Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naqasakidə atom bombası qurbanlarının xatirəsi anılıb

ABŞ-ın Yaponiyaya ikinci atom bombası hücumunda həyatını itirənlər faciənin 77-ci ildönümündə Naqasakidə təşkil edilən mərasimlə anılıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

ABŞ-ın Yaponiyaya qarşı ikinci atom bombasının hədəfi olan Naqasakidə həyatını itirənlər faciənin 77-ci ildönümündə Naqasaki Sülh Parkında təşkil edilən mərasimlə anılıb. Mərasimə Yaponiyanın Baş naziri Fumio Kişida, Naqasaki bələdiyyə sədri Tomihisa Taue, atom bombası hücumundan sağ çıxan “hibakuşa” kimi tanınan müharibə qurbanları, onların yaxınları və xarici ölkə nümayəndələri iştirak ediblər. COVID-19 pandemiyası səbəbi ilə məhdud iştirakçı­ların qəbul edildiyi tədbirə keçən il olduğu kimi bu il də 1700-ə yaxın adam toplaşa­raq, saat 11.02-də bombanın partladığı anda səssiz qalıb, həyatını itirənlər üçün bir dəqiqəlik sükutla yad edilib. Bundan əlavə, hücum zamanı və hücumdan son­ra həyatını itirən 192 min 310 müharibə qurbanının adlarını ehtiva edən siyahı simvolik məqbərədə saxlanılıb.

Mərasimdə çıxış edən Naqasaki şəhərinin meri Tomihisa Taue son illərdə edilən “nüvə silahı olmayan dünya” ça­ğırışını təkrarlayıb. Rusiyanın Ukraynanı işğalı ilə gündəmə gələn nüvə silahı istifadə təhdidlərini “konkret böhran” olaraq xarakterizə edən Taue qeyd edib ki, nüvə silahları mövcuddur və onlardan hər an istifadə edilə bilər. O bildirib ki, özümüzü nüvə silahlarından qorumaq dünyanı və bəşəriyyətin gələcəyini qo­rumağın yeganə yoludur. Taue Yaponiya hökumətindən Şimal-Şərqi Asiyada nüvə silahının istifadəsini qadağan edən azad zona ilə bağlı müzakirələrə rəhbərlik etməyi xahiş edib.

Yaponiyanın baş naziri Fumio Kişida nüvə silahından azad dünya üçün işləməyə hazır olduğunu bildirib. Baş nazir Kişida qeyd edib ki, çətin təhlükəsizlik mühitinə baxmayaraq, nüvə silahından istifadə etməmək qərarlılığımızı qoruyub saxlamalı və Naqasakini atom bombasının ən son istifadə olunduğu yerə çevirməliyik.

Xatırladaq ki, ABŞ 1945-ci il avqus­tun 6-da Xirosimaya ilk atom bombası hücumunu həyata keçirdi və avqustun 9-da Naqasaki ikinci atom bombası­nın hədəfinə çevrildi. Hücumlar za­manı 74.000-i Naqasakidə olmaqla ümumilikdə 200.000-dən çox insan həlak olub. Sonrakı illərdə minlərlə müharibə qurbanı radiasiya ilə bağlı xəstəliklərə məruz qalıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

10 Avqust 2022 05:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə