Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək nümayəndə heyəti Türkiyəyə yola düşüb - FOTO

Avqustun 9-dan 18-dək keçiriləcək Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək nümayəndə heyəti Türkiyəyə yola düşüb.

"Xalq qəzeti" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi heyətdə idmançı və məşqçilər heyəti ilə yanaşı, media nümayəndələri də yer alıblar.

Yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi 3 saat davam edəcək.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

8 Avqust 2022 12:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə