Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın idman şöhrəti ölkəmizin nüfuzunun artmasında önəmli rol oynayır

Ulu öndər Heydər Əliyevin idman sahəsində uğurla reallaşdırdığı siyasət 1997-ci ildə yeni inkişaf mərhələsinə daxil oldu. Belə ki, həmin il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi beynəlxalq miqyaslı idman tədbirlərinin həyata keçirilməsini şərtləndirdi, eyni zamanda, bu sektorun dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar yaratdı.

Onu da qeyd edim ki, 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsi ilə idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində qətiyyətli addımlar atıldı. İdmançılara dövlət qayğı­sı diqqət mərkəzində saxlanıldı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm layihələrə start verildi.

QHT sədri, internet-media eksperti Səbuhi Abbasov yuxarıdakı fikirlərini davam etdirərək dedi:

- Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı müvafiq fərmanla hər il martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir. Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar. İdmançılara göstərilən dövlət qayğısı ildən-ilə artırılır. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, id­mançılarımız isə Azərbaycanı beynəlxalq id­man yarışlarında layiqli şəkildə təmsil ediblər.

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarlarına verilməsi ölkəmizdə böyük idmançı ordusu­nun formalaşmasını şərtləndirib, idmanın kütləviliyini təmin edib.

Azərbaycan son 18 ildə beynəlxalq idman yarışlarında mükəmməl evsahibliyi nümunəsi nümayiş etdirib və ölkəmizin belə yarışların keçirilməsi üçün bütün imkanlara malik oldu­ğunu dünya miqyasında bildirib.

İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, respublikamız bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çev­rilib. Bütün bunlar ölkəmizdə idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir.

Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oya­dıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaş­dırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün məqsədlərə çatmağa əlverişli şərait yaradıb.

Səbuhi Abbasov söhbətinin sonunda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ko­mandasının aktivinə yazılan ilk uğurların da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verdi­yini dedi. Əminliklə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfəri çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri də idmançıları­mızı daha böyük qələbələrə ruhlandıran ən güclü stimuldur.

Yeri gəlmişkən, hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi, qayğıları ilə maraqlanma­sı artıq bir ənənə halını alıb. Bu ənənə isə dövlətimizin başçısının ölkəmizdə idmanın in­kişafını hər zaman xüsusi diqqət mərkəzində saxlamasının daha bir təsdiqidir. Məhz bu həssas münasibətin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və idmançılarımızın möhtəşəm uğurları beynəlxalq səviyyəli mötəbər yarışlarda artıq adi hala çevrilib.

Söhbəti qələmə aldı: V.BAYRAMOV,

“Xalq qəzeti”

12 Avqust 2022 01:13 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə