Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda sosial ədalət dövlət siyasətinin prioritetidir

Sosial ədalət, bütövlükdə, ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət başçımızın son 19 ildə həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə gücləndirir və ölkəmizi Cənubi Qafqazda lider dövlətə çevirir. Regionda həyata keçirilən layihələr Azərbaycanla razılaşdırılır və qlobal problemlərin həlli dövlət başçısının tövsiyəsi ilə reallaşdırılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı, tarixi ədaləti, milli qürurumuzu bərpa etdi. Ermənistan üzərindəki tarixi qələbədən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı daha da artıb. İstər ərazilərimizin 20 faizinin işğal altında olduğu vaxt və ya müharibə dövründə, istərsə də qələbədən sonra Qarabağda start götürən genişmiqyaslı bərpa-tikinti işləri zamanı əhalinin həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı ailələrin, xüsusilə, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritetini təşkil edir.

 

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından tutmuş indiyə qədər Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı və sosial ədalət prinsipləri dayanır. Beynəlxalq aləmdə baş verən mürəkkəb məsələlər fonunda, xüsusilə, koronavirus kabusunun dünyanın başı üzərini aldığı dövrdə Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlət başçımızın siyasi fəaliyyətinin prio­ritetini təşkil edib. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasi kurs əhali tərəfindən də yüksək dəyərləndirilir. Dövlət başçısı vəzifəyə təyin etdiyi şəxsləri qəbul edərkən qarşıya qoyduğu əsas vəzifələrdən birinin insanlarla təmasda olmaq, əhalinin problemləri ilə maraq­lanmaq, narahatlıq yaradan məsələlərin aradan qaldırılması istiqamətində bütün imkanlardan istifadə etmək, ilk olaraq, şəhid ailələrinə, qazilərə, müharibə ve­teranlarına xüsusi diqqət göstərməkdən ibarət olduğunu bildirir. Dövlət başçımızın bugünlərdə Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinə yeni təyin etdiyi baş­çıları qəbul edərkən verdiyi tövsiyələrdən biri də bu idi: “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısı­nız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqan­ları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qu­rumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.

Prezident şəhid ailələrini, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsini daim diqqətdə saxlayır. Dövlət başçımız şəhid ailələri ilə keçirdiyi görüşlərin birində bunu xüsusi vurğulayaraq demişdir ki, 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində Azərbaycan xalqı bir daha mənə eti­mad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi: “Mənim birinci fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir”.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət problemləri dövlət xətti ilə həll olunur. Bu qəbildən olan insanlara dövlət tərəfindən mənzillər, fərdi evlər və minlərlə minik avtomobilləri verilib. Bu proses indi də davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. O cümlədən, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların məşğulluq probleminin aradan qaldırıl­ması bir an da olsun diqqətdən kənarda qalmır. Onların işlə təminatı üçün çoxsaylı tədbirlər həyata keçirilir. Dövlət başçımızın tapşırığına əsasən, rayon icra orqanlarının nümayəndələri də bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdırlar.

Bu, bir həqiqətdir ki, dövlət bü­tün aztəminatlı ailələrin, o cümlədən çoxuşaqlıların, pensiyaçıların, tənha və ahılların, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin əsas dayağına çevrilib. Prezident İlham Əliyevin qarşıya qoydu­ğu vəzifələrin uğurlu icrası nəticəsində aztəminatlı təbəqəyə dövlət qayğısı ilbəil artır. Bu gün müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasətin priori­tetini vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsi təşkil edir. Son 4 ilin yekunlarına nəzər yetirdikdə bu diqqət və qayğı özünü açıq şəkildə büruzə verir. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artırılıb. Ümumilikdə isə əhalinin sosial rifahının yaxşılaşdırıl­masına xidmət edən 900-dən çox norma­tiv-hüquqi akt qəbul edilib. Sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov şəhid ailələrinə, qazilərə və müharibə vete­ranlarına göstərilən dövlət qayğısından söhbət açaraq dedi:

– Mən inanırdım ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşu­nun müdafiəsi ilə əlaqədar şəhid olmuş və sağlamlığını itirmiş döyüşçülərimiz unudulmayacaq. Çünki bu vaxta qədər Vətən uğrunda canından keçənlərin, əlil olanların heç biri unudulmayıb. 2018-ci ildə keçirilən prezident seçkilərində əhalinin böyük əksəriyyətinin etimadını qazanan cənab İlham Əliyevin Prezident kimi ilk fərmanı da şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı oldu. Dövlət başçımız bu qəbildən olan insanların həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində 23 de­kabr 2021-ci il tarixli daha bir fərman imzaladı. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yara­lanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə on­ların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman bu gün uğurla icra olunur.

Bu fərmandan söhbət açan “Azərbaycan Vətən Müharibəsi Vete­ranları” İctimai Birliyinin rəhbəri Füzuli Rzaquliyev dedi:

– Həmin sənədə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütöv­lüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta­sı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat məbləğlərdə birdəfəlik ödəmə verilir. Bu, bir daha təsdiqlədi ki, dövlətimiz hər bir şəhid ailəsinin, qazinin və müharibə veteranın yanındadır.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İcti­mai Birliyinin sədri Mehdi Mehdiyev dedi ki, Birinci və İkinci Qarabağ döyüşlərində iştirak edən mərd oğul və qızlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ərazilərimizin işğaldan azad olunma­sı zamanı hərbi əməliyyatlarda iştirak edərək. şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş əsgər və zabitlərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla da təltif olunmuşlar. Prezident İlham Əliyevin müharibə əlillərinə xüsu­si qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Bu gün Azərbaycan bayrağı­nın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, şəhidlərimizin və əlillərin, rəşadətli ordumuzun qüdrətinin, xalqımızın monolit birliyinin və həmrəyliyinin parlaq nümunəsidir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

9 Avqust 2022 00:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə