Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhsən, “Qarabağ”, afərin, Qurbanov, təbrik edirik!

Biz bu qələbəni çox gözləyirdik!

Unuda bilməyəcəyimiz idman hadisəsi, olduqca gərgin yarış, hər iki ko­mandanın əzmkarlıqla dolu oyunu, sevindirici nəticə, qürurverici mənzərə idi. Avqustun 9-da bizim üçün dost və tərəfdaş olan Budapeştdə, sözün həqiqi mənasında, Qarabağ küləyi əsirdi. Bu ölkənin rəhbərləri təkcə müşahidəçi qismində iştirak etdikləri Türk Şurasında deyil, bütün beynəlxalq qurumların tədbirlərində dönə-dönə vurğulayıblar ki, Qarabağ Azərbaycanın əzəli, əbədi torpağıdır. Çünki, macarlar haqqı sevir və həqiqəti deyə bilirlər.

Siyasi, diplomatik və iqtisadi sahələrdə səmimi, ədalətli münasibət gördüyümüz Macarıstandan idman yarışından sonra da ali bir ədalət ifadəsini eşitdik. Belə ki, Ağdamın “Qarabağ” futbol komandası UEFA Çempi­onlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubu ilə cavab oyununa çıxmışdı. Budapeştdəki “Gro­upama Arena”da keçirilən oyun Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekun­laşandan sonra rəqib komandanın prezidenti Qabor Qubatov feysbuk hesabında yazmışdır ki, “Bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə daha yaxşı olacağıq”. “Ədalət hissi insanı həmişə ucaldır” – deyənlər nə qədər haqlıdırlar…

“Qarabağ”ın “Ferentsvaroş”la oyununu diqqətlə izlədim və komandamızın istənilən hücumu və qol şansı zamanı Prezident İlham Əliyevin səkkiz il qabaq bu komandanın bütün heyətini qəbul edərkən səsləndirdiyi fikirlər və Qurban Qurbanovun vədi yadıma düşürdü. Belə ki, 2014-cü il dekabrın 17-də “Qarabağ” futbol komandasını qəbul edən dövlət başçımız Qurban Qurbanovun və onun yetirmələrinin üzərinə çox böyük vəzifə düşdüyünü demişdi: “Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağ” klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcəkdir”. Bəli, cənab Prezident, sevindirirlər!

Komandanın baş məşqçisi Qurban Qurba­nov isə həmin görüşdə söz vermişdi ki, xalqı­mızı hələ çox sevindirəcəyik: “Siz qeyd etdiniz ki, futbolda uğurlarımız azdır. Həqiqətən, bu, bizə təsir edir. Bunun üzərində daim çalışırıq və inanıram ki, gələcək oyunlarımızda, gələcək işlərimizdə Sizi və bütün Azərbaycan xalqını, o cümlədən bütün qarabağlıları, köçkünlərimizin hər birini sevindirəcəyik”. Afərin, Qurban müəllim, sən və rəhbərlik etdiyin komanda beş-altı ildir ki, hər birimizi sevindirirsiniz.

Bu məqamda komandamızın iki oyunun nəticələrinə görə 4 – 2 hesablı qələbəsini təmin edən uşaqların – bütün məşqçilər də on­ları belə adlandırırlar, futbolçuların özləri də – adlarını çəkməyi özümə borc bilirəm. Şahrud­din Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Tural Bayramov, Ramil Şeydayev və İbrahima Vadji təkcə yaxşı oynamadılar, həm də qeyri-adi bir əzmkarlıq nümayiş etdirdilər. Əvəzedici kimi meydana buraxılan oyunçula­rımız da əsas heyətin oyununa layiq mübarizə apardılar.

Beləliklə, Azərbaycan futbolu tarixində təmsilçimiz ikinci dəfə Çempionlar Liqasının pley-offunda oynayacaq. Eyni zamanda, bu oyunda “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib. Bildirilir ki, pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə 23-24-də təşkil olunacaq.

Qeyd etdiyimiz kimi, “Qarabağ”a uduzan “Ferentsvaroş”un prezidenti Qabor Qubatov feysbuk hesabında bizim komanda haqqında yüksək fikir səsləndirmişdi. İşğalçı, separatçı, terrorçu, təxribatçı, uşaq qanı içən, Xocalı soy­qırımını törədən, yüzlərlə şəhər və kəndimizi otuz ildə Xirosimaya çevirən Ermənistanın “Punik” komandasının Serbiyanın “Srve­na Zvezda” komandası ilə oyunu isə faşist təfəkkürlülərin təxribatları ilə müşayiət olunub.

İki görüşün nəticələrinə görə 0-7 hesabı ilə məğlub olan ermənilər bu rəzil məğlubiyyətin dərdini çəkmək əvəzinə, stadionda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” kimi səfeh pankartlar, şüarlar asmışdılar. Hələ, bu, az imiş kimi, stadionda “bugünkü qələbəni Buzduxa həsr edirik” şüarları da səsləndirilirdi və … böyük hesabla məğlub oldular. Yeri gəlmişkən, barbar qonşularımız iyulun 20-də – Çempion­lar Liqasının II təsnifat mərhələsində keçirilən “Pünik” –“Düdelanj” matçı zamanı da təxribat törətmiş, İrəvanda keçirilən qarşılaşmada tribu­nada asılan pankartda işğaldan azad etdiyimiz Qarabağ Ermənistan ərazisi kimi göstərilmişdi.

Yəni bu adamlar siyasətdə, diplomatiyada, hərbdə və digər sahələrdə gorbagor olduqları kimi, idmanda da çökmüşlər. Amma erməni xəstəliyi onların normal həyata qayıtmasına əngəl törətməkdə davam edir.

Biz isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Budapeştdəki oyundan sonra keçirilən mətbuat konfransında rəqib koman­danın baş məşqçisi haqqında dedikləri ilə xalqımızın böyüklüyünü bir daha xatırlatmaq istəyrik: “Çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstün­dür. Ona taktiki planda qalib gəldiyimi deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər… Çerçesov çox yaxşı komanda formalaş­dırıb. Heyətdə səviyyəli futbolçular var. İdman­da hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”, Əməkdar jurnalist

12 Avqust 2022 00:35 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə