Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK sədri Abşerondakı sanatoriyalara baxış keçirmişdir

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Abşeron yarımadasındakı “Şıx”, “Abşeron”, “Günəşli”, “Bilgəh” sanatoriyalarında, yeni tikilməkdə olan “Şəki” və təmirə dayanmış “Xəzər” sanatori­yalarına baş çəkmiş, bu sağlamlıq-istirahət müəssisələrinin yay mövsümündəki fəaliyyəti və inkişaf perspektivləri ilə ətraflı tanış olmuşdur.

“Şıx” sanatoriyasında AHİK sədrinə bildirilmişdir ki, burada soydaşlarımız üçün dayaq-hərəkət sistemi xəstəlikləri ilə bağlı yüksək səviyyəli xidmət təşkil edilmişdir. Xari­ci ölkələrdən də müalicəyə gələnlərin sayı artmaqdadır. Zəngilandan məcburi köçkünlər rayonda salınmış Ağalı qəsəbəsinə köçürüldükdən son­ra sanatoriyanın boşalmış korpusunda təmir işləri aparılır.

Mərdəkandakı “Abşeron” mədə-bağırsaq sanatoriyasının 188 çar­payılıq 2 korpusunda xidmətlərə yod-brom vannaları, naftalan tera­piyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Burada son illərdə təmir edilmiş “Miras” istirahət mərkəzində dincələnlər istədikləri zaman həkimlərlə məsləhətləşə, müayinədən keçə və müvafiq müalicə ala bilərlər. Qəsəbədəki “Günəşli” nevroloji sanatoriyasında isə sinir sistemi xəstəliklərindən əziyyət çəkənlər 303 çarpayılıq yüksək rahatlıqlı 2 beşmərtəbəli korpusda yod-brom vannaları, naftalan, parafin terapiya­ları, palçıq, dəniz vannaları və açıq səma altında yuxu kimi təbii üsullarla müalicə olunurlar.

“Bilgəh” kardioloji sanatoriyasında funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigen terapiyası, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana, dəniz vannaları, kliniki-diaqnostika və biokimya laboratori­yaları fəaliyyət göstərir. Burada da minlərlə xəstə təbii üsullarla təsirli müalicə alır, sağlamlığını bərpa edir.

Buzovna qəsəbəsində oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün tikilən “Şəki” sanatoriyasına baş çəkən konfederasiya sədri burada görülən işlərlə tanış olmuşdur. Qeyd edilmişdir ki, tikinti-quruculuq işləri sürətlə davam etdirilir və obyekt yaxın gələcəkdə istifadəyə veriləcək. Qəsəbədəki “Xəzər” sanatoriyasında isə məcburi köçkünlər yeni mənzillərə köçürüldükdən sonra əsaslı təmir işlərinə başlanmışdır.

AHİK sədri baxış zamanı Abşe­rondakı sanatoriyalarda müalicə və istirahətin təşkili ilə yaxından tanış olmuş, istirahət edənlərin təkliflərini dinləmiş, xidmət personalına, təmir-tikinti işləri aparan inşaatçılara tövsiyə və tapşırıqlarını vermişdir. Keçirilən görüşlərdə pasiyentlər müalicə və istirahətin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişlər.

Sonda Səttar Möhbalıyev jurnalistlərə bildirmişdir ki, ölkədə qurumun 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının 100 mindən artıq üzvü yollayışlarla təmin edilir. Yay ayları bu şəbəkənin fəaliyyətində ən gur dövr sayıldığından bütün qüvvə və imkanlar lazımi xidmətin təmin edilməsinə səfərbər edilir. Maddi-texniki baza ildən-ilə müasirləşdirilir, təmir-tikinti işləri aparılaraq xidmət şəbəkəsi genişləndirilir.

Tahir AYDINOĞLU,

Xalq qəzeti”

11 Avqust 2022 00:30 -

Köhnə versiyamızdan xəbərləri izlə