Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyaya qarşı sanksiyalar: iqtisadi və psixoloji təsirlər

Bu il fevralın 24-də Rusiya Qərbin sərt sanksiyalar tətbiq edəcəyi ilə bağlı çox sayda xəbərdarlıqlarına məhəl qoymayaraq, Ukraynaya hü­cum edib. Həmin vaxtdan bu günə qədər ABŞ başda olmaqla dünya­nın onlarla ölkəsi Rusiyaya qarşı hərbi, iqtisadi və maliyyə sanksiyaları tətbiq ediblər. Məqsəd Rusiya iqtisadiyyatını zəiflətmək, mümkün olar­sa, ümumiyyətlə, çökdürməkdir.

Qərb dövlətləri dünyanın ən böyük ərazisinə və sonsuz enerji ehtiyatla­rına malik olan ölkəsinə sanksiyalar tətbiq etməklə, öz niyyətlərinə çata biləcəklərmi? Bu suala birmənalı cavab vermək çətindir. Hər halda sanksiyaların açıq-aşkar təsirləri göz önündədir.

Görünən budur ki, Rusiya iqtisa­diyyatında geriləmə başlayıb. Əhalinin intellektual kəsimi, xüsusilə gənclər arasında mühacirət meyilləri artıb. Rusi­yada işsizlik və inflasiyadan kəskin zərər görən ailələrin sayı artır. Lakin rəsmi dairələr ölkənin üzləşdiyi problemlərə sinə gərəcəyini bildirirlər.

Məlum olduğu kimi, Rusiya 1914-cü ildə Krımın ilhaqı zamanı da iq­tisadi sanksiyalara məruz qalmışdı. Lakin o dönəmdə iqtisadi qadağa və məhdudiyyətlər hazırda olduğu qədər sərt və genişmiqyaslı deyildi. Rusiya özünün zəngin enerji daşıyıcılarının son illər ərzində dünya bazarlarında yüksələn qiymətləri hesabına həmin sanksiyaların öhdəsindən gələ bilmişdi.

Bu dəfə vəziyyət başqa cürdür. Bu gün Rusiya ilə Qərb arasında müharibə təkcə Ukraynada getmir. Bu gün rəqiblər arasında amansız iqtisadi müharibə də gedir. Tərəflərin yaxın gələcəkdə kompromisə gələcəyi isə inandırıcı görünmür. Ukraynada müharibə uzan­dıqca, sanksiyaların da sayı artmaqda davam edir.

Bu məqamda Rusiya iqtisadiyyatının xarici amillərdən nə dərəcədə asılı oldu­ğunu müəyyən etmək lazımdır. Sanksi­yalar bu ölkəyə hansı dərəcədə ağır təsir göstərə bilər? Ekspertlər bu barədə çox baş sındırıblar. Qlobal mediada bu möv­zuda çox sayda şərhlər, rəylər, proqnoz­lar səsləndirilib. Onların arasında səthi, qərəzli yanaşmalar da az deyil.

Hə halda bir çox statistik göstəriciləri və ekspert rəylərini nəzərdən keçirməyə ehtiyac var. Məsələn, Ukrayna mübaribəsindən əvvəl, yəni 2021-ci ildə Rusiyanın ixracında ilk yerləri neft, təbii qaz və onlardan alınan məhsullar tuturdu. Ötən il Rusiyanın 500 milyard dollarlıq ixrac həcminin 59 faizindən çoxunu neft məhsulları təşkil edib. Yeri gəlmişkən. digər əsas kateqoriyalar arasında minerallar və qiymətli metallar da var.

Diqqət yetirin. 2021-ci ildə Rusi­yanın ümumi ixracının 38 faizi Avropa ölkələrinin payına düşüb. Rusiyanın illik həcmi 300 milyard dollar təşkil edən idxalında isə birinci yeri texnologiya məhsulları tutur. Kompüterlər, ofis ava­danlıqları, sənaye istehsalı üçün lazım olan maşınlar, rabitə vasitələri və digər elektron avadanlıqlar Rusiya iqtisadiyya­tının xaricdən təmin edilən əsas ehtiyac­larıdır.

Məlumdur ki, bir çox transmilli şirkətlər bu kateqoriyalar üzrə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başla­yıblar. “Intel”, AMD, “Nvidia” və “Apple” kimi çip və kompüter istehsalçıları Rusi­yaya məhsul göndərməyi dayandırıblar. Bunun bunların Rusiya iqtisadiyyatına uzunmüddətli təsir göstərəcəyi gözlənilir.

Faktiki olaraq bunun real təsirləri hiss olunmaqdadır. Müasir çipləri istehsal edən və ABŞ-ın Asiyadakı ən böyük müttəfiqlərindən olan Tayvan, Cənubi Koreya və Yaponiya bu sahədə Rusiyanı boykot etmək qərarına gəlmiş ölkələr sırasındadırlar.

Bəli, Qərb dövlətləri Rusiya iq­tisadiyyatının strateji sektorlarına lazım olan texnologiyanın idxalını məhdudlaşdırmaqla, bu ölkənin sənaye imkanlarını məhdudlaşdırır. ABŞ Pre­zidenti Cozef Baydenin sözlərinə görə, Rusiyanın hərbi, aerokosmik və avia­siya sektorları da çip çatışmazlığından təsirlənəcək sahələr arasındadır.

Rusiyaya texnologiya idxalının da­yandırılmasının nəticələri haqqında “Fo­reign Policy” jurnalı üçün məqalə yazan Tufts Universitetinin Qlobal İqtisadiyyat fakültəsinin dekanı Bhaskar Chakravorti deyib ki, Rusiya öz iqtisadiyyatını sürətlə rəqəmsallaşdıran ölkələrdən biridir və bu vəziyyət ölkəyə ciddi dərəcədə təsir edəcək. B.Chakravorti onu da əlavə edib ki, Rusiya müasir çiplər istehsal etmək imkanına malik deyil, ona görə də dövlət ölkədəki çipləri istehlakçılara yönləndirmək əvəzinə, hərbi texnologi­yalarda istifadə etməyə çalışa bilər.

Başqa bir böyük problem aviasi­ya sənayesində yaranıb. Rusiyada təyyarələrin icarəsi və ehtiyat hissələri məsələsində qeyri-müəyyənliklər davam edir. Məlumdur ki, avtomobillər, yük maşınları, təyyarələr və onların hissələrindən ibarət nəqliyyat kateqo­riyası Rusiyanın ikinci ən böyük idxal xəttidir.

Dünya aviasiya sənayesinin ən böyük aktorları “Boeing” və “Airbus”, avtomobil sənayesində isə “Volkswagen” qrupunun da daxil olduğu bir çox böyük şirkət Rusiyaya ixracı dayandırıb. “For­tune” jurnalının yazdığına görə, Rusiya aviaşirkətlərindəki təyyarələr arasında Qərb şirkətlərindən icarəyə götürülmüş olanlar da var. Onların başqa ölkələrdə ələ keçirilə biləcəyini əsas gətirən Rusiya Federal Aviasiya Agentliyi belə təyyarələri olan şirkətlərə başqa ölkələrə uçuşları dayandırmağı tövsiyə edib.

Ekspertlər hesab edirlər ki. “Boe­ing” və “Airbus”dan ehtiyat hissələri və xidmətlər ala bilməmək də Rusiya şirkətlərinə təsir edəcək. Rusiya­nın “Aeroflot” şirkətinin donanması, demək olar ki, tamamilə bu iki şirkətin təyyarələrindən ibarətdir. Böyük Britani­yanın populyar “The Guardian” nəşrinin məlumatına görə, 2021-ci ildə qlobal uçuşların 6 faizini Rusiya şirkətləri həyata keçirib. Aviasiya təhlili şirkəti IBA-nın əməkdaşı Peter Walter “Reuters”-ə açıqlamasında bildirib ki, Rusiya icarəyə götürülmüş təyyarələrin hissələrindən digərlərinin ehtiyacları üçün istifadə edə bilər.

“Atmosphere Research Group” şirkətinin “Business Insider” jurnalına danışan rəhbəri Henry Harteveldtin sözlərinə görə, Rusiyanın icarəyə gö­türdüyü təyyarələrin dəyəri 12 milyard dollar civarındadır və bu təyyarələrin sahibləri onları geri ala bilməyəcək. Rusiya Nəqliyyat Nazirliyi də bildirib ki, lazım gələrsə, ölkədəki yüzlərlə “Airbus” və “Boeing” müsadirə oluna bilər.

Avtomobil sektorunda vəziyyət nisbətən fərqlidir. Rusiyanın öz avtomo­bil şirkətləri var. Ancaq çip boykotu bu şirkətlərə də təsir edə bilər. Rusiyaya ən çox Qərb istehsalı olan maşınlar satılsa da, “Autocar” jurnalı iki Çin şirkətinin keçən il birinci dəfə ilk onluğa girə bildiyini və böyük sürətlə böyüyən Çin şirkətlərinin Rusiya bazarında paylarını artıra biləcəyini qeyd edir.

Avtomobil sənayesinə aid xəbərlər dərc edən “CarNewsChina.com” saytı­nın məlumatına görə, Rusiya bankları SWIFT sistemindən kənarda qalsa da, həm Çinin, həm də Rusiyanın öz ödəniş sistemlərini qurması bu iki ölkəyə yerli valyutalarla alver etmək imkanı yara­dır. Bəzi Rusiya banklarının SWIFT sistemindən çıxarılması, o cümlədən, “MasterCard” və “Visa” ödəniş şirkətlərinin Rusiyaya qarşı sanksiya tətbiq etməsi dolayı yolla qida, tibb və turizm sektorlarına da təsir edir.

Rusiya iqtisadiyyatına təsir edən digər mühüm məsələ birbaşa xarici investisiyaların azalmasıdır. Rusiya Mərkəzi Bankının saytındakı məlumata görə, bu ölkə son 15 ildə 554 milyard dollar investisiya cəlb edib. Lakin bu ildən birbaşa sərmayə qoyuluşu kəskin azalmağa başlayıb.

Qərb isə “sanksiyalar yağışı”nı davam etdirməkdə qərarlıdır. Bu günlərdə Avropa İttifaqı Şurası Rusiya­ya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib. Yeni paketə Rusiya qızılının idxalına məhdudiyyətlər, 55 fiziki və hüquqi şəxsin qara siyahıya salınması və ikili təyinatlı məhsulların siyahısının genişləndirilməsi daxildir.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özünün “Twitter” səhifəsində yazıb. Eyni qərarla Rusiya Federasiyasına qarşı bütün möv­cud sanksiyalar 2023-cü il yanvar ayının sonuna qədər uzadılıb. Yeni sanksiyalar paketi Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarına növbəti müraciətində deyib ki, nüvə fəlakəti təhlükəsi yaratdığı üçün Rusiya­ya və onun nüvə sənayesinə qarşı yeni sanksiyalara ehtiyacımız var. O qeyd edib ki, Ukrayna Rusiyanın nüvə şantajı, Zaporojye atom elektrik stansiyasının obyektlərinin atəşə tutulması və mina­lanması barədə dünyanı fəal şəkildə məlumatlandırır. V.Zelenskinin sözlərinə görə, artıq beynəlxalq ictimaiyyətin mü­vafiq reaksiyaları var.

“Ancaq cavab tədbirlərini sürətləndirmək lazımdır. Rusiya söz və narahatlıqla hesablaşmayacaq. Nüvə fəlakəti təhlükəsi yaratdığına görə, terrorçu dövlətə və bütün Rusiya nüvə sənayesinə qarşı yeni sanksiyalara ehti­yac var”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, dünya Çer­nobıl hadisəsini unutmamalı və yadda saxlamalıdır ki, Zaporojye atom elektrik stansiyası Avropada ən böyük AES-dir. “Çernobıl faciəsi bir reaktorda partlayış­dır, Zaporojye AES altı enerji blokudur”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Bir məsələni də yaddan çıxarmaq olmaz. Rusiyaya, hər hansı bir ölkəyə qarşı sanksiyaları mənəvi və psixo­loji təsirləri də olur. Bu zaman ölkə vətəndaşları özlərini sivil dünyadan təcrid olunmuş hesab edirlər. Rusiyada keçirilən rəy sorğuları əhalinin Qərbin sanksiyalarından ehtiyanlamadığını göstərir. Bu, həqiqətənmi belədir? Bunu demək çətindir!

Məsaim ABDULLAYEV,

Xalq qəzeti”

10 Avqust 2022 05:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə