Ən son xəbərlər
Yaponiya Meteorologiya İdarəsi fasiləsiz yağan leysan yağışları səbəbindən bir çox bölgə üçün 1-ci dərəcəli daşqın və sürüşmə riski xəbərdarlığı edib. Bu barədə “milliyet.com. tr” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Yaponiyanın müxtəlif bölgələrində təxminən iki həftədir davam edən leysan yağışları bu dəfə ölkənin Fukui, Yamaqata, Niiqata, Fukusima, İşikava və Toyama əyalətlərində fəsadlar törədib. Bildirilir ki, adıçəkilən ərazilərdə mövsüm normalarından artıq yağan yağıntılar çaylarda suyun səviyyəsinin kritik həddə çatmasına səbəb olub.
Güclü yağış bəzi rayonlarda daşqınlara səbəb olub. Su basan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər müşahidə edilib. Bundan başqa, kənd yerlərində baş verən sürüşmə nəqliyyatın iflic olmasına səbəb olub.
Dəmir yolu nəqliyyatına da təsir göstərən güclü yağışlar səbəbindən Yamaqata yüksək sürətli qatar xətti üzərindəki Fukusima stansiyası ilə Şinco stansiyası arasında bütün reyslər müvəqqəti olaraq dayandırılıb. Səlahiyyətli şəxslər riskli ərazilərdə yaşayan sakinləri mümkün daşqınlara qarşı ehtiyatlı olmağa və hər an ola biləcək təxliyə barədə əmrlərə əməl etməyə çağırıblar.
Qeyd edək ki, Yaponiyanın müxtəlif bölgələrində ötən ayın ortalarından etibarən təsiri davam edən mövsüm normasından artıq yağıntılar həyata mənfi təsir göstərib. Bir çox bölgələrdə daşqın və sürüşmə nəticəsində maddi ziyan dəyib, 500 mindən çox insana təxliyə xəbərdarlığı edilib. Ötən gün yağan güclü yağışlar Aomori, İvate və Akita ştatlarında daşqın və torpaq sürüşməsinə səbəb olub.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə