Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

VIII Uluslararası Konqresdə türk dünyasına çağırış

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetində VIII Uluslararası türkcə təhsil və sosial bilimlər konqresinin açılışında toplantının 8-ci dəfə keçirilməsini bu konqresə təlabatın, təşkilatçılara etimadın ifadəsi olaraq şərh edib. Builki mövzusu “XXI yüzildə köç və təhsil” olan konqresdə məruzə ilə çıxış edən Q.Paşayeva Türk dünyasını daha sıx birliyə çağırıb:

 – Mən öncə Ərzuruma gedib, ən yüksək təpədə Nənəxatun məqbərəsini ziyarət edərkən nə düşündüyümü bölüşmək istərdim. Döyüşə gedən Nənəxatuna övladının kiçik yaşlı olmasını xatırladarkən, “çocuq anasız böyüyər, amma Vətənsiz böyüyə bilməz” – deyib. Bəli, bayrağımızı bayraq, torpağımızı Vətən edən qəhrəmanlarımız olub. Azərbaycan və Türkiyənin azadlığı, ərazi bütövlüyü uğrunda canını qurban etmiş şəhidlərimizin ruhu, sağlamlığını vətən yolunda itirmiş qazilərimizin qarşısında dərin ehtiramla baş əyirəm. Ayrıca, “Hatay mənim şəxsi məsələmdir” – deyən, bu gözəl torpaqları yenidən Türkiyə Cümhuriyyəti sərhədinə alan Qazi Mustafa Kamal Paşa Atatürkü, silah yoldaşlarını buradan rəhmət və minətdarlıqla anmaq istəyirəm. Ruhları şad olsun!

Mən Hataya daha öncəki səfərlərimdə müxtəlif konqreslərdə, simpozium, festival və digər tədbirlərdə çıxış edərkən, sonda həmişə deyirdim: “İnşallah növbəti belə tədbirləri Şuşada, düşmən işğalından azad edəcəyimiz şəhərlərimizdə keçirək. Açığı, məndən soruşardılar ki, “Sayın vəkilim, siz, gerçəkdən buna inanırsızmı”? Mən əlbəttə, inanaraq söyləyirdim o sözləri. Ulu Tanrıya çox şükürlər olsun, o gün gəldi, arzular çin oldu, inamlar doğruldu və 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan böyük hərbi uğura imza atdı, torpaqlarını azad etdi. Bizlər Hataydakı məscidləri, müqəddəs ünvanları ziyarət edərkən həmişə Qarabağ, Şuşa üçün dualar edərdik. Çox şükür, dualarımız müstəcəb oldu. Bu mənim Qarabağ azad olunduqdan sonra Hataya ilk səfərimdir. Bu gün Sizə Şuşadan, Qarabağdan salam gətirmişəm!

Bilirsiniz ki, dövlət başçılarımız ötən il “Şuşa Bəyannaməsi”ni də imzaladılar və bu önəmli sənəd hər birimiz üçün geniş imkanlar və vəzifələr müəyyənləşdirir”.

Komitə sədri daha sonra deyib:

 – Mən burada Axıska kökənli xocalarımızı da görürəm. Onların əzbər bildiyi bir Axıska dördlüyünü sizlərlə bölüşmək istərəm:

Axıska bir gül idi, getdi,

Bir əhli-dil idi, getdi;

Söyləyin Sultan Mahmuda,

İstanbulun kilidi getdi...

Yəni, Axıskanın da, Kırımın da, Qarabağın da, Kərkükün də bir kilid olduğu düşüncəsinə yiyələnməyimiz bizləri daha mütəşəkkil etdi. Gözünüz aydın, artıq o kilidlərdən birini qaytarmış, əbədi azad etmişik.

Konfransın mövzusu üzrə fikirlərini bölüşən Q.Paşayeva Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olduğu illərdə məhz bu mövzu üzrə də çalışdğını xatırladıb. Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı çox ağır illər yaşadığını söyləyən Q.Paşayeva Azərbaycan dövlətinin və xalqının əhalinin hər səkkiz nəfərindən birini təşkil edən – bir milyon qaçqın və məcburi köçkünlərin problemləri ilə uzun illər əsasən təkbaşına məşğul olduğunu bildirib. Son illər Türkiyənin Suriya, İraq, Əfqanıstan, Liviya və başqa ölkələrdən milyonlarla məcburi köçkünə qucaq açdığını deyən komitə sədri Avropada, ümumən dünyada Türkiyə ilə müqayisə ediləcək dövlət olmadığını bildirərək, bu məsələnin ağırlığının Azərbaycana çox yaxşı məlum olduğunu vurğulayıb:

 – Mən Avropalı həmkarlarıma dəfələrlə demişəm, Türkiyə bir örnəkdir, dünyada bu qədər fərqli ölkədən milyonlarla məcburi köçkünə uzun illər boyu qucaq açmış, Türkiyənin yarısı qədər dəstək göstərmiş başqa ölkə göstərə bilərsinizmi?  O zaman, zəhmət çəkib Türkiyəyə dəyər verəcək, Türkiyəni anlayacaqsınız.

Mən Türkiyənin milyonlarla köçkünə evsahibliyi etməsini əcdadımızdan miras qalmış ədalət və xeyirxahlıq hissi ilə əlaqələndirirəm. İnsan bir çox itkisini, ona qarşı edilmiş oğurluqları bağışlaya, unuda bilər ancaq uşaqlıq və gəncliyi oğurlanmış bir insan o oğurluğu edənləri bağışlaya bilməz. Əfqanıstandan, Suriyadan olanlar bu itkiləri yaxşı bilir. Necə ki, biz azərbaycanlılar da belə bir acı itkini öz canımızda hiss edirik.

İnşallah bütün köçkünlər, qaçqınlar zamanla öz yurd-yuvalarına dönər. Ancaq inşallah ki, Türkiyənin uzun illər çəkdiyi zəhmətləri də unutmazlar. O cümlədən 450 min köçkünə isti qucaq açmış Hatayı, hataylıları və ümumiyyətlə Türkiyənin onların həyatını xilas etməsini unutmazlar. Unutmazlar ki, acı günlər bir daha yaşanmasın.

Qeyd edək ki, tədbirdə Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Dos.dr. Lütfü Savaş, Hatay Mustafa Kamal Universitetinin rektoru Prof. Dr. Hasan Kaya, Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof.Dr. Hasan Uslu, Qafqaz Universitetləri Birliyinin başqanı Prof.Dr. Ramazan Korkmaz, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev, eləcə də, konqresin təşkilat komitəsinin üzvləri məruzələrlə çıxış edib.

 Azərbaycan nümayəndə heyətinin üzvü, “UNİTY Company” şirkətinin direktoru Fikrət Əliyev öz çıxışında, “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan –Türkiyə birlik, qardaşlıq, dostluq və qonşuluğunun dünyada analoqu olmadığını vurğulayıb. O, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlığının əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərə aydın yol göstərən yüksək bir örnək təşkil etdiyini vurğulayıb.

Müxtəlif panellərdə də çıxış edən Q.Paşayeva Azərbaycan nümayəndə heyəti adından konqresin təşkilat komitəsinin üzvlərinə, rəsmi şəxslərə, fəal iştirakçılara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Təşkilatçılar tərəfindən də, Q.Paşayevaya və Azərbaycan nümayəndə heyətinin üzvlərinə plaket təqdim edilib. Komitə msədri və Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edən, Türk dünyasının fərqli bölgələrəni təmsil edən ziyalılarla da görüşüb, onlarla qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, və onlara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Hazırladı:

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

10 Avqust 2022 16:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Sentyabr 2022 | 00:30
Zəfərimizin musiqi salnaməsi

Köhnə versiyamızdan xəbərləri izlə