Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Qan Bankının bütün tibb heyəti qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.

Bu barədə "Xalq qəzeti"nə TƏBİB-in Mətbuat xidmətindən məlumat verilib.

100-dən çox tibb işçisi Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu “Şah Abbas” məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə Pir” məscidində, eyni zamanda Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub.

Qanvermə bu gün saat 08:00-dan başlayıb və 18:00-dək davam edəcəkdir.

Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.

 Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

8 Avqust 2022 17:31 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə