Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diaspor gəncləri ilə gələcək planlar müzakirə olunub

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə gələcək planlar müzakirə olunub.

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşü açıq elan edən Dövlət Komitəsinin sədri Fuad Muradov “Şuşa-270” şüarı altında baş tutan III Yay Düşərgəsinin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib. Eyni zamanda düşərgənin tərəfdaşlarına, müvafiq dövlət qurumlarına, iş adamlarına və incəsənət xadimlərinə, eləcə də tədbiri geniş şəkildə işıqlandıran media nümayəndələrinə təşəkkür edib. O, Azərbaycan diasporunun sıralarında gəncləşmə prosesinin getdiyini, Yay düşərgələrinin və Dövlət Komitəsinin həyata keçirdiyi digər layihələrin bu prosesin keyfiyyətinə müsbət təsir etdiyini söyləyib.

Azərbaycan dövlətinın hər zaman xaricdə yaşayan azərbaycanlıların yanında olduğunu vurğulayan F.Muradov qeyd edib ki, 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Görüşdə gənclərin şəbəkələşməsi baxımından layihənin əhəmiyyəti, düşərgədə keçirilən təlimlər, panel iclasları, görüşlər və digər proqramlar barədə fikir mübadiləsi aparılıb.

Bu möhtəşəm layihənin azad Şuşada keçirilməsinə görə minnətdarlıqlarını bildirən düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüb, onları maraqlandıran sualları və gələcək düşərgələr üçün təkliflərini səsləndiriblər. Eyni zamanda Azərbaycan Evlərinin və “Qarabağ” həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətini yüksək qiymətləndirib, bu layihələrə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

10 Avqust 2022 11:25 - SİYASƏT
SİYASƏT
29 Sentyabr 2022 | 02:05
Qəza, yoxsa təxribat?

Köhnə versiyamızdan xəbərləri izlə