Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu Ermənistanın hər cür təxribatına cavab verməyə hazırdır

Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu gün də qarşıya qoyulan əsas vəzifələrdən biridir. Buna görə hazırda Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gerçəkləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyev müsahibələrinin birində bu barədə da­nışaraq, hərbi quruculuq məsələlərinin onun gündəliyində hər zaman birinci dərəcəli yer tutduğunu deyib: “Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu ətrafında xalqımız birləşib və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olub. Təsadüfi deyil ki, dövlət büdcəsi nəzərdən keçiriləndə və hazırlananda da bu, diqqətdə saxlanılıb…”.

Vətən müharibəsində acı məğlubiyyətlə üzləşən Ermənistan iki ilə yaxın bir müddətdə hələ də özünə gələ, yaşadığı rüsvayçılıqdan nəticə çıxara bil­mir. Ermənistan hakimiyyətinin revanşist qanadı ağır sosial-iqtisadi durumdan xi­las olmaq, əhalinin güzəranını yaxşılaş­dırmaq barədə demək olar ki, düşünmür. Erməni cəmiyyətinin müəyyən hissəsinin işğalçı iddialardan əl çəkməyə, sülhə gəlməyə gücü çatmır. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatandan indiyədək işğalçı tərəf ard-arda aşkar-gizli müxtəlif cinayətlər törədir. Təbii ki, Azərbaycan Ordusu bunu cavabsız qoymur, düşməni yerinə oturdur.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra Ermənistana dəfələrlə xatırladaraq, bu ölkəyə məxsus qanunsuz silahlı dəstənin Azərbaycan ərazisindən çıxarılmasını tələb edib. Dövlətimizin başçısı sonuncu dəfə məlum birgə Bəyanatın tələbinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılma­dığı və təxribatlar törədildiyi təqdirdə, Azərbaycan tərəfinin müvafiq formada öz təhlükəsizliyini gerçəkləşdirmək üçün ciddi addımlar atacağını bildirib. Lakin Ermənistan bu sərt xəbərdarlıqdan nəticə çıxarmayıb, əvvəlki xarakterinə sadiq qalaraq, təcavüzkar, təxribatçı və işğalçılıq mövqeyini nümayiş etdirib.

Xatırladaq ki, Ermənistanın sonuncu təxribatına- avqustun 3-də Laçın rayonu istiqamətində ordumuzun bölmələrinin mövqelərinin separatçılar tərəfindən intensiv atəşə tutulmasına cavab olaraq, Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı çərçivəsində düşmən, sözün əsl mənasında, növbəti ağır zərbə aldı. Bu antiterror əməliyyatı nəticəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəklik (Sarıbaba) Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Bun­dan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqaməti davamında mühüm yüksəklikdə (Qırxqız) də mövqelərimiz gerçəkləşdirildi.

Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə dövlətimizin başçısının sözü ilə əməli arasında vəhdət oldu­ğunu bir daha işğalçı Ermənistanın diqqətinə çatdırdı, düşmənin silahlı dəstələrinin ərazilərimizdən çıxarıl­madığı və təxribatlar törətdiyi halda cəzalandırılacağı fikrinin təsdiqlədiyini sübuta yetirdi.

Burada bir daha qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında erməni silahlılarının Azərbaycan ərazisindən dərhal çıxa­rılması öz ifadəsini tapıb. Amma iki ilə yaxın bir vaxt keçsə də, bu, baş verməyib. Ermənistan Qarabağdan hələ də çəkilməyən separatçı tör-töküntülərin və qanunsuz silahlıların bu torpaq­larda sülhə, əmin-amanlığa yönələn təhlükəsinin qarşısını almaq əvəzinə, onların daha da fəallaşmasına şərait yaradıb. Bununla rəsmi İrəvan işğalçı siyasətindən əl çəkmədiyini açıq-aşkar büruzə verib.

Ermənistanın belə təxribatlarına vaxtında və qətiyyətlə cavab verməsi üçün, eyni zamanda, ərazi bütövlüyü­müzün, təhlükəsizliyimizin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə mühüm tədbirlər həyata keçirilir. Belə ki, bütün sərhəd boyunca yerləşdirilən hərbi hissələrin maddi-tex­niki bazası möhkəmləndirilir, ən müasir hərbi texnika, silah və sursatlar alınır, yeni hərbi şəhərciklər inşa edilir, qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir əməliyyat komando hərbi hissələri fəaliyyətə başlayır, şəxsi heyətin mənəvi-psixoloji təminatının yüksəldilməsinə, Vətən müharibəsinin qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilir.

Müharibədən sonra işğaldan azad edilən bölgələrdə dislokasiya olunan hərbi hissələr düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə ala­raq xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

İşğaldan azad edilən Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni yaradılan əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Azərbaycan Ordusu daha güclüdür: həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq... Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq yerindədir!” Bunu heç kim unut­masın”.

Vətən müharibəsinin başa çat­ması ilə yaranmış şəraitə uyğun ola­raq işğaldan azad edilmiş ərazilərdə müdafiə və mühafizənin təşkilini, Silahlı Qüvvələrimizin qarşısında qoyulan döyüş tapşırıqlarının uğurla yerinə yetirməsini gerçəkləşdirmək məqsədi ilə 2021-ci il iyulun 24-də Ordu birli­yi yaradılıb. Ötən müddət ərzində Ali Baş Komandan və Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunan Ordu birliyində həyata keçirilən məqsədyönlü tədbirlər, zabit və gizirlərin öz xidməti vəzifələrini böyük həvəslə yerinə yetirmələri sözügedən birliyin, şübhəsiz ki, yaxın gələcəkdə Azərbaycan Ordusunun lider hərbi hissələrindən birinə çevriləcəyini deməyə əsas verir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, ordumuz döyüş hazırlığı planına əsasən, NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində də təlimlərin mütəşəkkil şəkildə keçirilməsini diqqətdə saxla­yır. Bu zaman motoatıcı bölmələrin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatına, eləcə də digər zəruri əməliyyat imkanlarının NATO standartla­rı və tələbləri ilə icrasına və döyüş atışlı məşğələlərin yerinə yetirilməsinə mühüm önəm verilir.

Əməliyyat komando hərbi hissələrində aparılan praktiki məşqlərdə komandolar tərəfindən maneələr yüksək peşəkarlıqla dəf olunaraq, kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqları uğurla reallaşdırılır. Komandoların fərdi bacarıqlarının, o cümlədən atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədi ilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə nəticələnir.

Ordu birliyi və tabelikdə olan hərbi hissələrlə ərazidə komanda-qərargah təlimləri, tank, motoatıcı taborları və artilleriya divizionu ilə taktiki təlimlər yüksək səviyyədə təşkil olunur. Əlahiddə rabitə, maddi-texniki təminat taborları ilə taktiki xüsusi təlimlər də öz bəhrəsini verir. Bütün bu təlimlərin keçirilməsi isə bölmələrin döyüş qabiliyyətinin artırıl­ması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə bərabər peşəkar fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.

V.BAYRAMOV,

“Xalq qəzeti”

10 Avqust 2022 07:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə