Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir

Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Gənclərin innovasiya düşərgəsinə start verilib.

Düşərgənin proq­ramına əsasən, ilk gün rəsmi açılış mərasimi baş tutub. Daha sonra “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlimlər keçi­rilib, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intellektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil olunub.

Növbəti gün isə gənclər üçün “Smart şəhər: Dörd əsas texnologi­ya” və “Mexatronika və maşın öyrənməsi”, “Müxtəlif sahələrdə inno­vativ texnologiyaların tətbiqi” kimi mövzularda təlim, seminar, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədilə elmi-əyləncəli, intellektual oyunlar, idman yarışları keçirilib.

Dünən isə “Smart şəhər: Dörd əsas texnologiya” və “Mexatroni­ka və machine learning” təlimləri davam etdirilmiş, qruplar üzrə bö­lünmüş komandalar tapşırıqları icra etmiş, “Elm və təhsildə innovativ texnologiyalar”, “Simulyasiya proqramları” mövzusunda mühazirə, praktiki məşğələ və elmi debatlar təşkil edilib.

Qeyd edək ki, təlimlər Yüksək Texnologiyalar Parkının, onun rezidenti olan “Troniq” MMC-nin, Gənc Alim və Mütəxəssislər Şura­sının və Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Gənclərin innovasiya düşərgəsi qarşıdakı günlərdə “Robototex­nika”, “Motivasiya və hədəf” və proqramda nəzərdə tutulan digər təlimlərlə davam etdiriləcək.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

11 Avqust 2022 00:21 -
30 Sentyabr 2022 | 00:12
Zəfər tarixinin xronikası

Köhnə versiyamızdan xəbərləri izlə