Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnformasiya milli strateji resursa çevrilib

Sürətlə qloballaşan dünyada informasiya texnologiyalarının inkişaf dinamikası, bu sistemlərin dövlətlərin və toplumların formalaşma­sındakı rolu getdikcə artmaqdadır. İnformasiya sahəsindəki inki­şaf dövlətlərin başlıca tərəqqi komponentlərindən birinə çevrilib. Əgər əvvəlki dövrlərdə ölkənin inkişafı, gücü və böyüməsi qılıncların kəsərliliyi ilə ölçülürdüsə, indiki mərhələdə informasiya da əhalinin əlində sözün həqiqi mənasında, silaha çevrilib və inkişafın təməl sütunlarından birini təşkil edir. Sevindici haldır ki, Azərbaycanda da informasiya sahəsində əsaslı dövlət islahatları həyata keçirilmiş və bu istiqamətdə köklü infrastruktur yaradılmışdır. Lakin yaradılan infrastruktur qlobal şəbəkələrə, o cümlədən, internet şəbəkəsinə daxil olan kimi kiberhücumların hədəfinə çevrilir. Burada isə ikinci və çox mühüm sahənin – informasiya təhlükəsizliyi yaradılmasına, inkişaf etdirilməsinə və davamlı surətdə nəzarətdə saxlanılmasına ehtiyac yaranır.

Bu sahə həm ümumilikdə dövlətin, həm xalqın, həm də ayrı-ayrılıqda vətəndaşların maraqları və şəxsi təhlükəsizlikləri baxımından olduqca vacib və önəmli məsələdir. Müasir dövrün əsas müharibə platformalarından birinə çevrilən kiber sahə davamlı şəkildə hücumlara hədəf olur. Türkiyənin müdafiə texnologiyaları mühəndislik şirkəti olan STM-nin 2021-ci il üçün hazırladığı hesabata görə, ötən il ərzində dünyada ümumilikdə 62 milyon 508 min 710 kiberhücum həyata keçirilib. “Honeypot” sensorlarından əldə edilən bilgilərə görə, ən çox kiberhücuma məruz qalan ölkə İrlandiyadır, 9 milyon 879 min fakt. Bu siyahıda Rusiya, Hindistan, ABŞ, Türkiyə və Braziliya ön sıralarda yer almaqdadır. Göstəricilərə görə, qardaş ölkəyə 2021-ci il ərzində 1 milyon 757 min kiberhücum edilib. Əlbəttə, bu istiqamətdə ən çox narahatlıq doğuran məsələlərdən biri də dövlətlərarası kiberhücumlardır. Dövlətələrarası kiber müharibələrdən bəhs etdikdə əlbəttə, birinci sırada ABŞ–Çin müharibəsini qeyd etmək lazımdır. Bunun nə dərəcədə önəmli bir məsələ olduğunu keçmiş ABŞ Prezidenti Barak Obamanın bu mövzu ilə bağlı açıqlamalarından başa düşmək olar. Onun sözlərinə görə, ABŞ hazırki dövrdə təmin edilən hüzur və rifahına görə kiber təhlükəsizliyə borcludur. Burada maraqlı və önəmli bir sual ortaya çıxır: Bəs Kiber təhlükəsizlik – İnformasiya təhlükəsizliyi nə deməkdir? Dövlətlərarası kiber hücumların əsas hədəfi hansı platformalardır?

Kiber müharibələrdə əsas hədəf dövlətin gizli bilgilərini ələ keçirmək, təhlükəsizlik sistemindəki boşluqları aşkar etmək, hətta gözdağı vermək, siyasi və iqtisadi, o cümlədən, hərbi casusluqdur. Qəribəsi odur ki, bu müharibələrin bildi­yimiz meydan savaşlarından, partizan hərəkatlarından, kəşfiyyat dəstələrindən yeganə fərqi mübarizənin rəqəmsal sistemlərdə həyata keçirilməsidir. Amma nəticə etibarilə, bu, dövlətlərin ümumi təhlükəsizliyi üçün ən önəmli məsələlərdən biridir. Beləliklə, hazırki dövrdə istər inkişaf etmiş, istər inkişafda olan dövlətlər üçün informasiya təhlükəsizliyi prioritet istiqamətlərdəndir. Azərbaycanda da kiber təhlükəsizlik sahəsini inkişaf etdirmək dövlət siyasətinin başlıca məqsədlərindən biridir.

Qeyd etdiyimiz kimi, hazırki dövrdə informasiya milli strateji resursa çevrilib. Bu baxımdan müasir dünya ilə ayaqlaşa­raq informasiya təhülkəsizliyinin təminatını dövlətin əsas milli dəyərlərindən biri kimi qəbul etmək olar. Ölkəmizdə bu sahənin önəmindən bəhs etdikdə birinci növbədə qeyd etmək lazımdır ki, dövlət hakimiyyət orqanları və təşkilatlar Azərbaycan Res­publikasının qanunvericiliyinə əsasən informasiya sahəsində qeydə alınan han­sısa bir resursun istifadə edilməsinə görə məsuliyyət daşıyırlar. Əlbəttə, bu sahənin qlobal arenada əhəmiyyəti və rolu artdıqca onun təhlükəsizliyinin təmin edilməsi də dövlət siyasətinin prioritetlərindən birinə çevrilir. İnformasiya sistemi və infor­masiya təhlükəsizliyi sahəsi nəzarətsiz qaldıqda böyükmiqyaslı qəzalara, hərbi münaqişələrə səbəb olur, dövlət idarəçiliyi sahəsində fəaliyyətin pozulmasına gətirib çıxarır. Təbii ki, bir ölkədə informasiya təhlükəsizliyi nə qədər təmin edilibsə, orada cəmiyyətin informasiyalaşdırılması prosesi də o qədər sürətli və uğurlu həyata keçirilir. Hazırkı dövrdə dünyanın bir sıra güc mərkəzlərində olduğu kimi, ölkəmizdə də milli təhlükəsizliyin təmin edilməsi kiber müdafiə sisteminin etibarlılığından asılıdır.

Azərbaycanda son illərdə aparılan sosi­al-hüquqi islahatlar vətəndaşların demok­ratik inkişafına, ölkəmizin qlobal arenaya inteqarasiya etməsinə təsir göstərən ən mühüm faktorlardan birinə çevrilmişdir.

Xatırladaq ki, dövlətimizin başçısı 2012-ci il sentyabrın 26-da informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamın əsas hədəfi Azərbaycandakı informasiya təhlükəsizliyi sahəsinin inkişafı, prosesin mühafizəsi, sabitliyi və fasiləsizliyi, o cümlədən dövlət orqanlarının informasiya resurslarının qorunması, bu sahədə həyata keçirilən kiber hücumların qarşısının alınması, təhlili, proqnozlaşdırılması, risklərin və qeyri-dövlət informasiya infrasturkturu subyektlərinin fəaliyyətlərinin əlaqələndirilməsi və ən əsası ümumi hazırlığın, maarifləndirmənin təmin edilməsidir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agent­liyi yaradılmışdır. Bu qurum ölkəmizdə dövlət orqanlarının xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, eləcə də idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət or­qanlarının internet şəbəkəsi ilə əlaqəsinin internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini və istismarını həyata keçirir.

Bundan əlavə, həmin sənədə əsasən, ölkəmizdə kibertəhlükəsizlik sahəsində informasiya fəaliyyətinin koordinasiyası, yarana biləcək rəqəmsal təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, xalqın, özəl və digər qurumların bu istiqamətdə maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb.

Daha sonra – 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Beləliklə, Azərbaycanda kibermüdafiə, informasiya texnologiyalarının inkişafı və davamlılığın təmin edilməsi dövlətin daxili siyasətinin önəmli faktorlarından biridir. Ha­zırda ölkəmizdə informasiya təhlükəsizliyi, onlayn təhlükəsizlik və şəbəkələrin etibarlılığı üçün bir sıra mühüm tədbirlər, ən əsası maarifləndirmə, məlumatlandırma prosesi davam etdirilir. Dövrün tələblərinə uyğun olaraq, Azərbaycanda İnfor­masiya Təhlükəsizliyi Texnologiyaları sahəsində qabiliyyətli kadrlar yetişdirilir. Bu istiqamətdə yüksək inkişaf yolu qət etmiş güclü dövlətlərin təcrübəsindən istifadə edilir. Bu, həm də beynəlxalq əməkdaşlıq məsələlərindəki inkişafa, ölkəmizin etibarlı güclü dövlətlər üçün önəmli tərəfdaşa çevrilməsinə, çoxtərəfli dialoqun təmin edilməsinə və ümumilikdə, Azərbaycanın qlobal arenada nüfuzunun artmasına gətirib çıxarır.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

11 Avqust 2022 00:22 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə