Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nizami Muzeyinin qonağı olub

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Xuşk və urdu dili və ədəbiyyatı üzrə professor Sofiya Xuşk Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Qonaqlara Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı haqqında məlumat verilib, “Dörd fəsil” xalçası, III-VII əsrlərə aid Qrifon, “Kitabi-Dədə Qor­qud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Xaqani Şirvani və Nizami Gəncəvi “Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş mahnıların not vərəqləri, Pənahəli xana məxsus, üzərində Quran ayələri həkk edilmiş “Gülləbatmaz” köynək, XIX-XX əsrlərdə yaşa­yıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və başqa qiymətli eksponatlardan bəhs edilib.

Qonaqları müşayiət edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli də öz təəssüratlarını bölüşərək vurğulayıb ki, muzey – yaddaş, tarix, mənəviyyat deməkdir. Bu muzey Azərbaycan xalqının mədəniyyət və ədəbiyyat yaddaşını yaşatmaqda və təbliğ etməkdədir.

Muzeyin qiymətli eksponatlarını – əlyazmaları, klassik əsərlərin süjetlərini əks etdirən xalçaları, miniatürləri, şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illüstrasiyaları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”na yazıblar.

Axırda muzeyin baş direktoru, akademik Rafael Hüsey­novun müəllifi olduğu “Məhsəti Gəncəvi” oçerkinin urdu dilində nəşr edilmiş nüsxəsi və muzeyin ekspozisiya zalların­dan fotoları və məlumatları özündə əks etdirən “Söz məbədi” kitabçası qonaqlara hədiyyə edilib.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

9 Avqust 2022 00:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə