Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici iqtisadi əlaqələr genişlənir

Azərbaycanın iqtisadi potensialının güclənməsi, re­allaşdırılan diversifikasiya siyasəti, müasir texno­logiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yeni müəssisələrin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici ticarət əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib.

Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində önəmli rol oynayan məsələlərdən biri də respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlıdır. Elə buna görə də həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.

Son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Həyata keçirilən bütün bu tədbirlər nəticəsində son illərdə Azərbaycanın xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınıb. Belə ki, cari ilin yanvar-may aylarında respublikamızın hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 158 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib, 109 ölkəyə məhsul ixrac olunub, 146 ölkədən idxal edilib.

Cari ilin ilk yarısında Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, altı ayda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 faiz, pambıq iplik ixracı 5,2 faiz, pambıq lifi ixracı isə 12,8 faiz artıb.

Bütün bunlarla yanaşı, bu ilin yanvar-iyun aylarında Azərkosmos tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

Bu dövrdə 1,3 milyard manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1 faiz (543,9 milyon manat) olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Belə yüksək göstəricilərin əldə edilməsi təsadüfi deyil. Bu, yuxarıda vurğulanan amillərlə bərabər, həm də ixracatçıların potensial müştərilərlə, xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin qurulması məqsədi ilə keçən illər ərzində Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiyaya ixrac missiyalarının təşkil olunması ilə bağlıdır. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb. Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilib.

Hazırda ixracın stimullaşdırılması tədbirləri çərçivəsində prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac potensialı yüksək olan ölkələrdə ticarət nümayəndəlikləri açılır, ticarət və şərab evlərinin yaradılması ilə bağlı layihələr gerçəkləşdirilir.

Qeyd edilməlidir ki, ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış imkanlar xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 80 faizdən yüksək artım qeydə alınıb.

İstehsalın təşviqi istiqamətində görülmüş işlər də ixracın artımı ilə nəticələnir. Məsələn, sahibkarlığın güzəştli kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi digər sahələrlə yanaşı, aqrar sahədə də ixrac imkanlarını genişləndirir. Sənaye sahəsinə gəlincə isə polimer, polietilen, metanol və gübrə kimi kimyəvi məhsullar, qablaşdırma məhsulları, konteynerlər, toxuculuq məhsulları, tikinti və quraşdırmada istifadə olunan polad laylar, borular, transformatorlar, elektrik naqilləri və digər elektrik avadanlıqları, mis və alüminium məmulatları ixracı artan əsas məhsullar sırasında yer alır.

Ölkəmizin xarici ticarət əlaqələrinin, idxal və ixrac əməliyyatlarının genişlənməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi də mühüm önəm daşıyır. Xatırladaq ki, bu sistem sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, könüllü riayət mədəniyyətinin formalaşması, şəffaflığın təmin olunması və ölkənin ixrac potensialının artırılması məqsədi daşıyır.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması nəticəsində aparılan xarici iqtisadi fəaliyyət əsasən qeyri-neft sektorunun payına düşüb. İndiyədək 5 mindən çox biznes subyektin nümayəndələri ilə görüşlər keçirilib ki, həmin görüşlərdə səsləndirilən rəy və təkliflər sistemin təkmilləşdirilməsi məqsədilə nəzərə alınıb.

“Xalq qəzeti”

10 Avqust 2022 06:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə