Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada “2023 – Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII səfirlər konfransında qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq, iki ölkə arasında müttəfiqlik münasibətlərinin və qardaşlıq bağlarının müstəsna önəm daşıdığını bildirib. Mövlud Çavuşoğlu dünyada bu cür yaxınlığın, doğmalığın bənzərinin olmadığını, tarixin çətin, məsuliyyətli sınaqlarının Azərbaycan və Türkiyə xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. O daha sonra deyib: “Bir əsr əvvəl Azərbaycan türkləri milli mübarizəmizə dəstək üçün əlində, ovcunda nə var isə qardaş köməyi deyərək Türkiyəyə göndərdi. Yəni, qardaşlarımız Qurtuluş savaşımızda bizləri tək qoymadılar. Qardaş köməyini 2020-ci ildə də gördük. Can Azərbaycanın Qarabağın işğaldan azad edilməsinə şahid olduq. Amma, eyni zamanda, bu səfər bütün Türkiyə xalqı Can Azərbaycanın yanında oldu”.

Türkiyənin xarici işlər nazi­ri konfransda Azərbaycan və Türkiyə rəhbərləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini də bildirib. O, bu müttəfiqliyi gerçəkləşdirən amillər haqqında danışarkən, Azərbaycanın düşmən tapdağı altındakı torpaqlarının işğaldan azad edilməsinin mühüm önəm daşıdığını diqqətə çatdırıb. Nazir çıxışında, həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində türk dünyasının özünə olan güvəninin daha da gücləndiyini və adıçəkilən Bəyannamədən sonra İstanbul­dakı Zirvə görüşü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildiyini xatırladıb: “Bundan sonra təşkilata rəhbərlik Azərbaycandan Türkiyəyə keçdi. Azərbaycanın da məlum pande­miyanın çətinliklərinə və Vətən müharibəsindən irəli gələn son dərəcə ağır şərtlərə baxmayaraq, təşkilatımıza uğurla sədrlik etdi. İkitərəfli əməkdaşlıqlarımızla yanaşı, bölgənin sülh və sabit­liyi üçün də işləyirik, fikirlər irəli sürürük. Məlum olduğu kimi, üçtərəfli-dördtərəfli formatlar­da mexanizmlərimiz var. Bun­lar Türkiyə ilə Azərbaycanın mərkəzdə olduğu mexanizmlərdir”.

Mövlud Çavuşoğlu İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyəti dəyərləndirərək, Türkiyə və Azərbaycanın Ermənistanla ayrı-ayrılıqda həyata keçirdikləri normallaşma prosesinin paralel aparıldığını və bu barədə qardaş ölkələr tərəfindən bir-birinə hər mərhələdə məlumat verildiyini, fikir mübadiləsi aparıldığını, yeri gəldikcə kritik nöqtələrdə necə addım atılacağı ilə bağlı bərabər qərar qəbul olunduğunu vurğu­layıb. Türkiyənin xarici işlər, eyni zamanda, ölkəsinin Ermənistanı törətdiyi təxribatlardan əl çəkməsi ilə əlaqədar bir daha xəbərdar etdiyini, Türkiyə və Azərbaycanın bölgədə sabitlik və sülhə sadiq qaldıqlarını bildirib.

Qardaş ölkələrlə Ermənistan arasında normallaşma yaradılma­sının işğalçı dövlətin də xeyrinə olduğunu vurğulayan nazir, eyni zamanda, bunun qarşı tərəfin əməlində də özünü göstərməsinin zəruriliyini xatırladıb. Mövlud Çavuşoğlu, həmçinin Türkiyə və Azərbaycanın hər zaman bir-birinin yanında dayandığını bildirərək, qeyd edib: “Azərbaycan xüsusilə Türkiyənin olmadı­ğı platformalarda hər zaman Türkiyənin haqlarını ən az bizim qədər müdafiə edir. Həqiqətən çətin dövrdən keçdik, sözün əsl mənasında, alovdan köynək geyindik. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycan tarix kitablarında yer alacaq çox vacib uğurlara imza atdı”.

İki ölkə arasında müttəfiqlik əlaqələrini yüksək dəyərləndirən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov etnik, mədəni və tarixi tellərlə bağlı qardaş­lıq və dostluq münasibətlərinin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlara xidmət göstərən gerçək addım­larla dəstəkləndiyini diqqətə çatdırıb. O, xarici siyasət və diplomatiya sahəsində əlaqələrin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri - bizim kədərimiz, sevin­ci - bizim sevincimizdir” tarixi kəlamları çərçivəsində inkişaf etdiyini, qardaş ölkələrin diplo­matlarının tərəflərin maraqlarını fərqli beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruma­larını da diqqətə çatdırıb. Ceyhun Bayramov bunun ən parlaq iki nümunəsini xatırladaraq, 2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitdə çıxışı zamanı erməni iftira və hücumlarına münasibətdə Prezident İlham Əliyevin “Türkiyə burada yoxdursa, mən varam, biz varıq!”, Prezident Rəcəb Tayyib Ərdoğanın isə 44 günlük Vətən savaşı zamanı daim “Azərbaycan bizim qırmızı cizgimizdir!” sözlərinin diplomatiya tarixində bənzərsiz əlaqələrin təzahürü olduğunu bildirib.

Beləliklə, Azərbaycanla Türkiyə arasında uzun illərin sınağın­dan çıxmış dostluq və qardaşlıq münasibətlərinin indiki vəziyyəti bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə, heç bir maneə bu dostluğun, qardaşlığın qarşısını ala, sarsıda bilməz.

İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünya­nın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs isə bundan yalnız faydalanır.

Türkiyə-Azərbaycan qar­daşlıq əlaqələri hər zaman həm xalqlarımız, həm də bölgə üçün mühüm önəm daşıyır. Belə bir əməkdaşlıq təkcə ikitərəfli formatla kifayətlənmir. Bu, eyni zamanda, bölgənin təhlükəsizliyini şərtləndirir. Belə ki, Türkiyə və Azərbaycan birgə səylərlə bölgənin gələcək inki­şafını, təhlükəsizliyini təmin edir, qardaş xalqların rahat həyatını gerçəkləşdirir. Ümumiyyətlə, iki dövlət arasında mövcud əməkdaşlığın çoxşaxəliliyi dün­ya miqyasında belə müttəfiqik, qardaşlıq əlaqələrinin bənzəri olmadığını deməyə əsas verir.

Xatırladaq ki, keçən il iyun ayının 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqın­da” imzalanan Şuşa Bəyannaməsi Cənubi Qafqazı sülh regionu­na çevirmək məqsədi daşıyır. Şuşa Bəyannaməsində bir sıra məsələlərlə yanaşı, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunma­sı istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zaman­da, bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.

Ümumiyyətlə, “Azərbaycan Respublikası ilə Türkiyə Res­publikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, hu­manitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biridir.

Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdik. Belə ki, hazırda müstəqil daxili və xarici siyasət kursu yürüdən, uğurlu diplomatiyası ilə düşməni İkinci Qarabağ müharibəsindəki kimi siyasi və diplomatik səhnədə yenidən tək saxlanılması­na məcbur edən dövlətimizin başçısı dünyaya yeni nümunə göstərir. Ölkə rəhbəri ordumu­zun daha da gücləndirilməsini, iqtisadiyyatımızın sürətli inki­şafını diqqət mərkəzində sax­layır, bu istiqamətdə önəmli layihələrin gerçəkləşdirilməsinə xüsusi əhəmiyyət verir. Çünki bu, Ermənistan kimi bir ölkənin gələcək işğalçılıq niyyətlərindən qorunmağın ən başlıca yoludur.

Son 30 ildə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğal­çılıq siyasəti də, 27 il ərzində BMT qətnamələrinin icrasına məhəl qoymaması da qəsbkarın mahiyyətini, yürütdüyü siyasətin nə qədər təhlükəli olduğunu göstərir. Lakin buna baxmayaraq, Azərbaycan bu gün qalib ölkə kimi sülhə və bölgədə kommunikasiya­ların açılmasına hazırdır. Məğlub Ermənistanın- xəstə təxəyyülün və sərsəm xülyaların girovuna çevrilən bu ölkənin də buna məcbur ediləcəyi, yeni geosiyasi reallığın şərtlərini yerinə yetirəcəyi şübhəsizdir.

Türkiyə-Azərbaycan müttəfiqliyindən danışarkən, bir məqamı da qeyd edək. Belə ki, bu iki qardaş ölkənin sıx bağlılığı, doğmalığı Vətən müharibəsində özünü daha qabarıq şəkildə büruzə verdi. İkinci Qarabağ sava­şı başlanan günün ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana birmənalı, dəqiq və açıq siyasi-mənəvi dəstəyini ifadə etdi.

Bu dəstək hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində daha çox diqqət çəkir. Bölgədə tikinti işlərinin aparılma­sına Türkiyə şirkətləri tərəfindən 1800 qardaş ölkə vətəndaşının cəlb olunması, onların Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistra­lın çəkilişində, digər infrastruktur layihələrinin icrasında, habelə tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərmələri bunun bariz ifadəsidir.

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox, enerji-nəqliyyat qov­şaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş oldu­ğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mü­hüm rol oynayır.

Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyi­nin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artı­mında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.

Azərbaycan ilə Türkiyə arasın­dakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı stra­teji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyu­luşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf po­tensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərirlər.

Vaqif BAYRAMOV,

Xalq qəzeti”

10 Avqust 2022 07:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə