Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTİ ilə Türkiyənin İzmir Katib Çələbi Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar, xarici ölkələrin analoji qurumları, eləcə də elm müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə "Xalq qəzeti"nə AQTA-nın Mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə İnstitutla Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında balıq xəstəlikləri sahəsində prioritet məsələlərdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq və bu layihələrin nəticələrinin tətbiqi nəzərdə tutulur. Yaradılacaq ortaq işçi qrupu Anlaşma Memorandumu çərçivəsində hazırlanacaq elmi tədqiqat layihələrinin mövzu və məzmununu da müəyyən edəcək.

Bilik və təcrübə mübadiləsi çərçivəsində Azərbaycan Respublikasında balıqçılıq sahəsindəki qanunların təhlil edilməsi, AQTİ ilə təcrübə mübadiləsi və texniki informasiya dəstəyinin verilməsi, AQTİ tərəfindən müəyyən edilmiş iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlər üzrə risk analizlərinin aparılması, eləcə də digər fəaliyyətlər nəzərdə tutulur. Həyata keçiriləcək layihələr çərçivəsində elmi ədəbiyyat, informasiya, texnologiya və metodologiyaların qarşılıqlı şəkildə paylaşılması və mübadiləsi də planlaşdırılır.

10 Avqust 2022 16:44 -

Köhnə versiyamızdan xəbərləri izlə