç dəfə görüşməsi, Qırğı­zıstan Prezidentinin Azərbaycana səfəri, möhtərəm Prezidentimizin Özbəkistana və Türkmənistana səfərləri türk dövlətləri ilə əlaqələrimizin dövlət siyasətinin prioriteti olduğundan xəbər verir.

Qonşu ölkələrlə də əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar xüsusi qeyd edilməlidir. Möhtərəm Prezidentimizin bu il Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri bir daha bunu göstərir. Bütün bunlar Prezident İlham Əliyevin lider uzaqgörənliyi və müdrikliyi ölkəmizin dünyada söz sahibinə çevirildiyindən xəbər verir. Ümid edirik ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçu­larla əməkdaşlığımız getdikcə möhkəmləndirilir və Azərbaycan qalib ölkə kimi Cənubi Qafqazda sabitliyin təmin olunmasına öz töhfəsini verir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

12 Avqust 2022 01:38 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə