Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər göstərilən qayğıya heç vaxt borclu qalmır

əməkdaşı12 Avqust Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Kon­vensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

 

İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiya­sı” kimi də tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına xidmət edir.

Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapıb.

“Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan son­ra 2006-cı il avqustun 12-də qüvvəyə minmiş və sonradan bu tarix Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü kimi qeyd edilməyə başlanıb.

Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı ənənəvi olaraq hər il bir-birindən maraqlı tədbirlər həyata keçirir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini dənizlərin bioresurslarını qorumaq, mövcudluğuna və inkişafına əngəl törədən maneələri aradan qaldırmaq, sahilləri təmiz saxlamaq, məişət tullan­tıları ilə çirkləndirməmək, çirkab suların dənizə axıdılmasının qarşısını almaq, habelə digər antropogen təsirlərdən qorumaqdır. Nazirliyin tərtib etdiyi iş planına əsasən hər il bu gün və sent­yabrın son həftəsi ilə bağlı ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, texnikumlarda, bələdiyyələrdə, bir sıra dövlət və özəl qurumlarında dəniz bioresurslarının zənginliyinin qorunub-saxlanılmasının əhəmiyyətini özündə əks etdirən mühazirələr, seminar və təbliğat işləri həyata keçirilir.

Yeri gəlmişkən, ən böyük su hövzəsi olan Xəzər dənizi haqqında oxucula­rı məlumatlandırmaq biz ekoloqların borcudur. Bu baxımdan, ilk növbədə, qeyd edim ki, Xəzər elə bir coğrafi var­lıqdır ki, onun taleyinə heç vaxt biganə qalmaq olmaz. Obrazlı desək, Xəzər 5 ölkənin bir övladıdır. Belə ki, dənizin sahillərində qərar tutan Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iqtisadiyyatında Xəzər mühüm rol oynayır.

Dənizin sahəsi 271 min kvadratki­lometrdir. Uzunluğu şimaldan cənuba 1204 kilometr, orta eni 320 kilometrdir. Orta dərinliyi 184 metrə çatır. Sahil xətlərinin uzunluğu 7 min kilometrdir. Ən dərin yeri Lənkəran rayonu yaxınlı­ğındadır – 1025 metr. Xəzərə 130-dan çox çay axır. Bunlardan ən böyüyü Vol­qadır. Mənbələrə görə, tarixin müəyyən dönəmində Xəzər dənizi Qara dənizlə bitişik olmuşdur. Zaman keçdikcə Xəzər ayrıca dənizə çevrilmişdir. Xəzərin Qara dənizlə əlaqəsi kəsildikdən sonra onun suyu dəfələrlə qalxıb enmiş, bununla əlaqədar sahəsi də dəyişmişdir.

Xəzərin səviyyəsinin qalxması, bunu yaradan amillər mütəxəssislər tərəfindən öyrənilir. Xəzər mühüm balıqçılıq hövzəsidir, onun dibi neft, qaz və başqa xammal ehtiyatları ilə zəngindir. Mühüm su nəqliyyatı yoludur. Ona görə də belə bir hövzənin hərtərəfli qorunması, tədqiqi sahilyanı dövlətlərin, beynəlxalq təşkilatların maraq dairəsindədir.

Xəzər canlı aləmlə zəngin hövzədir. Onun canlı aləmi mütəxəssisləri yaxşı mənada heyrətləndirməkdədir. Balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvan­lar... Xəzərin sərvətidir. Dənizdə 1400-ə qədər fauna növü, 110 balıq növü var. Burada nərə, uzunburun, ağ balıq, Xəzər qızılbalığı, ağ qızılbalıq, çəki, xəşəm, kütüm və s. kimi qiymətli balıq növləri yaşayır.

Dünyada ağ balığın 70 faizi, Qara kürü isə bütünlüklə Xəzəryanı dövlətlərin hesabına istehsal olu­nur. Müvafiq beynəlxalq təşkilatlar tərəfindən çox qiymətli ağ balığın və qara kürünün istehsalına görə, haqlı olaraq, sahilyanı ölkələrə kvota müəyyənləşdirilib. Təsəvvür edək ki, dünyanın “qara bazar”larında qara kürünün 1 kiloqramının qiyməti 5-8 min dollar civarındadır. Ona görə də Xəzəryanı dövlətlər ağ balığın çoxaldıl­ması qayğısına qalmalıdırlar.

Ölkəmizdə balıqyetişdirmə zavod­ları bu sahənin inkişafı ilə məşğuldur. Balıqyetişdirmə texnologiyasının indiki səviyyəsindən, təəssüf ki, mak­simum istifadə edilmir. Brokonyerlik qiymətli balıq növlərinin qırılmasına, məhsuldarlığın azaldılmasına səbəb olur. Əgər Xəzəryanı dövlətlər ciddi şəkildə əlbir olaraq bu sahənin inki­şafına diqqət yetirməsələr, tezliklə bu qiymətli nemətdən, əvəzolunmaz sərvətdən məhrum ola bilərik. Dənizin yeraltı sərvətlərinin ölçüsüz istismarı öz mənfi təsirini göstərməkdədir. Xüsusilə, suyun üzərindəki neft pərdəsi qiymətli sərvətlərin qənimidir. Dənizin ekoloji vəziyyəti riskli səviyyədədir.

Xəzərin balıq xəzinəsinin artırılma­sında Kür çayının təmiz saxlanılmasının böyük ekoloji əhəmiyyəti var. Alimlərin məlumatlarına əsasən 1951-ci ildə Kür çayında 1299 sentener, Xəzər dənizində 233 sentner qızıl balıq tutulduğu halda, 1958-ci ildə bu rəqəmlər müvafiq olaraq 79 və 21 sentnerə enib. Bunun da əsas səbəbini, ilk növbədə, Xəzərin və ora tökülən çayların ciddi zibillənməsində axtarmaq lazımdır. Məhz çirklənmə səbəbindən Azərbaycan sularında balıq ovu 1931-ci ilə nisbətən 4 dəfə, o cümlədən qızılbalıq 20 dəfə, nərə balığı 3 dəfə, şamayı balığı 11 dəfə azalıb.

Tədqiqatlara əsasən, son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti, iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxıb-enməsi çirklənmə və digər antropo­gen, habelə təbii amillərin birgə təsiri nəticəsində xeyli dəyişib. Xəzəryanı ölkələrin mütəxəssislərinin qeyd etdikləri kimi, təkcə nərə balıqlarının deyil, digər qiymətli balıqların da bütün ehtiyatı azalıb.

Azərbaycanda adam başına balıq və balıq məhsullarının istehlakı ildə 7,3 kiloqram təşkil edir və bu, dünya üzrə orta göstəricidən xeyli azdır.

Xatırladım ki, ETSN son iki ildir ki, qiymətli balıq növlərinin populyasi­yalarının və ehtiyatlarının vəziyyətini qiymətləndirmək üçün Xəzər dənizində illik mövsümi kompleks ekolioji tədqiqatları bərpa edib.

Dənizdəki su quşları da təbiətin bizə bəxş etdiyi möcüzədir. Qızılağac qoru­ğunun nadir iqlimi buranı su quşlarının daimi məskəninə çevirib. Onlar Xəzərin balıqları və sahil bitkiləri ilə qidalanırlar. Şəxsən mən bir ekoloq kimi quşların yuvalarında təzə pərvəriş tapan balaları ilə mütəmadi üz-üzə gəlirəm. Təbiətin bu möcüzəsinə sevinirəm.

Son illər Xəzərdə suitilərin öz-özünə qırılması hadisəsi də müşahidə olunur. Suitilər Xəzərin ekoloji barometrləridir. Onlar çirklənmənin qurbanı olurlar.

Xəzərdə müxtəlif su bitkiləri də var. Bu bitkilər dəniz heyvanlarının, su quş­larının inkişafında mühüm rol oynayır.

Xəzər, həm də “Qırmızı kitab”a düşən köçəri quşların məskənidir. Dənizin Azərbaycan sektorunda fəaliyyət göstərən Qızılağac Milli Parkı belə nadir quşların məskənidir. Tanrının bizə bəxş etdiyi bu əvəzolunmaz neməti qoruyub mühafizə etmək hamımızın müqəddəs borcudur. Buna görə də dünyanın əlaqədar təşkilatları hər il bu günü və sentyabr ayının son günlərini Dəniz Günü kimi qeyd etməklə ekoloji durumun saflaşmasına səy göstərirlər.

İnamla qeyd etməliyəm ki, Xəzərin lap ləpədöyənində yerləşən, həm də yamyaşıl örtüyə bürünən bizim ərazilərdə də abadlıq və təmizlik işləri məhz bu günlərdə bütün müəssisə və təşkilatlar tərəfindən həvəslə həyata ke­çirilir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları dənizkənarı ərazilərdə maarifləndirmə işlərini genişləndirirlər. Onlar Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününün mahiyyətindən, onun dünyəvi xarakterindən və başqa ekoloji amillərdən insanlara bir-birindən maraqlı məlumatlar verirlər.

Artıq insanlar başa düşürlər ki, dəniz bizim üçün təbii sərvət və həyati tələbatdır. Bu gün Xəzəri çirkləndiririksə, orada yaşayan bio­resursların inkişafına böyük zərbə endirmiş oluruq. Xəzərin nemətlərindən istifadə ediriksə, onun ətrafına zibil töküb çirkləndirməyə heç kimin mənəvi haqqı yoxdur. Mavi Xəzəri təmiz saxla­maq, onun sərvətlərini göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Gəlin unikal sərvətlərlə zəngin olan, Xəzərə laqeyd münasibət bəsləməyək!

Bəxtiyar HÜSEYNOV,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı Regional ETSİ-nin əməkdaşı

 

12 Avqust 2022 01:23 - EKOLOGİYA
EKOLOGİYA
2 Oktyabr 2022 | 18:11
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 18:56
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 17:59
Oktyabr ayının hava şəraiti
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə