Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

London, Kembric, Oksford və bir ömürlük xatirə

Məktəblilərimiz Azərbaycan Bayrağını Londonda dalğalandırdılar

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Azərbaycan Bayrağı, gül dəstələri ilə bəzənmişdi. Hamının nəzərləri çıxış qapısına yönəlmişdi. Sübh saat: 5-30. Nigaran baxışlarla “indi çıxacaqlar” – deyə orada toplaşanlar bir-birinə təsəlli verirdi. Bir həftəlik ayrılığın vüsalını gözləməkdən şirin nə ola bilərdi? Budur, çıxış qapısı açıldı... Arxa sıradan zurna – balaban səsi ətrafa yayıldı. Çiyinlərində, əllərində, başları üstündə Azərbaycan Bayrağını dalğalandıraraq gələn məktəblilərin sırası göründü. Toplaşanlardan hər kəs öz övladını bağrına basmağa tələsdi...

Bu izdihamlı mərasim hava limanında Azərbaycanı Böyük Britaniyada keçirilən “Teenegle” Beynəlxalq Olimpiadada ləyaqətlə və uğurla təmsil edib, Vətənə qızıl, gümüş, bürünc medallar, müxtəlif sertifikatlar və mükafatlarla geri qayıdan məktəblilərimizin dönüşündə yaşandı.

Azərbaycan, yaşa, daim var ol, bəxtiyar ol! Qoy müstəqil Azərbaycanımızın ay ulduzlu Bayrağı səmada əbədi dalğalansın. Düşmənin gözünə ox olan Bayrağım, sənin yaşamağın üçün nə qədər qanlar axıdıldı, neçə canlar verildi. Mavi gözlü, yaşıl donlu, al duvaqlı gözəl bayrağımıza əl uzadanın əli, dil uzadanaın dili kəsilməlidir. Bugünlərdə Londondakı səfirliyimizdə xain əllər vasitəsi ilə Bayrağımızın endirilməsi burada qəlbimizi dağlasa da, elə həmin gün Azərbaycan məktəblilərinin Londonun möhtəşəm təhsil mərkəzlərindən birində dövlət atributumuzu başları üstündə dalğalandırmaları, “Azərbaycan, Azərbaycan” – kəlmələrini səsləndirmələri qəlbimizi sevindirdi, bizi qürurlandırdı.

“Zirvə” liseyinin təçkilatçılığı ilə ilin əvvəlində, fevral ayında Bakıda “Teenegle” Beynəlxalq Olimpiadada yüksək nəticə əldə edib müxtəlif medallar qazanan şagirdlərə avqust ayında Londonda keçirilən Beynəlxalq Olimpiadada iştirak etmək üçün şans yaranmışdı.

“Zirvə” liseyinin direktoru Xəzər Babayev:

–Fevralda keçirilən “Teenegle”Beynəlxalq Olimpiadanın qalibləri finalda iştirak etmək hüququ qazandılar. Naxçıvan, Bakı, Ucar, Şəki, Zaqatala, Abşerondan olan 500-dən çox məktəblinin iştirak etdiyi həmin olimpiadada 150 şagird finala vəsiqə aldı. Uğur qazananlar “Zirvə” liseyinin, “XXI Əsr”, “Landau” məktəblərinin, “Qurtuluş” hazırlıq mərkəzinin, 4 və 5 saylı məktəblərin şagirdləri idi.

İyulun 31-dən avqustun 8- dək Azərbaycanı təmsil edən 35 şagird bir həftə ərzində Britaniya tədris mərkəzlərinin təşkil etdikləri təlimlərdə iştirak edərək, öz biliklərini daha da zənginləşdirdilər. Gündəlik keçirilən təlimlərə uyğun verdikləri imtahanlardan müvəffəqiyyətlə keçən məktəblilərimiz sonda uğurlu nəticələr əldə etdilər. Otuza yaxın ölkədən gələn 400 – dən çox şagird arasında öz sözlərini dedilər. Böyük nailiyyət – 7 qızıl, 6 gümüş, 13 bürünc medal qazanaraq, özlərini təsdiq etdilər. Məktəblilər arasında, xüsusilə, Nihad Hüseynlini qeyd etmək yerinə düşər. Nihad müxtəlif kateqoriyalar üzrə dünya ikincisi adına layiq görüldü. Bundan başqa Sahib Nəsrullayev, Əli Şirinov və digərləri həqiqətən alqışa layiqdirlər. Bu kiçik amil deyil. Ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurdur, nailiyyətdir və bu, şagirdlərimizin sayəsində əldə edilib. Qürurverici an odur ki, təqdimetmə mərasimi dünyaca məşhur olan Oksford Universitetində Britaniyada əməkdaşlıq etdiyimiz qurumların dəstəyi ilə təşkil edildi. Şagirdlərimiz səhnəyə gur alqışlar altında Azərbaycan bayrağı ilə qalxdılar və “Can Azərbaycan” mahnısını oxuyaraq, bayrağımızı dalğalandırdılar. Çox qürurverici anlar yaşadıq. Əminliklə söyləyə bilərik ki, “Teenegle” Beynəlxalq Olimpiadasında qazanılan hər uğur Azərbaycan adınadır. Qələbə qazanmaq sevindirici hissdir və biz hər uğurumuzla çox gözəl anlar yaşandı.

Masazır 5 saylı məktəbin ingilis dili müəllimi Ləman Axundova:

–Çox böyük məsuliyyətin altınagirmişdik. Valideynlər övladlarını bizə etibar etmişdilər. “Zirvə” liseyinin direktor müavini Yaşar Zeynalovın tşkilatçılıq bacarığı sayəsində hər işimiz uğurlu alındı, ciddi problemimiz olmadı. Orada bəzən gərgin anlar (kimsə yuxudan ayıla bilmirdi, kimisi arxasına baxmadan irəliləyir, bizi itirirdi) yaşasaq da, ümumilikdə götürəndə, hər birimiz şagirdlərin tərbiyə və davranışlarından çox razı qaldıq. Biz həftə ərzində məktəblilərlə üç şəhərdə – Kembric, Oksford və Londonda olduq. Sağ olsun, təşkilatçıları ki, bizə adını eşidib özünü televiziyadan gördüyümüz muzey və görkəmli yerləri görmək imkanı yaratdılar. Mən orada bir daha əmin oldum ki, Azərbaycanın gələcəyi parlaqdır, kifayət qədər savadlı, bacarıqlı, bilikli uşaqlarımız yetişir.

Olimpiada qalibi Nihad Hüseynli:

–Hər birimizin qazandığı qələbəAzərbaycanındır, təhsilimizindir. Sevinirəm ki, Azərbaycan adına aldığımız 7 qızıl medaldan birini mən qazanmışam. Yaşadığımız möhtəşəm günlər üçün öncə dövlətimizə, sonra təşkilatçılara və müəllimlərimizə təşəkkür edirəm. Bizim əldə etdiyimiz bütün uğurlar, biliklər, inanırıq ki, həmişə həyat yolumuzu işıqlandıracaq.

Olimpiada qalibi İnci Məmmədzadə:

–Müəllimlərimə və olimpiadanıntəşkilatçılarına bu şansı bizə yaratdıqlarına görə minnətdaram. Həftə ərzində həm Azərbaycan adına sözümüzü deyib, biliyimizlə özümüzü təsdiq etdik, həm də yaddaşımızda uzun illər xatirəyə çevriləcək günlər yaşadıq. Mən Azərbaycan Bayrağının Londonda Oksford Universitetində dalğalandıranlardan biri olduğuma görə fəxr edirəm, qürur duyuram.

Olimpiada qaliblərindən Firəngiz Süleymanova və Zəhra Bağırova da Azərbaycanı Böyük Britaniyada ləyaqətlə təmsil etdiklərinə görə qürurlandıqlarını dilə gətirdilər. Bayrağımıza böyük məhəbbətlərindən söz açdılar. Belə Beynəlxalq olimpiadalarda gələcəkdə də iştirak edərək, ölkəmizin adını ucaldacaqlarını vurğuladılar.

Nə deyirik ki... Təki, siz oxuyun, savadlanın, elmin zirvələrinə doğru inamla addımlayın, uşaqlar! Dövlətimiz də, valideynləriniz, müəllimləriniz də həmişə arxanızdadır. Biz sizinlə qürur duyuruq! İnanırıq ki, milli qürurumuz olan, millətimizə əmanət edilən Azərbaycan Bayrağı indi əmin əllərdədir, gələcəkdə də etibarlı əllərə keçəcək. Siz Azərbaycanın gələcəyisiniz. Gələcəyimiz daha parlaq olacaq!

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

10 Avqust 2022 09:19 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə