Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Türkiyə

Uğurlu sınaq

Türkiyənin ilk silahlı pilotsuz dəniz gəmisi olan ULAQ-ın seri­yalı istehsalına başlanılıb. Bildirilir ki, 2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin 2020-ci ildə dəniz və quru sınaqlarına start verilib və uğurla başa çatıb. Bundan sonra ULAQ 2021-ci ildə ölkədə keçirilən təlimlərdə təqdim edilən texnikaların sırasına əlavə olunub. Qeyd edək ki, ULAQ “Meteksan” və “Ares” Gəmiqayırma Zavodu tərəfindən birgə istehsal edilir.

Xəbəri “Anadolu” verib.

ABŞ

Satış bərpa edilir

“Boeing” şirkəti “787 Dreamliner” seriyalı təyyarələrinin satışını bərpa edib. Bu barədə qərar ABŞ-ın aviasiya tənzimləyiciləri tərəfindən iki il davam etmiş yoxlamalardan sonra qəbul edilib. Bildirilir ki, “Boeing” şirkəti, “787 Dre­amliner” təyyarələrinin sisteminə zəruri dəyişikliklər edib. İndi təyyarələr sertifikatlaşdırma standartlarına müvafiqdir. Artıq “American Airlines” aviaşirkəti 40 ikifüzelyajlı “787 Dreamliner” təyyarəsi alıb.

Xatırladaq ki, bu seriyalı təyyarələrdə bir sıra istehsal qüsurları aşkar edildikdən sonra onların satışı iki il təxirə salınmışdı.

Məlumatı “Bloomberg” yayıb.

Ukrayna

Xarici borc dondurulub

Ukraynanın xarici borcunun, təxminən, 75 faizini təşkil edən ölkənin kreditorları borc üzrə ödənişləri 2024-cü ilə qədər dondurmağa razı­laşıblar. Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkənin xarici borcunun ümumi məbləği 19,6 milyard dollar təşkil edir. Ödənişlərin dondurulması qərarı rəsmi Kiyevə borcların qapadılması üçün 2024-cü ilə qədər ödənilməli olan 5,8 milyard dolları saxlamağa imkan verəcək.

Məlumatı “Bloomberg” yayıb.

Maldiv

Üzən şəhər salınır

Maldiv Respub­likasının paytaxtı Male yaxınlığında yeni üzən şəhər salınacaq. Bildiri­lir ki, şəhərdə 20 minədək insan məskunlaşacaq. Şəhər bir neçə altıbu­caqlı üzən qurğudan ibarət olacaq və dünyanın ada şəklində inşa edilən ilk su şəhəri olacaq. Qeyd edilir ki, üzən şəhər layihəsi “Waters­tudio” memarlıq firması tərəfindən Maldiv adaları hökuməti və Niderlandın “Dutch Docklands” əmlak istehsalçısı ilə tərəfdaşlıq şəraitində hazırlanıb. İlk sakinlərin şəhərə 2024-cü ildə köçməsi gözlənilir.

Məlumatı BBC yayıb.

Meksika

İstehsal azalır

Meksikada quraq­lıq səbəbindən pivə istehsalı azaldılır. Qeyd edək ki, Meksika dünyanın ən böyük pivə istehsalçısı və ixracatçısıdır. Ötən il bu ölkə 5,015 milyard dollarlıq satışla dünya­nın ən böyük pivə ixracatçısı olub. Bu göstərici üzrə ikinci yeri Niderland (2,16 milyard dollar) tutub.

Xəbəri “Reuters” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

11 Avqust 2022 23:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə